Azad Rəhimovun "Topaz"ı haqqında yeni irad
12:49 29-11-2013
CƏMİYYƏT
Azad Rəhimovun "Topaz"ı haqqında yeni irad
Məktəb yaşlı uşaqların idman mərc məntəqələrində nə işi var?
Azad Rəhimovun rəhbəri olduğu Gənclər və İdman Nazirliyinin tabeliyindəki "Azəridmanservis" MMC-yə məxsus "Topaz" idman mərc məntəqələrində məktəb yaşlı uşaqlara rast gəlinir. Halbuki qaydalara əsasən 18 yaşdan aşağı olan şəxs məntəqəyə daxil ola bilməz.
Bu barədə səslənən iddialara görə, istər Bakıda, istərsə də rayonlarda fəaliyyət göstərən "Topaz" məntəqələrində məktəb yaşlı uşaqların mərc etməsi adi hal alıb: "Rayonlarda vəziyyət daha acınacaqlıdır. Orada hətta 5-6-cı sinif şagirdlərinin belə mərc məntəqələrinə baş çəkdiklərini görmək olar. Məktəblilər dərslərdən sonra birbaş bu məntəqələrə gəlir və mərc edirlər".
Ən ilginc məqam isə odur ki, hətta, bəzi kontorların 18 yaşdan aşağı yeniyetmələr tərəfindən işlədildiyi bildirilir.
Hələ bu ilin əvvəllərində oxşar hallarla bağlı iradlara "Azəridmanservis" MMC-nin baş direktoru Azər Məhərrəmov müsahibələrinin birində aşağıdakı kimi cavab verib: "Qaydalara əsasən 18 yaşdan aşağı olan şəxs məntəqəyə daxil ola bilməz. Biz bir-iki dileri cəzalandıraraq lisenziyasını əlindən almış və həmin məntəqəni bağlamışıq. Əgər belə hal varsa, demək, sabah da təkrarlana bilər. Yenə də belə faktlar varsa, çox pis haldır. Mənim vətəndaşlardan xahişim odur ki, belə hallarda dərhal bizim call-center-ə müraciət etsinlər. 24 saat ərzində call-center fəaliyyət göstərir. Hər hansı bir problem, sual varsa, hər kəs müraciət edə bilər. Hər bir müraciət nəzarət altındadır. Biz dərhal məsələni araşdırıb həmin məntəqəyə nəzarəti gücləndirərik. Belə fakt olanda biz məntəqəni qapadır, lisenziyanı alan insanın adını qara siyahıya daxil edirik. O şəxs hətta, 5 ildən sonra da bizdən lisenziya ala bilməz. Hətta, bizə bəzən lisenziyanı alan adamın məntəqədə "qara bazar" yaratması haqqında məlumat çatır. Təxminən 15-20 məntəqəni biz buna görə qapatmışıq".
Amma aradan xeyli vaxt keçdikdən sonra "Topaz" məntəqələrində azyaşlıların mərc etdikləri barədə məlumatların səslənməsi vəziyyətin dəyişmədiyini göstərir. Bunu isə onunla izah edirlər ki, məktəblilər arasında mərc oyunlarına marağın hədsiz böyük olması səbəbindən məntəqələr onları kənarlaşdırmaqda maraqlı deyillər. Xüsusilə əyalətlərdə orta və yaşlı nəslin "Topaz"a marağı çox aşağı səviyyədədir.
Belədə isə məntəqə sahibləri müştəriləri yaşı 18-dən aşağı olanların timsalında tapırlar.
Valideynlərin isə övladlarını mərc məntəqələrindən çəkindirmək səyləri bir o qədər nəticə vermir. Hətta bu ilin martında məsələ parlament səviyyəsinə qalxdı və millət vəkillərindən Məlahət İbrahimqızı rayonlardan ona 13 qadının müraciət etdiyini, həmin müraciətlərdə bu mərc məntəqələrinin vətəndaşları müflisləşdirdiyinə, gəncləri yoldan çıxardığına dair şikayətlərin yer aldığını bildirdi. Amma vəziyyət bu günün özündə də dəyişməyib, gənclərin, eyni zamanda məktəblilərin mərc oyunlarından asılılığı davam etməkdədir.
Artıq aydın görünməkdədir ki, problemi "Topaz" rəhbərliyinin özünün yoluna qoyması, qanunun tələblərinin yerinə yetirilməsinə nəzarəti gücləndirməsi olduqca vacibdir. Çünki söhbət ölkənin gələcəyi olan uşaqlardan gedir. Ölkənin gələcəyi isə hər şeydən önəmlidir, pul qazanmaq ehtirasından isə qat-qat önəmlidir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00