İTV-nin yeni direktoruna yoxlama sürprizi
10:58 30-11-2013
CƏMİYYƏT
İTV-nin yeni direktoruna yoxlama sürprizi
İsmayıl Ömərovun vaxtından başlayan audit yenidən davam etdiriləcək
Hesablama Palatası İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni yoxlamalara başlayır. Bu barədə verilən məlumata görə, hələ 2013-cü ilin martında, İsmayıl Ömərov İctimai TV-nin baş direktoru olarkən başlanan və sonradan, Cəmil Quliyevin baş direktor seçilməsindən sonra dondurulan audit yoxlamasının donu dekabrın 2-də açılacaq (axar.az).
Qeyd edək ki, 2013-cü ilin may ayının 8-də Hesablama Palatasının kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq edilib.
May ayında proqram təsdiq edilib, amma auditin nəticələri elan olunmayıb: necə ola bilər ki, vergi-audit yoxlamaları 6 ay müddətində dondurulur? Qanunvericilik buna imkan verirmi?
İctimai televiziyanın büdcəsi xalqın vergiləri hesabına formalaşdığından, bu barədə şəffaf açıqlamaların verilməsi vacibdir.
Ancaq təəssüf ki, Hesablama Palatası bu barədə saytın suallarını cavablandırmaqdan imtina edib. İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, yoxlamaların 6 aydan sonra yenidən başlanması səbəbini və ümumiyyətlə, 6 aylıq "dondurulmuş yoxlama" anlayışını izah etməkdə çətinlik çəksə də, ola bilsin ki, dekabrda başlayan audit gələn il dövlət büdcəsindən İTV üçün ayrılan vəsaitin hesaba köçürülməsinin təsdiqlənməsi ilə bağlıdır: "Dövlət büdcəsindən maliyyələşən qurumlara vaxtaşırı Hesablama Palatasının yoxlama aparması onun vəzifə borcudur. Bu yoxlamalar olmadıqda, büdcə vəsaitlərinin necə xərclənməsi haqqında doğru-dürüst məlumat almaq mümkün olmur. Ona görə də çox güman ki, belə bir yoxlamaların aparılmaması və yaxud da ertələnməsinə hər hansı bir nüfuzlu şəxsin təsiri ola bilər. Onu da bildirim ki, Hesablama Palatası ən azından ilin sonuna qədər büdcədən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı müəyyən arayışlar yazmalıdır. İlin sonuna da çox az müddət qalıb. Büdcədən maliyyələşən bir çox şirkətlər və yaxud hökumət idarələri bu arayışı almadan büdcədən maliyyələşmədə çətinliklə üzləşə bilər. Ona görə də düşünürəm ki, formal olsa da, İTV-də yoxlamalar aparılıb, arayış yazılacaq. Çünki büdcədən maliyyələşən hər hansı bir təşkilata ayrılan vəsaiti Hesablama Palatasından keçən il üçün verilən arayış şərtləndirir".
Burada maraqlı məqam Hesablama Palatasının məsələ ilə bağlı sualları cavablandırmaq istəməmsidir. Belədə həmin yoxlamaların ekspertin qeyd etdiyi kimi, formal xarakter daşıyacağına şübhə ortaya çıxır.
Hələ ilin ortalarında ölkə KİV-i yazırdı ki, Hesablama Palatasının İsmayıl Ömərovun dövrü ilə bağlı apardığı yoxlamalar ciddi maliyyə pozuntularını ortaya çıxarıb. Auditin davam etdirilməsi bu mənada həm İTV-nin keçmiş rəhbəri üçün xoşagəlməz sayıla bilər, həm də yeni direktor üçün sürpriz hesab oluna bilər. Hər halda ortaya çıxan suallara, şübhəli məqamlara çox keçməz ki, aydınlıq gələr. Daha dəqiq fikirləri də məhz bundan sonra səsləndirmək mümkün olacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46