Milli Şurada ara qarışdı
11:13 06-12-2013
CƏMİYYƏT
Milli Şurada ara qarışdı
Müsavatçılardan Rüstəm İbrahimbəyova həmlə etdilər
Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsini Şuranın Müsavat Partiyasından olan üzvləri etirazla qarşılayıb. Partiyanın başqanı İsa Qəmbər də R.İbrahimbəyovun xarici ölkə vətəndaşlığını əsas gətirərək bu seçimə etiraz edib.
Müsavat Partiyası başqanının müşaviri, Milli Şuranın üzvü Mustafa Hacıbəyli deyib ki, “Rüstəm İbrahimbəyov sədr olanda onun ikinci vətəndaşlığının olmadığını deyirdilər. Eldar Namazov da, Qənimət Zahidov da əmin edirdilər ki, onun ikinci vətəndaşlığı yoxdur. Sonra bəlli oldu ki, verilən informasiya yanlışdır”.
Divan üzvü Vurğun Əyyub da qeyd edib ki, R.İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsi mənasızdır: “O adam Azərbaycana gələ bilmir və deyəsən, gəlmək fikri də yoxdur. Müxalifətin birləşdiyi təşkilata Azərbaycanda olmayan bir adamın rəhbərlik etməsi düzgün deyil. Doğrusu, heç bilmirəm, fəxri sədrin hansı səlahiyyətləri var. Bilmədiyimiz bir şeyə niyə tərəfdar olmalıyıq. Mükafat paylamırıq ki. Rüstəm İbrahimbəyova Milli Şura ilə bağlı etdiklərinə görə təşəkkür edilərdi, bununla da hər şey bitərdi. Milli Şuranın sədri seçilib, hazırda onun səlahiyyətləri müəyyənləşdirilməlidir. İşlər bu istiqamətdə davam etdirilməlidir”.
Müsavatçılar çox yox, 4 ay əvvəl biət etdikləri Rüstəm İbrahimbəyov barədə və yaxud İbrahimbəyov müsavatçılar barədə nə deyirlər, özləri bilərlər. Bu məqamda bizim üçün maraqlı olan başqa bir çalardır. Müxalifət kimə qarşı müxaliflik funksiyasını yerinə yetirir: hökumətə qarşı, yoxsa öz silahdaşlarına qarşı?
Müxalifət qəzetlərindən, saytlardan hansını açırsansa, ancaq müxalifət frayerlərinin qarşılıqlı ittihamları ilə rastlaşırsan. Və sözün düzü, bu materiallar adamı, sadəcə, yorur və ikrah doğurur.
Niyə belə olur?
Ölkənin tanınmış analitiki Zəfər Quliyev mövzu ilə bağlı “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Müxalifət düşərgəsində müşahidə edilən qarşılıqlı ittihamlar seçkisonrası sindromla bağlıdır. Müxalifət prezident seçkilərində mənəvi qələbə qazandığını hesab etsə də, faktiki olaraq, seçkiləri uduzub. Adətən, bütün səviyyələrdə keçirilən seçkilərdən əvvəl müxalifət düşərgəsində inteqrasiya prosesi və birliyə doğru aparan yolların aranması müşahidə olunur. Lakin seçkilər bitəndən sonra mərkəzdənqaçma meylləri güclənməyə başlayır və bu mərhələdə qarşılıqlı ittihamların qeydə alınması təbiidir. Bizə xoş gəlsə də, gəlməsə də, bütün dünyada siyasi mübarizənin, siyasi inteqrasiya və differensiasiya proseslərinin qaydası belədir. Milli Şuarada gedən proseslər də qeyd etdiyim ssenari üzrə baş verir”.
Politoloqun sözlərinə görə, “Bu proses növbəti parlament seçkilərinə qədər bu və ya digər formada davam edəcək. Parlament seçkiləri yaxınlaşanda isə dünən bir-birini ittiham edən tərəflər seçkilərdə müsbət nəticə əldə etmək xatirinə vahid formatda birləşmək barədə variantlar irəli sürəcəklər”.
Tanınmış politoloq Zərdüşt Əlizadənin “Unikal”a söylədiyinə görə, “Növbəti parlament seçkilərinə qədər Milli Şuranın fəaliyyətdə olması qaçılmaz olacaq. Hansısa siyasi partiyalar və yaxud şəxslər bu qurumdan gedə bilər və yaxud yeni üzvlər gələ bilər, amma Milli Şura qalmalıdır. Çünki Azərbaycan müxalifəti son iyirmi ildə ciddi birlik formatı yaratmağa nail olub. 2015-ci ilin parlament seçkilərinə isə siyasi zaman baxımından normal vaxt qaldığı üçün Milli Şura çərçivəsində hazırlıq işləri aparmaq mümkündür. İstisna olunmur ki, parlament seçkiləri yaxınlaşdıqca Milli Şuraya əlavə qüvvələr qoşulacaq”.
Müsavat Partiyasının Milli Şura ilə bağlı son günlərdə nümayiş etdirdiyi davranışa gəlincə isə, politoloq bildirdi ki, “Bu partiya son iyirmi ildə həmişə müxalifətin birləşməsi prosesini əngəlləyən başlıca qüvvə olub və müsavatçılar bu gün də öz ənənələrinə sadiqdirlər. Buna görə də onları ittiham etmək yersizdir. Çünki müsavatçılar nə etdiklərini və nə üçün etdiklərini çox yaxşı bilirlər: parlament mandatı uğrunda mübarizəyə başlamağın başqa üsulları da var”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41