Yanukoviç Qərbə sensasion vəd verdi
11:01 30-11-2013
CƏMİYYƏT
Yanukoviç Qərbə sensasion vəd verdi
Ukrayna prezidentinin iki ölkə lideri ilə şok danışığı yayıldı!
Ukraynanın Avropa Birliyi ilə assosiasiya məsələsi ölkə rəhbərliyinə başqa prezident gəldikdən və parlamentin tərkibi dəyişildikdən sonra həllini tapa bilər. Bu barədə Vilnüsdə jurnalistlərə Avropa Parlamentinin sədri Martin Şults bəyan edib.
"Biz bu barədə hələ danışacağıq", deyə o bildirib. Onun sözlərinə görə, Avropaya, ola bilsin, məsələnin maliyyə tərəfini yenidən nəzərdən keçirməyə ehtiyac var.
Bununla belə Şults problemin siyasi müstəvidə olduğunu da istisna etməyib. Onun sözlərinə görə, "ölkənin başqa prezidenti və parlamenti dövründə də nə isə dəyişilə bilər".
Avropa Parlamentinin rəhbəri əlavə edib ki, istənilən halda Ukrayna üçün qapılar həmişə açıqdır.
Avropa Birliyi ilə Ukrayna arasında assosiasiya sazişinin imzalanması 2014-cü ilin əvvəllərində keçiriləcək AB-Ukrayna sammitinə qədər təxirə salınıb. Bu barədə isə İTAR-TASS agentliyi yüksək səviyyəli diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Ukrayna hökumətinin qərarı bu ölkə üçün böyük uğursuzluqdur, lakin AB öz qapılarını açıq saxlayır. O əlavə edib ki, assosiasiya sazişi o vaxt imzalana bilər ki, Ukrayna Yuliya Timoşenkonun məsələsi də daxil olmaqla, AB-nin bütün tələblərini yerinə yetirsin.
"Ukraynanın xarici işlər naziri Leonid Kojara avropalı nazirlərə təsdiqlədi ki, Ukrayna Avropa Birliyi ilə saziş imzalanmasını Rusiyanın təzyiqi ilə təxirə salıb". "Ukrainskaya pravda"nın verdiyi xəbərə görə, bunu özünün "Twitter" səhifəsində İsveçin xarici işlər naziri Karl Bildt yazıb. "Ukrayna XİN-in rəhbəri bizim diskussiyalarımızda təsdiqləyir ki, Ukrayna AB ilə assosiasiya sazişinin imzalanması məsələsində Rusiyanın sərt iqtisadi təzyiqlərinə məruz qalıb", deyə o, qeyd edib.
İnternetdə isə Ukrayna prezidenti Viktor Yanukoviçin Vilnüsdə dövlət və hökumət başçılarının naharından əvvəl Litva prezidenti Dalya Qribauskayte və Almaniya kansleri Angela Merkel ilə ayaqüstü söhbətinin videosu yayılıb. Videoda D. Qribauskaytenin V. Yanukoviçi assosiasiya sazişini imzalamaq üçün dilə tutduğu görünür. Lakin V. Yanukoviç cavab verir ki, artıq hökumətin bu barədə qərarı var. Söhbətə A. Merkel qoşulduqdan sonra V. Yanukoviç ona Ukraynanın iqtisadi durumunun ağırlığından danışır: "Mən istəyirəm ki, siz məni başa düşəsiniz. Mən 3,5 ildir təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şəraitdə tək qalmışam..."
"Şərq tərəfdaşlığı"nın Vilnüsdə keçirilən zirvə toplantısının plenar iclasında çıxışı zamanı isə Yanukoviç ölkəsinin yaxın perspektivdə Avropa Birliyi ilə assosiasiya sazişinə imza atmaq niyyətini təsdiqləyib. O bildirib ki, Ukrayna və AB assosiasiya sazişinin yekun mərhələsindədir: "Əminəm ki, bu, Ukrayna dövlətinin inkişafında yeni səhifə açacaq, bizim AB və üzv dövlətlərlə münasibətlərimizi keyfiyyətcə eyni mərhələyə çıxaracaq. Mən Ukraynanın yaxın perspektivdə assosiasiya sazişi imzalamaq niyyətini təsdiqləyirəm".
Yanukoviç xatırladıb ki, ölkəsi AB ilə 6 ildən çoxdur mürəkkəb danışıqlar aparır və kompromislər axtarışındadır. O, tərəflərin bu yekun mərhələni layiqincə keçəcəyinə əmindir: "Bu yolda yalnız bir neçə qəti addım atmağımız qalıb. Başlıca vəzifə Ukrayna iqtisadiyyatının yeni reallıqlara uyğunlaşdırılmasına yönəlmiş proqramın yerinə yetirilməsidir. Ukrayna bu gün təkcə assosiasiya sazişinin vaxtında implementasiyasına deyil, həm də ilkin mərhələnin aztəminatlı əhali təbəqələrinə neqativ nəticələrini minimuma endirməyə hazırlaşmalıdır. Bu, Ukraynaya iqtisadi yardım proqramı üzərində birgə iş tələb edir ki, bu da bizim assosiasiya sazişinin imzalanmasına hazır olmağımıza imkan yaradacaq. Əminəm ki, birgə işin nəticəsində mövcud fikir ayrılıqları aradan qaldırılacaq və bunun nəticəsində sazişi imzalamaq və Ukrayna iqtisadiyyatı üçün ciddi itkilər olmadan Avropaya inteqrasiya kursu istiqamətində irəliləmək mümkün olacaq".
Onu da deyək ki, artıq Gürcüstan və Moldova "Şərq tərəfdaşlığı"nın Vilnüs sammiti çərçivəsində Avropa Birliyi ilə assosiasiya sazişini paraflayıblar. Texniki paraflanma bir gün əvvəl olsa da, rəsmi imzalar dünən atılıb. Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili qısa çıxış edərək bu imzanın tarixi əhəmiyyətindən danışıb. Moldova baş naziri Yuri Lyanke də ölkəsi üçün çox önəmli an olduğunu vurğulayıb: "Moldova Avropa ölkəsidir və Avropa ilə eyni tarixə malikdir. Biz bir ailənin mənsublarıyıq".
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Gürcüstanın böhran vəziyyətlərinin idarə olunmasında iştirakına dair çərçivə sazişi də imzalayıblar. Avropa Birliyinin liderlərinin Ukrayna prezidenti Viktor Yanukoviçi assosiasiya haqqında sazişi imzalamağa razı sala bilmək cəhdləri isə səmərsiz qalıb. Bu barədə sammitin açılışında təşkil olunmuş rəsmi şam yeməyindən sonra Litva prezidenti Dalya Qribauskayte bəyan edib. "Təəssüf ki, ona sazişin imzalanmasının xeyrinə gətirilən arqumentlər təsir etmədi", deyə o bildirib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46