Qadınlarımız İstanbula hazırlaşır
10:58 30-11-2013
CƏMİYYƏT
Qadınlarımız İstanbula hazırlaşır
Novella Cəfəroğlu deyib ki, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzinin təşkilatçılığı ilə 1-5 dekabr tarixlərində İstanbulda Azərbaycan və Ermənistandan olan qadınlar arasında görüş olacaq. Görüşün nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanmış məktub hazırlanacaq, məktubun mahiyyəti daha sonra açıqlanacaq. Məktub gələn ilin yanvar ayında Vyanada keçirilən görüş zamanı həmsədrlərə çatdırılacaq. Yanvar ayında Brüsseldə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşdə də ona bu məktub təqdim olunacaq.
İstanbulda keçiriləcək görüşdə Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri Səadət Bənənyarlı, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Qadınların Rasional İnkişaf Birliyinin sədri Rəna Tahirova, “Yuğa” Gənclər Təşkilatının sədri Pərvanə Məmmədova da iştirak edəcək.
Politoloq Qabil Hüseynli “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Belə görüşlərin ölkəmiz üçün neqativ və pozitiv tərəfləri mövcuddur. Müsbət tərəfi odur ki, qadınlar belə görüşlər və layihələr həyata keçirməklə Dağlıq Qarabağ probleminin həllinə nail olmaq istəyirlər. Bu dalğada "xalq diplomatiyası”nı işə salıblar. Bu addımlar adıçəkilən diplomatiyanın işə salınması baxımından atılırsa, müsbət dəyərləndirilməlidir. Gec-tez, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmalıyıq. Ona görə də Azərbaycan tərəfi yolun özünə aid olan hissəsini aparır. Qadınların, gənclərin və ziyalıların görüşünü həyata keçirir. Xalq diplomatiyası”nı tədricən aşağı pillələrdən başlamaq lazımdır”.
Ekspertin fikrincə, “Qadınlarımızın cəhdlərini töhmət kimi qəbul etmək düzgün deyil. Onlar ərazilərimizin geri qaytarılmasına səy göstərirlər. Hesab edirəm ki, lazım gəlsə, silahı həmin qadınlar hamıdan qabaq götürəcəklər. Məsələ mərkəzdən düzgün idarə olunmalıdır. "Xalq diplomatiyası” hər hansı bir xalqın milli maraqlarına toxunulmadan aparılmalıdır”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Unikal”a bildirdi ki, “Mən xalqların düşmən olmasının tərəfdarı deyiləm. Lakin indiki situasiya tamamilə başqadır. Vaxtilə bir çoxları ermənilərlə görüşüb. Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri də, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da, Rövşən Rzayev də belə təkliflər səsləndirirlər. Əslində isə, çox mənasız prosesdir. Biz xalq diplomatiyasının əleyhinə deyilik. Müxtəlif dövrlərdə müharibənin nəticələrini, düşmənliyi aradan qaldırmaq üçün bu üsula əl atılıb. Amma indi biz Ermənistanla müharibə şəraitində yaşayırıq. Biz onlarla xalq diplomatiyasına başlasaq, deməli işğal altında olan torpaqların unutdurulmasına xidmət etmiş olacağıq”.
Akif Nağı deyib ki, nəticə etibarilə bu addım yenə də Ermənistanın maraqlarına xidmət etmiş olacaq: “Əgər bizdən kimsə bu addımı atırsa, deməli, ermənilərin maraqlarına xidmət edir. Bunun başqa adı yoxdur. Heç kim buna sülhpərvərlik adı verməsin. Mən buna inanmıram. Heç özləri də bu təşəbbüslərinin nəticə verəcəyinə inanmırlar. Sadəcə müəyyən mərkəzlər onlara sifariş verir, yaxud da grand layihələri vasitəsilə gedirlər. Biz tərəfdən kökündə heç bir ciddi məsələ dayanmasa, da ermənilər buna ciddi yanaşır. Çünki onlar maraqlıdır ki, işğal faktı unutdurulsun. Ona görə də hesab edirəm ki, kim bu məsələdə iştirak edirsə Azərbaycanın maraqlarına xidmət etmir və bu hərəkətinin üzərində ciddi şəkildə düşünməlidir”.
Onun dediyinə görə, “Biz istəyirik ki, bu, müharibə yolu ilə geri qayıtsın, amma iddia edirlər ki, sülh yolu ilə mümkündür. Bir sözlə, yalnız torpaqlarımız geri qayıdandan sonra xalq diplomatiyası üsuluna əl atmaq olar”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33