Ərdoğan Atatürkün vəsiyyətini yerinə yetirir?
12:50 29-11-2013
CƏMİYYƏT
Ərdoğan Atatürkün vəsiyyətini yerinə yetirir?
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Anitkabir"i ziyarətində bildirib ki, "Atatürkün vəsiyyətini yerinə yetirəcəyik".
Mustafa Kemal Atatürkün məzarı yanında olan xüsusi dəftərə ürək sözlərini yazan Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamalı bir daha minnətlə xatırladıqlarını deyib:
"Türkiyəni Atatürkün göstərdiyi "müasir mədəniyyət səviyyəsindən daha yüksək səviyəyə çıxarma" hədəfi istiqamətində bütün gücümüzlə və qərarlılığımızla işimizi davam etdiririk. Türkiyə Cumhuriyyətinin 100 illiyi yübileyində ölkəmizi dünyanın ən böyük 10 iqtisadiyyatından biri halına gətirəcəyik. Atatürkün vəsiyyətini yerinə gətirməyi planlaşdırırıq".
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Unikal”a bildirdiyinə görə, “Ərdoğanın başçılıq etdiyi hökumətin son on bir ildə Türkiyəyə qazandırdığı iqtisadi uğurları danmaq ədalətsizlik olardı. Onun başçılığı sayəsində Türkiyənin xarici ticarət dövriyyəsi xeyli artıb, ölkənin valyuta ehtiyatları olduqca yüksək həddə çatıb, əhalinin gəliri çoxalıb və milli valyutanın stabilliyi təmin olunub, çoxlu yeni iş yerləri açılıb. Sadaladığım bu faktların hamısı Ərdoğanın Türkiyəyə verdiyi sosial-iqtisadi töhfələrdir ki, ondan əvvəlki baş nazirlərin heç biri bu səviyyədə göstəricilər əldə edə bilməmişdilər. Amma Ərdoğanın və onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Atatürk irsinə münasibət məsələsinə gələndə isə, o, sadəcə, səmimi danışmır”.
Partiya sədri deyir ki, “Mən vaxtilə mərhum xoca Ərbakanla söhbətləşərkən bildirdi ki, “Biz Türkiyədə milli islamçı hökumət qurmaq istəyirdik, buna görə də mövqeyimiz Qərbi və Birləşmiş Ştatları qane etmirdi. O zamanlar Ərdoğan mənim partiyamın üzvü idi və onu İstanbul bələdiyyəsinin rəhbəri etdik. Amerika sonradan onu ələ alıb onun vasitəsilə Türkiyədə bir Amerika İslamı və bu yolla da Amerikayönlü hökumət formalaşdırdı”.
Tahir Kərimli hesab edir ki, Ərdoğanın hakimiyyəti dönəmində böyük Atatürkün Türkiyə üçün müəyyən etdiyi kurallardan aralanma siyasəti tam gücü ilə işə düşdü: “Ərdoğan hökuməti Avropa Birliyinin tələblərinə boyun əyərək ölkənin Anayasasında Atatürk kursuna zidd olan dəyişikliklər etdi və ordunun dövlətçilikdəki rolunu heçə endirdi. Ardınca isə məşhur Ergenekon prosesinə start verdi. Bu proses nəticəsində bütün varlığı ilə dövlətçiliyə bağlı olan onlarla türk generalı məhbəslərə düşdü”.
Partiya sədri düşünür ki, “Ərdoğanın “kürd açılımı” deyilən siyasətinin də Türkiyə üçün hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çox çətindir və zamanı gələndə bu addımın da yanlış olduğu təsdiqlənəcək”.
Analitik Azər Rəşidoğlunun “Unikal”a verdiyi açıqlamaya görə, “Qardaş Türkiyədə Ərdoğan hökumətinin təşkili ilə generalların həbsi, onlara qarşı kütləvi basqıların baş verməsi onun göstəricisi idi ki, bu, düşünülmüş şəkildə həyata keçirilən siyasətdir. Sadəcə olaraq, Ərdoğan qarşısına qoyduğu məqsədə yetişmək üçün bütün vasitələrdən istifadə edir. ƏİP hökumətinin həyata keçirmək istədiyi islahatlara maneə yarada biləcək insanlar, o cümlədən hərbçilər və media mənsubları siyasi proseslərdən kənarlaşdırılıb. Digər yandan görünür ki, Ərdoğan hakimiyyətində həbsə alınan insanlarla bağlı müəyyən kəşfiyyat məlumatları olurdu. Məsələ burasındadır ki, Türkiyədə Atatürkçülük dönəminin başa çatdığını elan edən bir siyasət aparılır. Artıq Türkiyənin xarici və daxili siyasəti yeni mərhələyə qədəm qoyub. Ona görə də qardaş ölkədə kifayət qədər nüfuza və gücə malik olan hərbçilərin, generalların, bəzi media mənsublarının həbsə alınması, onların siyasi proseslərin içərisindən çıxarılıb uzaqlaşdırılması lazım gəlirdi. Böyük siyasətdə kimlərin qurban verilməsi anlaşılandır. Ərdoğan özünə qarşı ola biləcək təzyiqlərdən yayınmaq üçün dərin dövlətlə əlaqəsi olan hərbçilərin, nüfuzlu adamları zərərsizləşdirir. Məsələ burasındadır ki, Türkiyədə siyasi prosesləri yönləndirən əsas qüvvə son onilliklərdə hərbçilər olub. Hərbçilər Türkiyədə çevriliş edərək, siyasi şəxsləri həbsə alaraq, hətta baş nazir Menderesi öldürərək hakimiyyətə gəliblər. İndi Ərdoğan hərbçiləri həbsə almaqla ordunun siyasi proseslərə qarışmayacağını dünyaya göstərmək istəyirdi”.
Adil Hüseynli
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41