Hacıbala Abutalıbovun meriyasına ayrılan pullarla bağlı daha bir iddia
12:21 28-11-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbovun meriyasına ayrılan pullarla bağlı daha bir iddia
Bakı şəhər İcra Hakimiyyətinin idarələrindən birinə ayrılan vəsait hara gedir?
Bir müddət əvvəl mətbuatda Hacıbala Abutalıbovun rəhbəri olduğu Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı sərt bir ittiham səsləndi. Həmin ittihamda meriyanın tabeçiliyindəki qurumlardan biri - Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin əməkdaşları paytaxtdakı yiyəsiz itləri diri-diri yandırmaqda ittiham edilirdi.
Bu ittiham müəlliflərindən biri - tanınmış psixoloq Dəyanət Rzayev bildirmişdi ki, həmin problem, yəni heyvanlarla davranış məsələsi onda və onun kimi minlərlə insanda böyük bir stress yaradır, mənəvi və fiziki əzablar yaşadır: «Amma əfsuslar olsun ki, bizi heç kəs eşitmir və ya eşitmək istəmir. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi korrupsiyaya, rüşvətxorluğa qurşanmış bir qurumdur. Bu qurum büdcədən hər il külli miqdarda vəsait alıb mənimsəyir. Dəfələrlə mətbuat konfransları keçirib məsələni ictimailəşdirmişik. O qurumun nümayəndəsi isə yüzlərlə insanın, jurnalistlərin gözünə baxa-baxa utanmadan yalan danışıb. Deyib ki, həmin o qurumda səyyar klinikalar var. Guya yoldan küçə itlərini tutur, klinikalarda onların analizlərini götürüb yoxlayırlar və əgər it sağlamdırsa, onu yedizdirib-içirib, çimdirib yenidən öz yaşadığı yerinə buraxırlar. Halbuki Azərbaycanda belə bir səyyar klinika ümumiyyətlə yoxdur. Digər tərəfdən, o qurumun baş ovçusu Əhməd adlı bir insan bunu da mətbuata açıq-aydın deyib ki, biz itləri güllələyəndə onları dərilərinə, xəzlərinə görə seçirik və o dəridən yararlanırıq. Ən dəhşətlisi budur ki, Balaxanıda sahibsiz heyvanlar üçün krematoriya var. Küçə itlərini, pişikləri orada diri-diri yandırırlar. O yer çox sirli, qapalı bir yerdir. Azərbaycan heyvanları öldürməmək, onlara işgəncə verməməklə bağlı beynəlxalq konvensiyaya qoşulub, o sənədi ratifikasiya edib. Yəni bu gün sahibsiz heyvanların öldürülməsi qeyri-qanunidir. Amma burda daha çox külli miqdarda yeyintidən söhbət gedir».
Maraqlıdır ki, qarşı tərəf tamam başqa arqument səsləndirir. Məsələn, «Unikal»ın araşdırmaları zamanı məlum olub ki, bu ilin yayında paytaxtın Yasamal rayonunun sakinləri Abutalıbovun işçilərinin rayon ərazisində sahibsiz itləri güllələməsi ilə bağlı şikayət səsləndirib, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə telefon edərək məlumat veriblər. Meriyadan isə həmin olaydan xəbərsiz olduqlarını deməklə kifayətləniblər.
Ən maraqlısı isə odur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi bununla bağlı saytlardan birinə açıqlamasında faktı təkzib edib: “Bizim əməkdaşlar hazırda Xəzər rayonunda sahibsiz itlərlə mübarizə aparırlar. İtlərin öldürülmədən sonsuzlaşdırılmasına vəsait lazımdır. Buna maddi durumumuz yetmir”.
Bir tərəfdə bu qurumun büdcədən yetərli qədər maliyyə aldığı və həmin maliyyənin sonradan korrupsiya predmetinə çevrildiyi iddia olunur, digər tərəfdə isə maddi durumun ağırlığından şikayət edilir, vəsait çatışmazlığından danışılır. Bəs bu iddiaların hansı doğrudur?
Mövzu ilə bağlı ilkin araşdırmalarımız zamanı maraqlı bilgilərlə rastlaşdıq. Məlum oldu ki, dövlət büdcəsindən hər sahibsiz heyvanın məhvi üçün 30 manat vəsait ayrılır. Təkcə 2010-cu ilin statistikasına görə Bakıda 79 min küçə heyvanı öldürülüb. Bu say əlbəttə, real deyil, çünki sahibsiz 79 min heyvan bəlkə də heç Azərbaycan ərazisində yoxdur. Bu hesabla götürsək adıçəkilən idarənin rəqəmləri şişirdərək bununla xeyli dövlət vəsaitini mənimsədiyini demək olar.
Yəni vasait çatışmazlığından gileylənmək əbəsdir. Ortada tanınmış psixoloqun da dediyi kimi, əslində başqa, şübhəli məqamlar var. Bunu təxminən iki ay əvvəl “Alyans” canlı aləm və etika xeyriyyə cəmiyyətinin rəhbəri Mənsurə Rəsulzadə də dilə gətirmişdi. Belə çoxsaylı fikirlər isə deyilənlərdə həqiqət payının çox olduğunu düşünmək üçün əsaslar yaradır.
Sonda onu da qeyd edək ki, meriyanın adıçəkilən idarəsinin rəhbərliyi və əməkdaşları görünür bunu unudublar ki, Azərbaycan 31 May 2007-ci ildə Heyvanat aləminin müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulub. Sahibsiz heyvanları öldürməklə isə konvensiyanın öhdəliklərini pozurlar. Üstəlik, Azərbaycan qanunvericiliyində heyvanlarla rəhmsizcəsinə rəftar edilməsi məsələsi İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində əksini tapıb. Qanuna görə, heyvanlara qarşı zorakılıq tətbiq edən şəxs cəmi 25-45 manat cərimələnir.
Bunu isə sözgəlişi xatırlatdıq.
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41