DÇ-2026-nın yarımfinal mərhələsində keçiriləcək Fransa - İspaniya oyunundan əvvəl Nitsa terror aktı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında paylaşım edib.

“Fransa - İspaniya matçından əvvəl 2016-cı il iyulun 14-də Nitsada törədilən terror aktının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. FİFA prezidenti Canni İnfantinoya Fransa və bütün fransızların müraciətinə cavab verdiyinə görə təşəkkür edirəm. Biz heç vaxt unutmayacağıq”, – deyə Makron yazıb.

Xatırladaq ki, 2016-cı il iyulun 14-də Nitsada Bastiliyanın alınması gününün qeyd edildiyi vaxt yük maşını İngilislər sahilində toplaşan insanların üzərinə sürülmüşdü. Terror aktı nəticəsində 86 nəfər həlak olmuşdu.

Qeyd edək ki, Fransa - İspaniya matçı iyulun 14-də Arlinqtonda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.