Azərbaycan cinlərdən niyə qurtula bilmir?
11:05 30-11-2013
CƏMİYYƏT
Azərbaycan cinlərdən niyə qurtula bilmir?
Tibb alimi: "Cinlər insanın içinə hardan girirlər?! Cini kim görüb?! Belə şey yoxdur. Psixikası xəstə olan insanlar elə bilirlər ki, onlara cin girib"
Babamın babası hər gün səhər yuxudan duranda atını tərli görür. Sən demə at hər gecə biri tərəfindən çapılırmış. Kişi vəziyyətdən hali olmaq üçün atın üstünə qır tökür. Gecəliklə atı yenidən çapmağa gələn cin qıra yapışır.
Babamın babası cini tutur və onu sancaqla bağlayır. Həmin gündən cin bizim evimizdə xidmətçi vəzifəsində işləməyə başlayır. Bir gün cin xəmir yoğurur və işləməkdən yorulduğu üçün evdən qaçır. Evdəkilər nə qədər çörək yapsalar da xəmir qurtarmır. Ondan sonra...
Sonluğu bir qədər müəmmalı olan bu əhvalat sən demə, bir çoxlarının ulu babasının başına gəlib. Kiminin babası cinin sancağını elə xəmir əhvalatından sonra açaraq azadlığa buraxır, kiminin cini isə sancağı bir uşağa açdırır. Əslində əhvalatın necə qurtarması önəmli deyil. Önəmli olan bu əhvalatla böyüyən nəvələrin 3G, 4G, 8D dövründə yaşasalar belə buna bənzər uydurmalara inanmasıdır.Yəqin ki, hər kəsin ailəsində "yerə qaynar su atma, şeytanın balalarını öldürərsən", "qoz ağacının və ya əncir ağacının altından keçmə", "tez-tez yıxılırsansa üzərindən halqa as", "göz dəymənin qarşısını alan ən yaxşı vasitə sancaqdır" - deyən ağsaqqal və ağbirçəklər var. Son zamanlar bu inanclar sosial və ənənəvi medyada da özünə heç də xoş olmayacaq şəkildə yer tapıb. Hətta cin gördüyünü iddia edənlər və ya xüsusi elanlar vasitəsilə insanların içinə girən cinləri çıxardacaqlarını deyən "din adamları", "mömin və möminələr" də peyda olublar. Bir qisim isə ümumiyyətlə bu varlıqların mövcudluğunu inkar edir. Onlar fikirlərini "əgər cin deyə bir şey olsaydı gözə görünərdi", şəklində izah edirlər. Bəs görəsən, bu cür inanclar öz real təsdiqini tapırmı? Doğurdanmı cinlər insanların içərisinə girir? İnsanların içərisinə girən cinləri çıxarmaq mümkündürmü? Ümumiyyətlə, cinlər həqiqətən də mövcuddurmu?
Bu suallara cavab tapmaq üçün Simsar.az məsələni araşdırıb. Məlum olduğu kimi elm cinləri bir mənalı olaraq inkar edir. Tibb elmləri namizədi, alim Rəşid Mahmudov da cinlərin mövcud olmadığını dedi. O, insanların cin gördüyünü zənn etməsinin, bu səbəbdən problemlər yaşamasının elmi açıqlaması olduğunu bildirdi. "Cinlər varmı?! Cinlər insanın içinə hardan girirlər?! Cini kim görüb?! Belə şey yoxdur. Psixikası xəstə olan insanlar elə bilirlər ki, onlara cin girib. Bu hadisə öz elmi təsdiqini tapıb. Belə ki, beynin həm üst, həm də epitel qatında ifraz olunan seratonin adlı maddə var. Bu maddə çox ifraz olunduqda insanda sakitlik, ətrafına qarşı biganəlik olur. Buna depressiya deyirlər. Seratonin az ifraz olunduqda isə insanın gözünə nələrsə görünməyə, qulağına səslər gəlməyə başlayır. Bəziləri iddia edirlər ki, kosmosla danışırlar. Əslində isə onların sadəcə olaraq psixikası pozulub".
R.Mahmudov əncir və ya qoz ağacının altında cin olmasına, bu səbəbdən də insanların özlərini narahat hiss etmələrinə də elmi cəhətdən aydınlıq gətirdi. "Əncir və qoz ağacları oksigeni alır, karbon ifraz edir. Ona görə də həmin ağacların altında çox oturmaq olmaz. İnsan 1 ay yeməksiz, 1 həftə susuz qalır, ancaq 6 dəqiqədən artıq oksigensiz qala bilmir. Oksigen çatmayanda həmin insanda baş ağrıları, baş gicəllənməsi olur. Beyinə gedən damarlarda oksigenin azalması nəticəsində psixika pozulur."
Filologiya elmləri namizədi, astroloq Firuddin Qurbansoy isə Rəşid Mahmudovdan fərqli olaraq cinlərdən və cindarlardan danışarkən bu işlə məşğul olanların (cindarların) ruhu korlayan cini insan bədənindən çıxardıqlarını bildirdi. "Əgər "Quran-i Kərim"də cinlərin mövcudluğu təsdiqlənirsə, Şərq təbabəti kitabında da ruhi xəstəliklərlə bağlı məsələ varsa, deməli bu, həqiqətən var. Təbabətin ruhi xəstəliklərlə bağlı bir sahəsində göstərilir ki, cinlər ruhu xarab edir və insan özünü narahat hiss edir. Bunu insanların bədənindən çıxarmaqla məşğul olan insanlar var. Onlara cindarlar deyilir. Cindarlar həmin xəstələrin bədənindən cini çıxarırlar".
Cinlərlə bağlı birmənalı fikirlərin olmaması insanları daha da çaş-baş salır. "Quran-i Kərim"in bir neçə ayəsində haqqında danışılan cinlər barədə düşünmək çoxlarını mövhumata sürükləyir. İlahiyyatçı Rövşən Məmmədov məsələyə aydınlıq gətirərkən bu cür batil inancların dindən az məlumatlı olmaqdan, "Quran-i Kərim"i anlamamaqdan irəli gəldiyini bildirib. "Cinlər həqiqətən də mövcuddur. Onların mövcudluğunu "Quran-i Kərim"də də bir neçə ayəyə əsasən demək mümkündür. "Cənnət" və ya "cinnət" sözləri ilə eyni kökdən gələn"cənnə" felindən törəyib. Mənası "üstü örtülü, qapalı, görünməyən" deməkdir. Cinlər reallıqda mövcuddur, ancaq biz onlar haqqında çox şey bilmirik. Peyğəmbərlər, övliyalar onları görüb-görüşdükdən və milyonlarla insan onların varlığını qəbul etdikdən sonra, bir neçə materialistin bunu qəbul etməməyinin nə əhəmiyyəti var?! Birbaşa gözümüzlə görməsək də cinlərin mövcudluğunu qəbul etməmək lüzumsuz inaddan başqa bir şey deyil. Bəyəm insanlar mövcud olan hər bir şeyi gözləri ilə görürlər?! Elmdən də məlumdur ki, gözlərimiz varlıqların 4-5%-ni görə bilir. Cinlər daha sonrakı mərhələdə yaradılan canlı varlıqlardır. "Qurani-Kərim" onların yaradılışını belə tanıdır: "(Allah) insanı kirəmit kimi bişmiş palçıqdan yaratdı. Cinləri də xalis atəşdən yaratdı" (Rəhman, 14-15). Mahiyyəti və quruluşu barədə Quranın verdiyi məlumat bu qədərdir. Yalnız, Hicr surəsində "bədənin bütün zərrəciklərinə nüfuz edən qovurucu "atəş" təbiri də işlədilir.
R.Məmmədov əldə kifayət qədər məlumatın olmamasına baxmayaraq cinlərin də Allaha xidmət üçün yaradılan şüurlu varlıqlar olduğunun bilindiyini qeyd etdi. "Cin haqqında məlumatımız o qədər çox deyil. Bildiyimiz, cinlərin də bizlər kimi iradəli, məsuliyyətləri olan varlıqlar olmasıdır. Ağıl, iradə və şəhvət duyğusunun hər 3-ü insanlarda var. Cinlərdə isə şəhvət duyğusu yoxdur".
"Cinlərin mövcudluğu bir həqiqətdirsə, cin insanların içinə girə bilərmi?" - sualına ilahiyyatçı, "insanların bu gözə görünməz varlıqlardan kifayət qədər xəbərdar ola bilməməsi onları mövhumata sürükləyir. Məsələn, cinin balalarını yandırmamaq üçün qaynar suyu yerə tökmürlər. Qaynar suyu ona görə yerə tökmək olmaz ki, torpaqda yaşayan müxtəlif canlılar zərər görməsin. Doğurdan da, cinlərin məskunlaşdığı natəmiz olan ərazilər var. Onlar zibilxanalardan, üfunətli yerlərdən bəslənirlər. Məsələn, hədislərə görə, Nəbuk səfəri zamanı insanların həlak olduqları yerlərdə qalmamaq tövsiyyə edilmişdi. Çünki həlak olmuş insanlar olan mühit dəyişik varlıqlar, cinlər, xəbis ruhların yığışdığı yerlərdir.
"Cingirmə" adlandırılan şey isə bir qədər fərqlidir. İnsanın bədənində müəyyən boşluqlar var. O boşluqlar əvvəldən mövcud ola və ya sonradan meydana çıxa bilər. Mənəvi boşluqları olan insanlarda depressiya olur. Ancaq bu o demək deyil ki, cinlər onların içində məskunlaşırlar. "Cingirmə" bədəndə ruh balansının pozulmasıdır".
Sonda bu tip sıxıntılardan qurtulmaq üçün dua etməyin vacibliyini bildirən Rövşən Məmmədov həmin duaları insanın özünün oxumağının daha faydalı olacağını vurğuladı. "Özünü cindar adlandıranlar əslində "Quran-i Kərim"in ayələrinə müraciət edirlər. Amma bəzən də bundan sui-istifadə edilir. Guya bir neçə seans həmin cindara müraciət edildikdən sonra cindar cinin bədəndən çıxarılmasına nail ola bilər.
Cinin insan ruhuna müdaxiləsindən azad olmaq üçün yalnız dualara sığınmaq lazımdır. Yeməyə duz salaraq və ya şou xarakterli mərasimlər təşkil etməklə sıxıntılardan qurtulmaq olmaz. İnsan cinlərdən iradəli varlıqdır. Sadəcə özünə iradəsinə hakim olsa, dualar oxusa bəlalardan hifz oluna bilər. Allahın buyurduğu kimi "Ayət-əl Kürsi", "Nas", "Fələq", "Cevşən" kimi duaları oxuyaraq pis ruhlardan azad olmaq mümkündür. Əgər özü oxuya bilmirsə, kimdənsə kömək ala bilər. Burada digər bir məsələ önə çıxır. Həmin şəxs bunu Allah rizası üçün etməlidir. Pul qazanmaq üçün insanlardan sui-istifadə etmək bəyənilən əməllərdən deyil".
Hər nə qədər cin girmə deyilən anlayış mövcud olmasa da buna inanan insanlar nəinki Azərbaycanda və müsəlman ölkələrində hətta digər dinlərə mənsub ölkələrdə də var. Batil inancları hər hansı dinin təsiri yox, insanın daxili aləminin və natamam biliyinin nəticəsi kimi qiymətləndirmək daha haqlı yanaşma olardı. Cin haqqında düşüncələrimizdə hələ də cüzi bir dəyişiklik olmayıbsa, deməli, mütləq şuürumuzda, düşüncəmizdə inqilaba ehtiyac var...
Ülviyyə Cövdətqızı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10