Məleykə Abbaszadə mətbuata niyə çıxmır?
12:23 28-11-2013
CƏMİYYƏT
Məleykə Abbaszadə mətbuata niyə çıxmır?
TQDK-nin sədr əvəzi hələ də bu posta
təyinatının gerçəkləşməməsindən narazıdır
Son prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri postuna təyin edilməyən, sadəcə, sədr əvəzi kimi qalan Məleykə Abbaszadənin bu vəzifəyə təyinatı hələ də yubanır. Bununla bağlı ötən saylarımızın birində bəhs edərkən yubanmanın TQDK-nın özünün taleyi ilə bağlı qərarsızlığın dayandığını bildirmişdik.
Qeyd etmişdik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bundan sonra Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərəcəyi gözlənilir.
İddia edilir ki, artıq bu istiqamətdə araşdırmalara da start verilib. Araşdırmaların nəticəsindən asılı olaraq TQDK-nın Təhsil Nazirliyinə verilməsi barədə qərar qəbul olunacaq. Mənbənin bildirdiyinə görə, TQDK-nın sədrinin deyil, məhz Kollegiya tərkibinin təsdiq edilməsi də buna hesablanıb.
Ekspertlərin qənaətinə görə, orta ümumtəhsil məktəblərində tətbiq edilən ümumi buraxılış imtahanlarının sayını artırmaqla ölkədə tələbə qəbulunu həyata keçirmək mümkündür. Bu prosesin daha peşəkar keçirilməsi üçün isə TQDK-nın Təhsil Nazirliyinin tərkibinə verilməsi kifayətdir.
Qeyd edək ki, məlum xəbər kifayət qədər inandırıcı görünür. Ən azı ona görə ki, bəzi mənbələr sabiq təhsil naziri Misir Mərdanovla Məleykə Abbaszadə arasında on ilə yaxın davam edən və kifayət qədər açıq müstəviyə keçmiş ixtilafda əsas səbəb kimi məhz keçmiş təhsil nazirinin TQDK-nı özünə tabe etdirmək, TQDK sədrinin isə əksinə, qiymətləndirmələrlə bağlı müəyyən səlahiyyətlərin Təhsil Nazirliyindən alınaraq özünə verilməsini təmin etmək istədiyini göstərirdi.
İndi belə güman etmək olar ki, artıq bununla bağlı siyasi qərar verilib və TQDK-nın Təhsil Nazirliyinə tabe etdirilməsi qərarlaşdırılıb. Mümkündür ki, Məleykə Abbaszadə də bu barədə duyumlar aldığından yeni təhsil naziri təyinatından sonra da Təhsil Nazirliyinə yönəlik tənqid və iradlarını davam etdirirdi.
Yeni hökumətin formalaşdırılmasından bir aydan artıq vaxt keçməsinə rəğmən Abbaszadənin TQDK sədri kimi təsdiqlənməməsi bizim bir qədər əvvəlki ehtimallarımızda həqiqət payının yüksək olduğunu söyləmək üçün əsas yaradır. Hesab etmək olar ki, qurumun Təhsil Nazirliyinə birləşdirilib-birləşdirilməməsi ilə bağlı müzakirələrin davam etməsi və bununla bağlı yekun siyasi qərarın konkretləşməməsi Məleykə Abbaszadənin TQDK sədri postuna təsdiqlənməsini gecikdirən əsas səbəbdir.
Artıq bu müəmmalı vəziyyətdən TQDK-nın sədr əvəzinin özünün də narazı olduğu deyilir. Onun son ay yarımda jurnalistlərlə təmasda olmaması, açıqlamalar verməməsi də bununla izah edilir. Qeyd edək ki, istər TQDK, istərsə də onun sədri mətbuatla münasibətlərdə aktivliyi ilə seçilirdi. İndi bu aktivliyin yerini sükutun alması və bu sükutun məhz TQDK sədri postuna Məleykə Abbaszadənin təsdiqlənməsinin yubandığı dövrə təsadüf etməsi maraq doğurur. Və bizim yuxarıda səsləndirdiyimiz ehtimalı təsdiqləyir ki, TQDK-nın sədr əvəzində narazılıq və küsgünlük baş qaldırıb.
Digər bir ehtimal isə ondan ibarət ola bilər ki, özünün və rəhbərlik etdiyi qurumun taleyi ilə bağlı qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda Məleykə Abbaszadə ehtiyatlı davranmağı, ictimai diqqəti üzərinə cəlb etməməyi üstün tutur.
Eyni zamanda TQDK-nın sədr əvəzi jurnalistlərlə məsafə saxlamaqla onların, öz postuna təsdiqlənməsinin yubanması ilə bağlı sualları ilə qarşılaşmaq istəmir, bu suallara verəcəyi cavabdakı hər hansı məqamın sonra başqa yerlərə yozulacağından və özünə qarşı yönəldiləcəyindən ehtiyatlanır.
Hər bir halda mətbuatla ən yaxın və ən yaxşı ünsiyyətə malik olan məmurlardan biri kimi Məleykə Abbaszadənin xeyli vaxtdır davam edən səssizliyi diqqət çəkməyə və bu səssizliyin səbəbləri ilə bağlı müxtəlif versiyaları ortaya çıxarmaya bilməzdi. Biz də bu versiyaları dilə gətirdik. TQDK və onun sədr əvəzinin gələcəyi ilə bağlı müəmmalara isə yəqin ki, zaman özü nöqtə qoyacaq, deyilənlərin hansının həqiqətəuyğun olub-olmadığına zaman özü aydınlıq gətirəcək.
Qalib Qabiloğlu
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00