Azərbaycanda benzinin bahalaşması üçün səbəblər varmı?
11:20 26-11-2013
CƏMİYYƏT
Azərbaycanda benzinin
bahalaşması üçün səbəblər varmı?
Hazırki qiymətlərin bazarın tələblərinə cavab verdiyini düşünmək absurd olardı
Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı yanvarın 1-dən Avro-3-ə keçidlə əlaqədar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun açıqlamasından sonra benzinin qiyməti məsələsi yenə gündəmə gəlib. Üstəlik, gələn il Rusiyada benzinin qiymətinin yüksələcəyi bizdə bunu daha real edir.
Düzdür, bu sahədə Rusiya ilə heç bir əlaqəmiz yoxdur. Sadəcə olaraq, neft məhsullarının qiymətləri kənar təsirlərə çox həssasdır ki, qonşu ölkələrdə və dünya bazarlarında hansı dəyər təklif olunursa, bundan fərqli siyasət yürütmək mümkün deyil.
Rusiyada benzin az da olsa (cəmi 6%) bu il də bahalaşıb. Növbəti ildə isə neftə tətbiq edilən əlavə dəyər vergisinin artırılması və yüngül neft məhsullarına tətbiq ediləcək ixrac rüsumlarınn azaldılması ölkədə onu azı 10% bahalaşdıracaq.
Rusiyada 2014-cü ilin yanvarın 1-dən yanacağa tətbiq edilən aksiz vergisi də artırılacaq. V. Putinin imzaladığı müvafiq qanuna əsasən benzin də daxil olmaqla, bəzi növ məhsullara tədbiq olunan dərəcələr indeksləşdiriləcək ki, bu da 4-cü və 5-ci sinif benzinin bahalaşmasıyla nəticələnəcək.
Bəs, bizdə
vəziyyət necədir?
Azərbaycanda sözügedən məhsulun topdansatış və pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir: bu məsələyə Tarif (qiymət) Şurası baxır. Ölkəmizdə yanacağın qiyməti sonuncu dəfə 6 il öncə - 2007-ci ilin yanvar ayında artırılıb ki, Tarif Şurasının həmin tarixdəki qərarına əsasən, dizel yanacağının 1 litrinin pərakəndə satış qiyməti o vaxtdan 45, Aİ-92 markalı benzinin 55, Aİ-95-in isə 60 qəpik müəyyən edilib.
Qeyd olunan rəqəmlərin bu gün də bazarın tələblərinə cavab verdiyini düşünmək absurd olardı. Rusiyada 2009-2013-cü illərdə təkcə aksiz dərəcələrinin artırılmasına görə, qiymətlər xeyli dəyişib. Təbii ki, bu zaman istər Rusiyada olsun, istərsə də Azərbaycanda bazarda tələb ilə təklifin nisbəti sabit qalmayıb.
Azərbaycanda sözügedən məhsulun qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin böyük əhəmiyyəti vardır. Əks təqdirdə, benzin də daxil olmaqla, bütün neft məhsulları indiyədək bir neçə dəfə bahalaşmışdı.
Çünki bazarda tələb fasiləsiz olaraq artır. Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) emala 6,7 milyon ton həcmində neft göndərəcək ki, ötənil bu rəqəm 6,2 milyon tona bərabər idi. Bu il isə 6,4 milyon ton olacaq.
Bu da onu göstərir ki, ölkədə neft məhsullarına, xüsusən də dizel yanacağı ilə benzinə tələbat artmaqdadır. SOCAR-dan da bildiriblər ki, ölkədə il ərzində benzin istehlakının həcmi 10 % artıbsa, dizel yanacağı üzrə bu rəqəm 13 % təşkil edib. Ona görə də keçənil 1,3 milyon ton benzin istehsal edildiyi halda, bu il 1,4 milyon ton olacaq.
Ölkədə benzinə olan tələbatın bu cür artması 10 ilə yaxındır ki, müşahidə edilir. Üstəlik, Avro-3 standartının tətbiqi də nəzərə alınmalıdır. Avro standartının birindən digərinə keçid 1 milyard ABŞ dollarına başa gəlir ki, sonrakı illərdə Avro-4, Avro-5 standartları tətbiq ediləcək.
Odur ki, sual yaranır: ölkədə avtomobil yanacağına tələbat getdikcə artdığı və daha keyfiyyətli məhsul istehsal etmək - Avropa standartlarına çatmaq istənildiyi halda, 2007-ci ilin yanvarından qüvvədə olan qiymətlər məqbul sayılırmı?
Təbii ki, yox... Ona görə də, benzinin qiyməti bizdə də artmalıdır.
İstənilən yanacaq
məhsulunun bahalaşması ciddi fəsadlar törədir
Ümumiyyətlə məlumdur ki, qiymətlər iqtisadi qanunlara əsasən bazarda tələb təklifi üstələdikdə, məhsulun maya dəyəri topdansatış qiymətindən kənarlaşdıqda, kənar ölkələrdə və dünya bazarlarında vəziyyət daxili bazarla uzlaşmadıqda yüksəlir ki, bu isə həm tənzimlənən, həm də tənzimlənməyən qiymətlərə aiddir.
Rusiyada yuxarıda qeyd etdiyimiz gözləntini lap kənara qoysaq belə, benzinin qiyməti dünya bazarlarında və Avropa ölkələrində bahadır. Keyfiyyəti də bizdəkindən yaxşıdır. Ona görə də, tələbatın getdikcə artması fonunda həm daxili bazarı təmin etmək, həm də keyfiyyətli məhsul istehsal etmək üçün yeni texnologiyaların tədbiqi maya dəyəri topdansatış qiymətlərindən kənarlaşdıracaq ki, bu da benzinin qiymətinin yüksəlməsi üçün zərurət yaradır.
Ancaq məsələ bundadır ki, istənilən yanacaq məhsulunun bahalaşması ciddi fəsadlar törədir. Odur ki, ölkədə hökumətin əhalinin sosial müdafiəsinin təşkili və ümumi istehlak bazarında qiymətlərə nəzarət edilməsi, makroiqtisadi sabitliyi qorumaq, həmçinin inflyasiyanı idarə etmək baxımından həyata keçirdiyi siyasətə əsasən Rusiyada benzinin qiyməti lap 20% yüksəlsə də bizdə ola bilsin ki, buna gedilməyəcək.
Amma yanacaq məhsullarının, xüsusən də benzinin qiymətlərinin cüzi də olsa artırılması istiqamətində güman ki, bizdə də addım atılacaq.
Pərviz Heydərov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49