Rəqibləri Ziya Məmmədovun planının qarşısını aldı
11:06 27-11-2013
CƏMİYYƏT
Hesablama Palatasının səlahiyyətləri artırılası olmadı
Hesablama Palatasının səlahiyyətləri artırılmayacaq. Bu barədə qəzetimizə adının çəkilməsini istəməyən etibarlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, bununla bağlı təklif hökumət daxilində dəstək qazanmayıb və ona görə də Milli Məclisdə məsələ ilə bağlı müzakirə açılaraq müsbət qərar verilməsi məqsədəuyğun sayılmayıb. Xatırladaq ki, Hesablama Palatasının yeni təyin olunmuş sədri Vüqar Gülməmmədov Palatasının səlahiyyətlərinin artırılmasını təklif edib: "Əsas problemlərdən biri qanunvericilikdə olan boşluqlardır. Qanunvericiliyə dəyişiklik edilməli, Hesablama Palatasının səlahiyyətləri artırılmalı və mandatı dəqiqləşdirilməlidir".
Amma Palata sədrinin təklifi elə ilk gündəncə geri çevrilib və qurumun hazırki səlahiyyətlər çərçivəsində fəaliyyətini davam etdirilməsi qərarlaşdırılıb.
Qeyd edək ki, Vüqar Gülməmmədovun dediklərinə münasibət bildirən əksər iqtidaryönümlü deputat və ekspertlər onunla razılaşmayıblar. Məsələn, iqtisadçı, millət vəkili Vahid Əhmədov buna ehtiyac olmadığını açıq şəkildə dilə gətirib. "Hesablama Palatasının kifayət qədər səlahiyyətləri var ki, istənilən yoxlamanı yüksək səviyyədə aparsın, Azərbaycanın dövlət büdcəsinin səmərəli, şəffaf vəziyyətinə nəzarət etmək imkanına malik ola bilsin" - deyən deputat daha sonra bildirib ki, "Hesablama Palatası qanuna bundan əvvəl dəyişikliklər edilib, onun səlahiyyətləri müəyyən qədər artırılıb. Məncə, hazırda Palatanın səlahiyyətləri kifayət qədərdir. Amma əlavə təkliflər olarsa, bu da Milli Məclisdə baxıla bilər".
Ancaq indi məlum olur ki, belə təkliflərin rəsmiləşdirilərək Milli Məclisdə baxılması məqsədəuyğun hesab edilməyib. Yəni yaxın dövrdə Hesablama Palatasının səlahiyyətlərinin artırılması ilə bağlı hər hansı yenilik gözlənilmir.
Bəzi müşahidəçilər bunu, nəqliyyat naziri Ziya Məmmədovun rəqiblərinin uğuru adlandırırlar. Məsələ burasındadır ki, son prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tərkibində yalnız öz postunu qoruyub-saxlamaqla kifayətlənməyən nəqliyyat naziri qudası Heydər Əsədovu kənd təsərrüfatı naziri təyin etdirməyi bacarmışdı. İndi isə o, Heydər Əsədovun boş qalan yerinə öz yaxın adamı Vüqar Gülməmmədovun təyin edilməsinə nail olmaqla Hesablama Palatasını yenidən nəzarətində saxlamağı bacarıb.
Bu səbəbdən də ehtimal edilirdi ki, Hesablama Palatasının səlahiyyətlərini daha da artırmaq planı, əslində, dolayısı ilə elə Ziya Məmmədova məxsusdur. Açıq görünür ki, nəqliyyat naziri hakimiyyət daxilində sürətlə güclənməyə, mövqelərini möhkəmləndirməyə və genişləndirməyə doğru gedir. Bunun isə onun rəqiblərində ciddi narahatlıqlara yol açacağı mübahisəsizdir. Xüsusilə Hesablama Palatasını əlində saxlamaqla nəqliyyat naziri iri məmurlara qarşı ciddi təsir rıçaqlarından birinə malik olaraq qalır. Bu qurumun aparacağı auditlər, yoxlamalar yenə də Ziya Məmmədova özünə rəqib kimi gördüyü yüksək çinli məmurları davamlı təzyiq altında saxlamaq, onların zəiflədilməsi üçün imkanlar əldə etmək fürsəti verəcək. Əlavə səlahiyyətlər isə Ziya Məmmədov üçün rəqibləri üzərində təsir imkanlarının bir az da artması anlamına gələcəkdi.
Görünür, nəqliyyat nazirinin iqtidar içi rəqibləri bu təhlükəni hiss edərək Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təşəbbüsü elə "beşikdəcə boğmaq" üçün hərəkətə keçiblər. Nəticədə isə bu istəklərinə çatmağı bacarıblar. Palatanın Ziya Məmmədovun nəzarətində qalması ilə uğursuzluğa düçar olan həmin rəqiblər heç olmasa bu qurumun səlahiyyətlərinin daha da artmasını önləməklə nəqliyyat nazirinin hakimiyyət daxilindəki güc mərkəzlərindən biri olaraq daha da qüvvətlənməsinin, möhkəmlənməsinin qarşısını alıblar.
Hələ ötən saylarımızdan birində yazmışdıq ki, "nəqliyyat nazirinin iqtidar daxilində güc və təsir imkanlarını artırması, nüfuz dairəsini genişləndirməsi və möhkəmləndirməsi qarşıdakı mərhələdə anti-Ziya Məmmədovçu dairələri hərəkətə gətirsin. Onlar adıçəkilən nazirin bu şəkildə güc mərkəzinə çevrilməsini qəbul etməyərək əks-həmlələrə başlaya bilərlər. Belə bir ehtimalın reallaşıb-reallaşmayacağını, həmin əks-həmlələrin nədən ibarət olacağını isə bizə heç şübhəsiz ki, qarşıdakı zaman kəsimi göstərəcək".
Son baş verənlər göstərir ki, proqnozlarımız əbəs deyilmiş. Rəqibləri Ziya Məmmədovun güclənmə prosesini dayandırmaq üçün tədricən hərəkətə gəlirlər və Hesablama Palatasına əlavə səlahiyyətlər verilməsi məsələsinin gündəmdən çıxarılması onların bu istiqamətdə ilk uğuru kimi dəyərləndirilə bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41