Yönümüz haradır?
12:49 29-11-2013
CƏMİYYƏT
Yönümüz haradır?
Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli bildirib ki, "Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə sənədləri imzalamasa, "Şərq tərəfdaşlığı" proqramı ciddi zərər görə bilər. Ukrayna hələlik Avropa Birliyi ilə əlaqələrdən tamamilə imtina etmədiyindən "Şərq Tərəfdaşlığı"nın iflasa uğramasından isə söhbət gedə bilməz. Ukrayna indiki məqamda sadəcə Rusiyadan çəkindiyini nümayiş etdirir".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Unikal"a verdiyi açıqlamaya görə, "Artıq elə bir məqamdır ki, Azərbaycan seçim etməlidir. Bu seçim isə çox mürəkkəb siyasi dönəmə təsadüf edir. Belə ki, Suriya hadisələrinin söndürülməsi fonunda və Qərb-İran münasibətlərinin normallaşması dönəmində Azərbaycan keçmiş SSRİ məkanına, yoxsa Qərbə doğru yön götürəcəyi barədə qərar qəbul etməlidir. Bu, çox ağır bir seçimdir. Bu seçimə müxtəlif cür yanaşmalar ola bilər".
Partiya sədrinin sözlərinə görə, "Başqa bir yandan isə Rusiyanın Azərbaycana təzyiqləri davam edir və məngənə getdikcə daha da sıxılır. Artıq Rusiya gömrüklərinə qeyri-rəsmi şəkildə göstəriş verilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya ərazisinə buraxılmasın. Bu barədə hətta iqtidar mətbuatı da yazıb. Bu isə o deməkdir ki, Rusiya-Azərbaycan münasibətləri getdikcə daha da gərginləşəcək. Bu gərginləşmə Azərbaycanın Avrasiya İttifaqına və gömrük birliyinə daxil olmaq barədə Rusiyanın xeyrinə seçim etməsinə qədər davam edəcək. Və təbii ki, Azərbaycan bu seçimi etməyəcək. Amma Azərbaycanı qarşıda başqa bir seçim də gözləyir. Ukraynanın Qərbə münasibətdə etdiyi seçim. Ukrayna Rusiyanın bütün təzyiqlərinə tab gətirərək Avropa Birliyi ilə assosiativ üzvlük barədə, strateji seçim barədə qərar qəbul eləsə, bu addım bizim də vəziyyətimizi xeyli yüngülləşdirəcək. Bu proseslərin fonunda Azərbaycanın keçmiş SSRi ilə Qərb arasında seçim edə bilməsi taleyüklü bir məsələdir".
Siyasətçi bildirir ki, "Strateji baxımdan Azərbaycan bu günki status-kvonu qoruyub saxlamaq imkanında deyil. Açığı, Rusiyanın Azərbaycana qarşı təzyiqləri, hətta mən deyərdim ki, təhdidləri də bu seçimin edilməsi ilə bağlıdır. Əslində, bizim partiya Milli Şura layihəsini və onunla bağlı prosesləri dəyərləndirərək bildirmişdik ki, Rusiya bunu etməyə cəhd göstərir. Biz bunu demişdik və prosesləri də təqib edirdik. İndi prezident seçkilərindən sonra bu prosesin qəflətən vüsət alması və Rusiya rəsmilərinin ayrı-ayrı bəyanatları da göstərir ki, Azərbaycana qarşı təzyiq Rusiya dövlət siyasətinin tərkib hissəsinə çevrilib və Azərbaycanı zorla Avrasiya İttifaqına sürükləmək istəyirlər. Mənə elə gəlir ki, strateji baxımdan Azərbaycan üçün daha faydalı seçim Moldova və Gürcüstanın etdiyi seçim ola bilər".
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin "Unikal"a söylədiyinə görə, "Azərbaycanın istər Rusiyaya, istərsə də Avropa Birliyinə münasibətində ən başlıca problem dövlətimizin milli təhlükəsizlik məsələsi olmalıdır. Lakin təəssüf ki, həm Qərbə münasibətdə, həm də Rusiyaya yanaşmada bu taleyüklü məsələ qətiyyən nəzərə alınmır. Məsələ burasındadır ki, torpaqlarımızın 20%-ni işğal etmiş Ermənistan özünün milli təhlükəsizlik konsepsiyasını dəqiq və bölgənin geopolitik reallığını nəzərə almaqla işləyib hazırlayıb və Rusiya ilə ciddi strateji-hərbi müttəfiqlik qurmaqla bu problemi tam şəkildə həll edə bilib. Müasir dünya beynəlxalq təhlükəsizlik sistemlərinin qurulması ilə xarakterizə olunur. Pis-yaxşı, Ermənistan öz seçimini edərək Rusiyanın çətiri altına girib və bununla da özünü qoruyur. Bəs biz hansı təhlükəsizlik sisteminə bağlıyıq? Heç birinə! Buna görə də perspektivdə bizi milli təhlükəsizlik baxımından çox ciddi problemlər gözləyir".
Partiya sədri hesab edir ki, Azərbaycan mütləq seçim etməli, dövlətçiliyi və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün ardıcıl şəkildə çalışmalıdır ki, güclü hərbi müttəfiq qazansın...
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41