Azərbaycanda bankların girovuna çevrilən talelər
11:21 26-11-2013
CƏMİYYƏT
Azərbaycanda bankların girovuna çevrilən talelər
Kreit bataqlığına düşən vətəndaş: "Hər şey uşaqlar böyüyəndə başladı"
"Bilmirəm dərdimə nə çarə qılım, başımı itirmişəm. Altı banka borcum var..."- bədəncə cılız olan və gizlin-gizlin göz yaşlarını silən Təranə Məmmədova dərdini anlatmağa çalışır.
Bankların faiz məngənəsinə düşən Gəncə sakini Təranə xanım çıxılmaz vəziyyətinin tarixcəsini belə danışdı: "Əvvəllər biz heç bilmirdik bank nədir. Borcumuz olmazdı, öz tükümüz üstə dolanardıq. Hər şey uşaqlar böyüyəndə başladı. Oğlumu evləndirmək istədik. Qiymətlərlə maraqlandıqda dəhşətə gəldik. Üstəlik də ev də təmirsiz idi. Aldığım 150-200 manatla bunlara əncam çəkmək mümkün olmazdı. Məsləhət gördülər bankdan kredit götürüm. Çıxış yolu tapmadığımızdan, kredit götürəsi olduq. Kredit iki mindən artıq verilmədiyindən, üç bankdan 34 faizli kredit alası olduq. Toy xərcləri, qızıl əşyaları və gəlinə pal-paltarın alınması nəticə etibarı ilə bizim növbəti banklara müraciətimizlə nəticələndi. İndi biz 6 banka kredit ödəyirik. Çatdıra bilmirəm, belə getsə, evimizi satası olacağıq".
Dövlətdə bankların mövcudluğu normal bir haldır. Dünyada milyonlarla insanlar banklara müraciət edərək kreditlərdən istifadə edir və bu bank əməliyyatlarından faydalanır. Lakin hər bir məsələdə olduğu kimi, burada da bir əmma var. Bu da ki, faiz məsələsidir. Bankda çalışan və adının çəkilməsini istəməyən bir tanışımla söhbətimizdə bu məsələləri bir qədər aydınlaşdırmaq istədim. "Azərbaycanda kredit sistemi çox geniş yayılıb. Bankların kredit siyasəti onlara çoxsaylı dividentlər gətirir. Adi kreditlər 32-36% civarında olan halda, müəllim və həkimlər üçün 24% təşkil edir. İpoteka ilə verilən vəsaitə isə 8% tutulur"-deyə o, məlumat verir.
Maraqlanıram, bəs digər dövlətlərdə kredit faizləri hansı səviyyədədir? "Rusiyanı götürsək, burada da faizlər yüksəkdir. Hardasa 14-22% faiz təşkil edir. Avropa ölkələrində bu rəqəm 2-8% civarındadır"-deyə, dostum əlavə edir.
Bizdə faizlərinin niyə yüksək olması və banklarda kreditə istifadə olunan pulların mənbəyi haqda sualıma isə tanışım "Çox xahiş edirəm məni belə məsələlərə qatmayın. Mən kiçik adamam və bu haqda heçnə deyə bilmərəm" cavabı verdi.
Məsələ ilə bağlı üz tutduğumuz müstəqil iqtisadçı ekspert Azər Mehdiyev bizimlə söhbətində kifayət qədər dolğun məlumat verdi: "Təbii ki, banklarda kredit faizləri yüksək olanda bu əhalinin narahatlığına səbəb olur. Mərkəzi Bankın elan etdiyi kredit faizləri 12-14% olan bir halda, əhaliyə əsasən 25-34%-lə kreditlər verilir. Bu mənzərəni yaradan əsas üç faktordan danışmaq istərdim:
Azərbaycan bank sektorunda insarçılığın mövcudluğu və rəqabətin tamamilə olmaması bankların istədiyi kimi hərəkət etməsinə, öz adamlarına az faizlə, vətəndaşlara isə yüksək faizlə kreditlərin verilməsinə gətirib çıxarır.
Əhali tərəfindən yerli banklara vəsaitlərin qoyulmaması, özlüyündə kredit faizlərin yüksəlməsinə təsir edir.
Verilən əksər kreditlərin həcminin az olması da kredit faizlərinə təsirsiz ötüşmür".
Bax belə! Sonda isə yekun bir fikir ifadə etmək istəyirsən: Azərbaycan dövlətinin əsas daxili strategiyası vətəndaşların rifahının yüksəldilməsinə yönəlib. Amma təəssüf ki, bankların əhali ilə münasibəti məsələsində bu prinsipə riayət olunduğunu söyləmək çətindir.
İsmayıl Abbas
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00