Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi və Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə 6–11 iyul 2026-cı il tarixlərində Mingəçevir şəhərində V “Cyber Summer School 2026” kiber yay düşərgəsi keçirilib.

"Unikal" xəbər verir ki, düşərgə çərçivəsində iştirakçılar üçün kibertəhlükəsizliyin müxtəlif istiqamətlərini əhatə edən intensiv təlim proqramı təşkil edilib. Proqrama praktiki laboratoriya məşğələləri, komanda fəaliyyətləri, SCADA sistemləri üzrə təlimlər, idman və intellektual yarışlar, eləcə də “Capture The Flag” (CTF) kibertəhlükəsizlik yarışları daxil edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin birinci kurs tələbəsi Murad Əhmədov düşərgə çərçivəsində keçirilən CTF yarışında uğurla çıxış edərək 1-ci yerə layiq görülüb.

Qalibə "CrowdStrike" və "Techpro" şirkətləri tərəfindən hədiyyələr təqdim olunub.