Mübariz Mənsimov da "AST Telman"ın yolu ilə gedir
11:55 14-11-2013
CƏMİYYƏT
Mübariz Mənsimov da "AST Telman"ın yolu ilə gedir
Tanınmış iş adamı fantastik xərcləmələrə meyllənir
Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə dostları üçün dəbdəbəli qonaqlıq verib. Qardaş ölkə mətbuatı xəbər verir ki, qonaqlıq onun özünə məxsus olan “The Edition” otelində baş tutub. Çoxlu sayda məşhur iş adamının iştirak etdiyi qonaqlıq daha sonra “Cipriani” adlı italyan restoranında davam edib.
M.Mənsimov qonaqlarına kilosu 4 min avroya satılan və Azərbaycandan gətirilən kürü təqdim edib. Menyuda kilosu 2-3 min avro olan yerdombalanı göbələyi ilə hazırlanan "rizotto" da olub. Qonaqlar arasında Trabzonspor futbol klubunun keçmiş prezidenti Sədri Şener, Fənərbaxça futbol klubunun prezidenti Əziz İldırım, Türkiyə millisinin baş məşqçisi Fatih Terim və Rıdvan Dilmən olub.
Maraqlıdır ki, azərbaycanlı milyarderlər arasında belə bahalı ziyafətlərdən, fantastik xərcləmələrdən ən çox qaçan biznesmen "Palmali" prezidenti sayılırdı. O, adının belə məsələlərlə bağlı hallanmasını da mümkün qədər önləməyə çalışırdı.
Bir az da dəqiqləşdirsək, məsələn, biz indiyədək "AST Telman" kimi məşhur olan başqa bir iş adamımız Telman İsmayılovun bu cür bahalı ziyafətləri, təmtəraqlı qonaqlıqları barədə oxuyurduq. Məsələn, ötən il məhz Telman İsmayılovun külli miqdarda çəkdiyi xərclə Rusiya estradasının ulduzu Filip Kirkorovun 45 yaşı böyük vüsətlə qeyd edilib.Moskvadakı “Safisa” restoranında böyük ziyafət verilib. Ziyafətdə üzərində tac olan 60 kiloqramlıq tort kəsilib.
Ziyafətin 180 min dollara (adambaşına 300 dollar) başa gəldiyi bildirilir. Lakin müğənni pul xərcləməyib. Ziyafətin bütün xərcini məhz azərbaycanlı iş adamı, restoranın sahibi Telman İsmayılov çəkib.
"AST Telman"ın belə bahalı məclislər təşkil etməsi nə qədər adi hala çevrilsə də, "Palmali" prezidentinin adının da artıq fantastik məbləğlərlə müşahidə olunan qonaqlıq təşkilində keçməsi bir o qədər qeyri-adidir. Hər halda görünür, bu, Mübariz Mənsimovun adının indiyədək belə xəbərlərdə keçməməsi ilə bağlıdır. Üstəlik, Mənsimovun qonaqlığında Türkiyə futbolunun bəzi önəmli isimlərinin iştirakı maraq doğuran bir başqa məqamdır.
Adətən Türkiyədə belə ziyafətlər hansısa bir planla izah edilir. Doğrudur, Mənsimovun təşkil etdiyi qonaqlıq haqqında oxşar iddia gündəmə gətirilməyib, amma bəzi detallar müəyyən ehtimallar səsləndirməyə əsas verir.
Əvvəla, "Palmali" prezidenti Türkiyənin "Beşiktaş" klubunun qatı tərəfdarı kimi bilinir. Qonaqlıqda isə bu klubun rəhbərlərindən heç kim iştirak etməyib. Əvəzində "Beşiktaş"ın əzəli rəqibi olan və Türkiyə futbolunda həlledici rollara malik klubların indiki və keçmiş rəhbərlərinin iştirakı ilginc detaldır.
Mümkündür ki, bu, bir müddət əvvəl Mənsimovun "Beşiktaş" prezidenti ola biləcəyinə dair Türkiyə mətbuatında ortaya atılan iddiaların fonunda dəyərləndirilməlidir. Məsələ burasındadır ki, həm qonaqlıqda "Beşiktaş" rəhbərliyindən kimsənin iştirak etməməsi, həm də rəqib komanda təmsilçilərinin qatılmaması Mənsimovun qonaqlığının məhz adıçəkilən türk klubunun rəhbərliyinə doğru addımlarının bir həlqəsi təsiri bağışlayır.
Digər ehtimallar da mümkündür; amma onların hansının doğru olub-olmadığını demək çətindir. Ümumiyyətlə isə o da ola bilər ki, bu sıradan bir ziyafətdir və arxasında hansısa səbəblər aramaq mənasızdır.
Ancaq Türkiyə reallığında belə parlaq ziyafətlərin, dəbdəbəli məclislərin əksər hallarda məqsədsiz təşkil edilmədiyini nəzərə alsaq, indiyədək adı bahalı qonaqlıqlar, fantastik xərcləmələrlə gündəmə gəlməyən "Palmali" Şirkətlər qrupunun prezidenti olan məşhur həmyerlimizin qardaş ölkə futbolunun bir çox aparıcı simalarına göstərdiyi səxavətin pərdəarxası məqamlarının ola biləcəyini ehtimal etmək heç də təəccüblü görünməməlidir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10