Qarabağ problemi həll ediləcək?
11:10 27-11-2013
CƏMİYYƏT
Qarabağ problemi həll ediləcək?
Yerli analitiklər amerikalı diplomatın nikbinliyini bölüşmür
ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin bildirib ki, “ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusilə də təhdid və gücdən istifadə etməmə, dövlətlərin ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında sülh və danışıqlar yolu ilə həllinə sadiq qalır.
Həmsədr Ceyms Uorliklə təmsil olunan ABŞ hesab edir ki, sülh üçün real perspektiv var”.
Onun sözlərinə görə, “Hər hansı davamlı həll bütün tərəflərdən kompromis tələb edir. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə çətin qərarlar qəbul etmək üçün həm Azərbaycanın, həm də Ermənistanın siyasi iradəsi lazımdır”.
Demokratik İslahatlar partiyasının sədri, millət vəkili Asim Mollazadənin “Unikal”a söylədiyinə görə, “Dağlıq Qarabağ probleminin əsas və birnömrəli müəllifi Rusiyadır və Rusiya həm də faktiki olaraq Ermənistanın siyasətini müəyyən edən başlıca simadır. Mən Rusiyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müsbət meyl nümayiş etdirməsinin şahidi olmamışam. Hətta analitiklər də hazırda bu fikirdədirlər ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini deyil, konservləşdirilməsini istəyir. Bu səbəbdən də amerikalı diplomatın problemin həlli ilə bağlı əlverişli şəraitin yaranması barədə nikbinliyini bölüşə bilmirəm”.
Mollazadə hesab edir ki, “Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq edir. Bu, Azərbaycan siyasətinin mahiyyətidir. Biz hər zaman qonşuluq siyasətinin əhəmiyyətini anlayaraq, bu istiqamətdə tərəfdaşlıq, qarşılıqlı maraqlar əsasında siyasəti həyata keçirməyə çalışırıq. Lakin təəssüflə qeyd etməliyəm ki,
son vaxtlar Rusiyanın Azərbaycana qarşı siyasətində dəyişikliklər müşahidə olunur. Bu, ilk növbədə Rusiya tərəfindən Avrasiya Birliyinin yaradılması təklif edildikdən sonra baş verib. Rusiyanın Azərbaycana qarşı təkidi ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində həyata keçirdiyi genişmiqyaslı layihələr də ola bilər. Vaxtilə "Əsrin Müqaviləsi" imzalananda, Bakı-Tiblisi-Ceyhan neft kəməri inşa olunanda da Rusiyanın Azərbaycana münasibəti elə indiki kimi idi. Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyində digər ölkələrə rəqib kimi görünür. TANAP layihəsi işə düşənə qədər Azərbaycana qarşı bu təzyiqlər davam edəcək. Bu, özlüyündə bəzi ölkələrdə qısqanclıqla qarşılanır. Buna baxmayaraq, Azərbaycan Rusiya ilə gerçək münasibətlərin müsbət inkişafının tərəfdarıdır. Biz çox istərdik ki, Rusiya da Azərbaycana tərəfdaş ölkə kimi baxsın və o zaman qarşılıqlı münasibətlərdə heç bir problem olmayacaq."
Millət vəkilinin sözlərinə görə, “Dağlıq Qarabağ probleminin mövcud olduğu iyirmiillik bir müddət ərzində Birləşmiş Ştatlar həmişə bəyanat verib ki, problem həll ediləcək, amma ortalıqda real heç nə görmürük”.
Politoloq Ərəstun Oruclunun “Unikal”a verdiyi açıqlamaya görə, “Dağlıq Qarabağ probleminə dəxli olan subyektlərin heç biri – nə qarşıduran tərəflər, nə bu ölkələrin cəmiyyətləri, nə də regionda marağı olan beynəlxalq oyunçular bu münaqişənin həll edilməsinə hazır deyillər. Ona görə də sözügedən fikrə ciddi şəkildə yanaşa bilmirəm”.
Politoloq deyir ki, “Mən hər zaman demişəm, Dağlıq Qarabağ probleminin həlli üçün cəmi iki amil lazımdır. Bunlardan biri, Rusiyanın bölgədə mövqeyinin zəifləməsi və ikincisi, hər iki münaqişə ölkəsində siyasi iradənin ortalıqda olması. Yalnız bu halda münaqişənin həlli mümkündür. O ki, qaldı bu günkü durumda həllinə - bu gün görsənir ki, tərəflər münaqişənin həllində maraqlı deyil. Niyə maraqları yoxdur? Bunu həqiqətən də demək çətindir. Ehtimallar var, ehtimallardan biri odur ki, Rusiya münaqişənin həllini istəmir. Çünki münaqişələr ona geosiyasi mövcudluğunu qoruyub saxlamağa köməklik edir”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24