Ukrayna dövlət çevrilişi astanasında
“Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının lideri Arseni Yasenyuk prezident Viktor Yanukoviçə xəbərdarlıq edib.
A. Yasenyuk “5-ci kanal”a müsahibəsində bildirib ki, V. Yanukoviç dinc aksiyaya və dinc nümayişçilərə yenidən güc tətbiq edərsə, bunun nəticələri şəxsən onun üçün ağır olacaq.
Müxalifət lideri deyib ki, hazırda meydanda qorxaq adamlar yoxdur: “İstənilən güc variantına çox sərt cavab veriləcək. Əgər ötən bazar meydana 800 min adam çıxmışdısa, bu dəfə 8 milyon adam üsyan qaldıracaq”.
A. Yasenyuk vilayətlərdə milli müqavimət qərargahlarının formalaşdığını söyləyib: “Artıq üç vilayət tətilə başlayıb”. Yanukoviç müxalifətə tələsməməyi tövsiyə etdi
“Maydanda və ölkənin digər şəhərlərində nümayiş edən ölkə vətəndaşları növbəti prezident seçkilərinə qədər heç bir tələsik addım atmamalıdırlar”.
Bunu isə Ukrayna prezidenti Viktor Yanukoviç bildirib.
Ölkə başçısı Ukraynanın “İnter” telekanalına verdiyi müsahibəsini “Mən bütün siyasətçiləri tələsməməyə çağırıram” sözlərilə davam edib: “Onlar hələ gəncdirlər və onların gələcəyi qabaqdadır. Qoy seçkilər keçirilsin, insanlar özləri kimə istəsələr səs versinlər. Bu, həmişə belə olub və belə də olacaq. Dalaşmaq indi bizə heç nə verməyəcək. Biz bu gün ölkənin maraqlarını qorumaq üçün birləşməliyik. Biz Avropa standartlarını istəyiriksə, hər şeyi qanun çərçivəsində etməliyik, çünki demokratiyanın prinsipləri belədir”.
“Xalqa qarşı cinayət
törədən Yanukoviç
istefa verməlidir”
UDAR (Ukrayna İslahatlar uğrunda Demokratiya Alyansı) lideri Vitali Kliçko çıxışında prezident Viktor Yanukoviçin istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini istədiklərini bildirib: “Meydanda insanlara qarşı törədilmiş cinayətə görə bir nəfər cavabdehdir, çünki meydanın dağıdılması barədə əmri yalnız o verə bilər. Bu, prezident Yanukoviçdir. Ona görə də biz növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirik. Mən prezident Yanukoviçə təklif edirəm ki, könüllü istefaya getsin və növbədənkənar seçki elan etsin. Öz ölkəsindən həmişəlik qaçmış diktatorların taleyini bölüşməyin”.
V. Kliçko avrointeqrasiya kursunun dayandırılmasını nəzərdə tutaraq hakimiyyətin xalqın daha yaxşı ölkədə yaşamaq haqqını oğurladığını bəyan edib: “Qəzəblənmiş ukraynalılar dinc etirazlara çıxdılar, lakin onların üzərinə “Berkut” göndərildi. Bizim tariximizdə belə şey olmayıb. Ukraynanın polis dövlətinə çevrilməsinə imkan verməyə haqqımız yoxdur”.
“Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk isə hökumətin dərhal istefaya getməsini və daxili işlər naziri Vitali Zaxarçenkonun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Biz əvvəla, Azarov hökumətinin tam tərkibdə istefasını, ikincisi isə, Zaxarçenkonun kriminal məsuliyyətə cəlb olunmasını tələb edirik, o, bizim uşaqlarımızı döyüb. Bundan başqa, biz Yanukoviçin istefasını tələb edirik, lakin ilk addım Azarovun istefası və Zaxarçenkonun məsuliyyətə cəlb edilməsi olmalıdır”.
Qeyd edək ki, parlamentin binası qarşısında müxalifət tərəfdarlarının iştirakı ilə etiraz aksiyası keçirilir. Onların sayı getdikcə artır
Ukrayna
müxalifətinin liderləri
inqilab anonsu verdi
Ukraynanın paytaxt Kiyevin mərkəzi küçələrində kütləvi mitinq keçirən müxalifət ötən gün gecə saatlarından etibarən şəhərin mərkəzindəki Oktyabr Sarayını mənzil – qərargah kimi tutublar. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin verdiyi məlumata görə, sarayı rəhbərlik könüllü aksiyaçılara təslim edib və qarşı durma baş verməyib.
Ölkədə baş verən hadisələri yaxından izlədiklərini deyən azərbaycanlı diasporunun rəhbəri R. Tağıyev bildirib ki, buna şəhər meriyası da etiraz etməyib.
Hazırda bütün müxalifət cəbhəsini təmsil edən etirazçıların mərkəzi mənzil qərargahı paytaxt mərkəzindəki Oktyabr Sarayıdır.
R. Tağıyev onu da bildirib ki, ötən gün ərzində şəhərin Kreşati küçəsində, Maydanda, Ali Arada qarşısında və hökumət binası ilə üzbəüz Marinski parkı ətrafında davam edən etiraz aksiyasında müxalifət liderlərindən UDAR partiyasının sədri Vitali Kliçko, “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk və digərləri elan ediblər ki, Ali Radaya hökumətin istefası tələbi ilə yanaşı prezident Viktor Yanukoviçin istefa tələbini də rəsmən etdiklərini açıqlayıb: “Liderlər belə davam etdiyi təqdirdə ölkədə inqilabın tezliklə qaçılmaz olduğunu bildirdilər”.
R. Tağıyev onu da deyib ki, 2-dən 3-ə keçən gecə polis ilə jurnalistlər arasında MAydanda ciddi qarşıdurma olub və bir neçə jurnalist, o cümlədən “Novıy Kanal” Televiziyasının əməkdaşları ağır formada döyülüblər. R. Tağıyev baş verənlərin özəl fotolarını da təqdim edir.
Hakim regionlar partiyasından adının çəkilməsini istəməyən deputatın verdiyi məlumata görə isə ötən gecə axşam radələrində Kiyevdəki ABŞ, Fransa və Almaniya səfirləri baş nazir Nikolay Azarov ilə görüşüblər və görüşdə indən belə etirazçılara güc tətbiq edilməməsi ilə bağlı hökumətdən vəd alıblar.
Ukrayna Ali Radası
hökumətə etimadsızlıq barədə qərar layihəsini qəbul etməyib
Ukrayna Ali Radasında keçirilən səsvermə nəticəsində hökuməti istefaya göndərmək mümkün olmayıb. Səsvermə zamanı Nazirlər Kabinetinə etimadsızlıq göstərilməsi barədə qərar layihəsinin lehinə 186 deputat səs verib. Qərarın qəbulu üçün azı 226 səs tələb olunduğundan layihə keçməyib.
Səsvermənin nəticələri açıqlandıqdan sonra müxalifətçi deputatlar kürsünü və Rəyasət Heyətini mühasirəyə alıblar. Sədr Vladimir Rıbak fasilə elan edib.
Parlamentin bu qərarından sonra ölkədə vəziyyətin daha da gərginləşməsi gözlənilir
Alı
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22