Hökümət üzvləri sərt ittiham edildi
14:09 15-11-2013
CƏMİYYƏT
Hökümət üzvləri sərt ittiham edildi
"Bizdə bazar iqtisadiyyatı yox, "bazarkom iqtisadiyyatı" var"
Milli Məclis 3-cü gündür ki, büdcə müzakirələrini davam etdirir. Hökumət nümayəndələrinin iştirak etdiyi bugünkü iclasda Oqtay Əsədov bildirib ki, 2 gün ərzində 43 deputat və 4 hökumət nümayəndəsi çıxış edib.
Müzakirələrə qatılan deputat Sabir Rüstəmxanlı bildirib ki, kənd təsərrüfatı Azərbaycanın əbədi və əzəli gəlir qaynağıdır. "Bizdə sahibkarlar əvəzinə sahiblənmək var. Kimlərsə hansı sahəyə sahiblənibsə, ora başqasının yol tapması mümkün deyil. Bizdə rəqabət yoxdur, rəqiblərin yolu bazara gəlməmiş bağlanır. Bazar iqtisadiyyatı yox, "bazarkom iqtisadiyyatı" var. Ona görə də Azərbaycanda siyasi dözümsüzlük yox, iqtisadi dözümlülük var. Azərbaycanda gedənlər iş yerləri tapa bilmir. Hər sahənin öz inhisarı, öz ağası var və ora girmək mümkün deyil. İqtisadiyyat meyvə ağacıdır, o hər zaman bar verir və buna imkan yaradılmalıdır".
Spiker Oqtay Əsədov deputatın çıxışına etiraz edib: "Sabir sən əvvəl tərif deyirsən, sonra tənqidi fikirlər yürüdürsən. Mən bilirəm sən niyə belə edirsən".
S. Rüstəmxanlı isə parlament sədrinə cavab verməkdə yubanmayıb: "Çox gözəl bilirsiniz ki, mən nədən danışıram. Hər hansı adam kiçik müəssisəni qeydiyyata almaq üçün özü boyda kağız təqdim etməlidir. Onlar vergidən kənarda işlər görə bilmirlər. Bu sahədə normal şərait yaradılmalıdır. Xarici tələbələrin Azərbaycanda oxunması üçün fond yaradılmalıdır. 1 milyon manat lazımdır ki, 500 tələbə burada oxusun. Buna maliyyə nazirliyi nəzərə alsa, yaxşı olar".
Azərbaycanda uşaq
bağçalarının çatışmazlığı problemi ilə əlaqədar xüsusi dövlət
proqramının qəbul
edilməsi təklif olunur
Azərbaycanın müxtəlif bölgələrində, həmçinin Bakı şəhərində uçaq bağçalarının sayında çatışmazlıq müşahidə olunur.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Gələn ilin büdcə zərfinin müzakirə olunduğu toplantıda millət vəkili təklif edib ki, Təhsil Nazirliyi bununla bağlı ayrıca dövlət proqramı hazırlasın və ölkədə mövcud olan bağça çatışmazlığı problemi aradan qaldırılsın: "Bu gün bölgələrdə və paytaxta uşaq bağçalarının çatışmazlığı yaşanır. Mən yerlərdən çoxlu sayda müraciətlər alıram. Ona görə yaxşı olardı ki, bununla bağlı müəyyən dövlət proqramı hazırlansın və qəbul edilsin. Eyni zamanda, mənzil-kommunal təsərrüfatlarının problemlərinin həlli ilə bağlı addımların atılmasına böyük ehtiyac var".
Bununla yanaşı A.Mirzəzadə qeyd edib ki, ölkədə sahibkarlığın inkişafına ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il sahibkarlara 150 mln. manat vəsait verilib: "Bu çox gözəl addımdır. Amma çox təəssüf ki, bu vəsaitlərdən bütün sahibkarlar istifadə edə bilmir. Çünki bu vəsait çox azdır. Xahiş edərdim ki, bu vəsait artırılsın və digər sahibkarlar da bu vəsaitdən istifadə edə bilsinlər".
Zaqatalalı deputat Əbülfəs Qarayevə
ismarış yolladı
"Bu gün mənzil-istismar sahələrinin (MİS) arayış verməkdən başqa işi yoxdur. Halbuki büdcədən bu sahəyə 28 milyon manat pul ayrılır. Fikrimcə, mənzil istismar idarələri bələdiyyələrə verilməli və o, pul bələdiyyələrə ayrılmalıdır".B unu Milli məclisin bu gün keçirilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı deputat Kamilə Əliyeva deyib.
O, seçildiyi rayondakı problemlərdən də danışıb. "Zaqatala insanların istirahəti üçün önəmli turizm rayonudur. Amma bu rayonda turizmin inkişafı üçün heç bir iş görülmür. Üzümü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə tutub xahiş edirəm ki, rayona diqqəti artırsın. Büdcədən bu rayonda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə pul ayrılmasını təklif edirəm".
Eldar Quliyev bir
naziri təriflədi, digərinə irad tutdu
"Mənim seçildiyim rayonu əhatə edən Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrində son illər böyük sosial obyektlərin tikilməsi, təmir, asfalt yolların çəkilməsi üçün böyük işlər görülüb, yeni qəsəbələr salınıb". Bunu Milli məclisin bu gün keçirilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı çıxış edəm millət vəkili Eldar Quliyev deyib.
"Mən bu köməyə görə maliyyə, mədəniyyət və turizm, səhiyyə, nəqliyyat və təhsil nazirliklərinə öz təşəkkürümü bildirirəm. Bu qəsəbələrdə tarixi abidələr mövcuddur. Amma bunlarda təmir və bərpa işləri aparılmadığı üçün onlar yaxın vaxtlarda məhv olacaq. Qəsəbələrdə mədəniyyət evləri uzun müddətdir ki, bağlıdır, istifadəsi mümkünsüzdür. Bunların bir çoxu üçün maliyyə ayrılsa da, hələ də təmir olunmayıb. Ona görə də Mədəniyyət və Turizm Nazirliyindən xahiş edirəm ki, bu mədəniyyət evlərinin təmiri məsələsini də gündəliyə salsınlar". Deputat tənqidi qeydləri ilə bərabər, işindən razı qaldığı məmurları da tərifləyib: "Dünən səhiyyə naziri Oqtay Şirəliyevlə söhbət zamanı 7 nömrəli xəstəxananın təmiri xəbərini aldım. Bu bizi çox sevindirdi. Mən nazirə təşəkkürümü bildirəm. Başqa bir məsələ isə odur ki, soyuqların düşməsi ilə qəsəbələrdə təbii qazın təzyiqi aşağı düşüb. Xahiş edirəm ki, hökumət nümayəndələri müvafiq qurumlara qazın təzyiqini artırılması ilə bağlı müəyyən göstərişlər versin".
Fuad Muradov Xocalıda hər iki valideynini
itirənlərin
problemini qaldırıb
Milli Məclisin deputatı Fuad Muradov parlamentin bu günkü iclasında Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların məsələsiin qaldırıb.
Deputat bildirib ki, ötən il bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırıb. "Keçən il biz müraciət etmişdik ki, Xocalı faciəsində hər iki valideyinlərini itirən 25 nəfərin məsələsinə baxılsın. Düşünürəm ki, onların məsələsinə bir də qayıtmaq olar. Bu çox böyük məsələ deyil. Azərbaycan dövləti tərəfindən qaçqın və məcburi köçkünlər üçün cənab prezidentin sərəncamı ilə yeni binalar, məktəblər tikilir. Bu 25 nəfərə xüsusi yanaşma olsa, həm də bu bir az fərqlənər"-deyə deputat vurğulayıb.
Hadı Rəcəbli Milli
Məclisdə əlillərin
məsələsindən danışdı
"1 milyon 300 min insanın vəziyyətinin yaxşılaşmasına xidmət edən və həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb". Bunu Milli Məclisin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.
"Bu artım iqtisadiyyatda çalışan işçilərin əmək müqaviləsinin bağlanması hesabına baş verib".
Azərbaycanda əlilliyin artması məsələsinə toxunan komitə sədri deyib ki, dünya praktikasında ölkə əhalisinin 10 %-nin əlil statusu alması normal hesab olunur. 2008-ci ildə 286 min insan əlilliyə görə təqaüd alırdısa, gələn ilə proqnozlaşdırılan rəqəm 346 min nəfər təşkil edəcək. 6 ilə bu rəqəm təxminən 61 min nəfər artıb.
Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev bildirib ki, 2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 mlrd. 928 mln. manat proqnozlaşdırılır ki, bu göstərici 2013-cü il proqnozuna nisbətən 11,2 faiz və ya 295,8 mln. manat çoxdur.
"Gəlirlərin 60,8 faizini və ya 1 mlrd. 784 mln. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2013-cü il proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 mln. manat olacaq".
Onun sözlərinə görə, Fondun xərcləri gələn il üçün 2 mlrd. 928,5 mln. manat proqnozlaşdırılır. "Bu isə 2013-cü ilin proqnozuna nisbətən 295,8 mln. manat və ya 11,2 faiz çoxdur. Bu vəsaitdən əhaliyə ödənişlər 2 mlrd. 861,8 mln. manat təşkil edəcək. Əmək pensiyalarının ödəniş xərcləri əhaliyə ödənişlərin 97,4 faizi qədər olacaq. Pensiya ödənişlərinə 2 mlrd. 788,6 mln. manat yönəldiləcək. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288,3 mln. manat artım deməkdir" - deyə Elman Mehdiyev bildirib.
"Hökumətdəki bəzi
məmurlar gizli
iqtisadiyyatı
himayə edirlər"
"Azərbaycanda qeyri-neft sektoru, lokomotiv tikinti, yerli vergilər xətti ilə topalanacağı nəzərdə tutulan 2 milyard 139 milyon manat vəsaitin 70%-i dövlət büdcəsinin əsaslı vəsait qoyuluşuna yatırılan puldan götürülür". Bunu büdcə müzakirələri zamanı deputat İlyas İsmayılov bildirib.
"Belə çıxır ki, dövlət pulu bir cibindən digər bir cibinə qoyur. Bu heç bir halda iqtisadi proses sayıla bilməz. Eyni ilə büdcə təşkilatlarının kommunal xərcləri üçün ayrılan vəsaitin layihədə birdən-birə 85% artması da əslində elə dövlətin pulunun bir cibdən digərinə qoyulması deməkdir".
Modern.az-ın məlumatına görə, deputat əlavə edib ki, ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla dövlət obyekti tikilib istifadəyə verilir: "Araşdırmalar göstərir ki, təkcə özəl şirkətlər hesabına Azərbaycanda ildə orta hesabla 1,8 milyon kvadrat metr yaşayış sahəsi istifadəyə verilir. Bəs reallıqda bu rəqəm necə olmalıdır? Azərbaycan kimi neft ölkəsi sayılan Rusiya və Qazaxıstanda il ərzində adambaşına 4,9 və 1,3 kvadrat metr yaşayış sahəsi istifadəyə verilir. Ölkəmizdə isə heç 0,2 kvadrat metr yaşayış sahəsi istifadəyə verilmir. Deməli, ən azı göstərilən rəqəmlə bu qədər mənzil sahəsinin tikintisi vergi və statistikadan gizlədilir".
Deputatın fikrincə, Azərbaycanda tikinti sektoru əmək və vergi qanunvericiliyinin ən çox pozulduğu sahələrdən biridir. "Belə ki, inşaat şirkətləri və sosial ayırmalardan qaçmaq məqsədi ilə işçilərinin real sayını və əmək haqqını gizlədir. Bu həm işçilərin hüquqlarının pozulması, həm də vergi baxımdan böyük itkidir".
İ. İsmayılovun sözlərinə görə, Azərbaycanda əksər tikinti şirkətlərinin güclü himayədarları var və bu himayədarlıq tək qanunçuluq baxımından deyil, həm də dövlətin vergi siyasətinə ziddir.
"Bəs niyə görə dövlət bu sahədə, yəni "kölgə iqtisadiyyatı"nda qayda-qanun yaratmır. Onlardan yığa bilmədiyi vergi yükünü isə gəlir şəklində əhalinin çiyninə yükləyir. Hesab edirəm ki, "kölgə iqtisadiyyatı"nın üzə çıxarılması yolu ilə vergi yığımını xeyli artırmaq olar".
Dövlət strukturlarında ciddi islahatların aparılmasının vacibliyini qeyd edən İ.İsmayılov bildirib ki, dövlət idarəetmə strukturlarına yenidən nəzərdən keçirərək, bir çox respublika və rayon səviyyəli qurumları ləğv etməli və yaxud birləşdirməlidir.
İ.İsmayılov eyni zamanda bildirib ki, ayrılan vəsaitin ünvanlılığı təmin edilmədiyindən azərbaycanlı ailə gəlirinin 40-60%-ni ərzağa, 20-30%-ni kommunal xərclərə yönəldir. "Yerdə qalan 10% ilə nə etmək olar?! Azərbaycanın dövlət idarəçilik sisteminin yuxarı və orta pillələrində elə məmur təbəqəsi formalaşıb ki, onların heç də hamısı real iqtisadiyyatın irəliyə aparılmasında, "kölgə iqtisadiyyatı" ilə ciddi mübarizə aparılmasında maraqlı deyil və onlar ümumiyyətlə islahatın nə olduğunu bilmirlər. Elə bu səbəbdən də ölkəmiz, xalqımız bu böyük potensialdan tam istifadə edə bilmir".
İki deputat Milli Məclisdə məmur maaşlarının
artırılmasını təklif etdi
Millət vəkili Fazil Mustafa Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsinin müzakirəsi zamanı ölkədə maaş sisteminə toxunub.
"Prezidentin maaşı 15 min manatdır, ondan sonra gələn ali dövlət qurumlarının rəhbərləri heç olmasa bu məbləğin 3-də 2-sini alsınlar. Hakimiyyət bölgüsündən söhbət gedirsə, əməkhaqlarında bu qədər fərq qoyulmamalıdır".
Deputatın iradlarına parlament sədrinin birinci müavini Ziyafət Əsgərov etiraz edib. "Fazil müəllim, siz dediniz prezidentin maaşı 15 min manatdır, amma deyim ki, prezidentin maaşı sizin dediyinizdən iki dəfə azdır".
Qüdrət Həsənquliyev də prezidentin maaşı ilə bağlı deyilənlərə toxunub. "Prezident 15 min manat alır, 7 min manatı eks-prezidentlər alır".
Üstəlik, Qüdrət Həsənquliyev təklif edib ki, Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilsin. "Yaxşı olardı ki, ali qanunverici orqanın rəhbəri prezidentin əmək haqqısının 60 faizi qədər maaş alsın".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10