İctimai Palata buraxılacaqmı?
14:08 15-11-2013
CƏMİYYƏT
İctimai Palata buraxılacaqmı?
Gələn məlumatlara görə, hazırda Milli Şurada müzakirə edilən mövzulardan biri də İctimai Palatanın gələcək aqibəti barədədir. Müsavat məclisinin sədri Arzu Səmədbəyli deyib ki, "Uzun müddətdir ki, Milli Şura yaranandan indiyə qədər İctimai Palatanın sessiyasını keçirmək mümkün olmayıb.
Daha doğrusu, keçirilməyib. Çünki Milli Şura var. İctimai Palata seçkilərdə iştirakla bağlı qərar almayıb. Milli Şura belə bir qərar almışdı və iştirak elədi. İctimai Palatanın koordinasiya şurasında bu istiqamətdə müzakirələr gedir. Müxtəlif yanaşmalar var. Buraxılsın və yaxud saxlanılsın. Yəqin ki, koordinasiya şurası məsələləri müzakirə edər və öz fikirlərini sessiyaya təkliflərlə təqdim edər".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Unikal"a söylədiyinə görə, "İctimai Palatanın saxlanıb-saxlanmaması barədə Milli Şurada müzakirələrin aparılması bir qədər təəccüblü təsir bağışlayır. Çünki prezident seçkiləri başa çatandan sonra Milli Şuranın daxilində gedən proseslər və bu qurumdan istefalar, tərketmələr bunu deməyə əsas verir ki, Milli Şura elə İctimai Palatanın başqa variantına çevrilib. Məlum olduğu kimi, İctimai Palatanı təşkil edən iki əsas siyasi qüvvə var idi: Müsavat Partiyası və AXCP. Bu iki qurum öz aralarında vahid namizəd problemini səmimi şəkildə həll edə bilmədikləri üçün İctimai Palata böhran mərhələsinə daxil oldu və mətbuatda, sosial şəbəkələrdə müsavatçılarla cəbhəçilər arasında qarşılıqlı ittihamlar baş alıb getməyə başladı. Rüstəm İbrahimbəyovun Milli Şura formatını ortalığa atması həm Müsavatı, həm də AXCP-ni bir çox problemlərdən xilas etdi".
Partiya sədrinin sözlərinə görə, "Məlum olduğu kimi, Rəsul Quliyev, Asəf Quliyev, son zamanlarda isə Azərbaycan Liberal Partiyası Milli Şuranı tərk ediblər. Onlar bu qurumdan getməklərinin əsas səbəbi kimi qurumun effektsiz siyasi sistemə çevrilməsini önə çəkiblər. Fikrimcə, Milli Şuradan qopmalar gələcəkdə də davam edəcək və orada qalanlar İctimai palatanın üzvləri olacaqlar. Buna görə də İctimai Palatanın saxlanması və ya buraxılmasını gündəmə gətirmək mövzu qıtlığından xəbər verir".
Böyük Qurluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın "Unikal"a dediyinə görə, "Radikal müxalifət deyilən düşərgənin Milli Şuraya cəmlənmiş hissəsi, əvvələr də qeyd etdiyim kimi, ölkədə və həmçinin Güney Qafqaz və Yaxın Şərq bölgəsində, eləcə də ümumən dünyada gedən siyasi-iqtisadi prosesləri düzgün dərk etmirlər. Bunun da nəticəsi olur ki, siyasətlə məşğul ola bilməyənlər bir-birləri ilə məşğul olmağa başlayıblar. Buna görə müxalifətin həmin qanadının hansı ad altında fəaliyyət göstərməsinin heç bir əhəmiyyəti yoxdur, onlar bu tip təfəkkürlə hərəkət etdikcə həmişə eyni nəticə ilə, yəni məğlubiyyətlə üzləşəcəklər".
Millət vəkili hesab edir ki, "Azərbaycanın hazırda yaşamaqda olduğu siyasi-coğrafi reallıqlar, o cümlədən müasir dünya düzəni beş, on il əvvəlkindən xeyli dərəcədə fərqlənir. Bu fərqi görməyənlər öz siyasi fəaliyyətlərində də ciddi dəyişiklik edə bilmirlər. Məhz bu səbəbdəndir ki, radikal müxalifətin iş metodu, şüarları, sosial bazası, hətta funksionerləri də elə on il əvvəl necə idisə, bu gün də elədir. Yəni zaman və gerçəklik sürətlə dəyişilir, onlar isə hələ də 90-cı illərdə qalıblar".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10