Bakıda "Badımcan taksilər" xəstəlik mənbəyinə çevrilib
Bakıda "Badımcan taksilər" xəstəlik mənbəyinə çevrilib

Maşınların aylarla təmizlənməməsi sərnişinləri iyrəndirir

Bir neçə il əvvəl Azərbaycana taksi xidməti üçün gətirilən "Badımcan taksiləri" adı ilə tanınan London istehsalı olan avtomobillər tam sıradan çıxır. "Olaylar"ın araşdırmalarına görə, artıq şəhərdə müştərilər bu avtomobillərdən istifadədən imtina edir.
Hazırda paytaxt sakinləri şəxsi avtomobillərdən olan taksilərdən istifadə edir. Səbəb isə şəxsi avtomobillərin müştərilərə daha normal qiymətə xidmət göstərməsidir. "Badımcan taksilər" isə baxımsızlıqdan bərbad vəziyyətdədir. Bu taksilərdə aylıq cüzi miqdarda maaşa işləyən sürücülərə avtomobilin təmizlik və komfortuna diqqət yetirmək sərf etmir. Ona görə də həmin taksilər həddindən artıq bərbad vəziyyətdədir.
"Badımcan taksilər"in salonu həddindən artıq çirkli, oturacaqlar bulanmış vəziyyətdədir. Ayılarla salonları təmizlənməyən bu avtomobillərə artıq minmək mümkün deyil. Taksilərin salonundan gələn üfunət iyi müştəridə ürəkbulanması, iyrənmə kimi hallara gətirib çıxarır.
Sürücülərin verdiyi məlumata görə, avtomobillər sahibi olduğu şirkət tərəfindən təmizlənməli olduğu halda, şirkət rəhbərliyi bu işi öz üzərindən atır. Şirkət rəhbəri bildirib ki, avtomobillər sürücülərin vəsaitləri hesabına təmizlənməlidir. Ona görə də heç bir sürücü avtomobili təmizləmir: "Avtomobilin salonu 80-100 manata təmizlənir. Hər ay ən azından iki dəfə avtomobil təmizlənməlidir. Çünki, taksiyə bir gündə 100-ə yaxın müştəri müraciət edir. Ayda iki dəfə avtomobil təmizlətmək bizə 200 manata başa gəlir. Ayda 250-300 manat maaş alırıq. Belə çıxır ki, biz elə qazancımızı maşının təmizlənməsinə verməliyik, ailəmiz ac qalmalıdır. Ona görə də təmizləmirik. Şirkət istəsə təmizləsin, istəmir təmizləməsin".
Sürücülər də artıq buna görə "Badımcan taksilər"dən imtina olunduğunu deyir.
Aliyə