Azərbaycandakı türk liseyləri bağlanır
11:59 06-12-2013
CƏMİYYƏT
Azərbaycandakı türk liseyləri bağlanır
“Azərbaycanda da Fəthullah Gülənə məxsus liseylər milliləşdirilərək dövlətin tam nəzarətinə veriləcək”
Türkiyə Milli Təhlükəsizlik Şurasının Fəthullah Gülən camaatının məktəblərinin, hazırlıq kurslarının qapadılması ilə bağlı qərarından sonra artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bu tip məktəblərin taleyi sual altına düşüb. Artıq Türkiyə gündəmi “Taraf” qəzetinin çap etdiyi Milli Təhlükəsizlik Şurasının (MTŞ) qərarı ilə çalxalanır.
Ən yüksək konstitusion qurum olan MTŞ-nın 2004-cü ildə qəbul etdiyi bu qərar Fəthullah Gülən camaatının məktəblərinin, hazırlıq kurslarının qapadılmasını, üzvlərinin dövlət qurumlarından, ordudan çıxdaş edilməsini nəzərdə tutur. Maraqlı budur ki, qərarın altında baş nazir Ərdoğan ilə, prezident Abdullah Gülənin də imzası var. AKP bu qərarı təkzib etməsə də tətbiq edilmədiyini vurğulayıb. Lakin “Taraf” qəzetinin təqdim etdiyi yeni sənədlərdə qərarın sistematik şəkildə tətbiq edildiyi üzə çıxıb. Tamamilə məxfi qrifi daşıyan bu qərar Ərdoğan hökumətinin Fəthullah Gülən camaatına məxsus olan universitetə hazırlıq kurslarının bağlanması ilə bağlı müzakirələr getdiyi bir zamanda mətbuata sızdırılıb. Lakin bu sızdırma əməliyyatından sonra qızışan hökumət-camaat davasında belə AKP geriyə addım atmayaraq hazırlıq kurslarının qapadılmasında israrlı olduğunu bildirib və hətta camaata məxsus məktəblərin də bağlanacağını anons edib.
Fəthullah Gülənin məktəbləri 100-dən artıq ölkədə fəaliyyət göstərsə də bir sıra ölkələr bu məktəblərin fəaliyyətinə qadağa qoyublar. Misal üçün Rusiya Federasiyası, İran kimi ölkələr bu məktəblərə qapılarını açmayıb. Azərbaycanda isə Fəthullah Gülənə məxsus 10 lisey, bir gimnaziya və Qafqaz Universiteti fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında da əlavə olaraq 3 lisey mövcuddur. 1992-ci ildən fəaliyyət göstərən bu liseylərin qapanmasını media qarşısında mərhum prezident Heydər Əliyevdən xahiş edən şəxs isə Türkiyənin təhsil naziri Mətin Bostançıoğlu olmuşdu. Heydər Əliyev “Biz hər işdə Türkiyədən nümunə götürürk, əvvəlcə siz bağlayın, sonra biz” deyərək xahişi diplomatik şəkildə rədd etmişdi.
Lakin indi situasiya tamamilə başqadır. Ərdoğan hökumətinin Fəthullah Gülənə qarşı hücumlarından Azərbaycan türk liseylərinin də pay götürəcəyi şəksizdir. Azərbaycan Türkiyə üçün çox həssas bir ölkədir, bu ölkədə liseylərin qapadılması Türkiyə cəmiyyəti üçün də təkanverici qüvvə və əlavə dəstək rolunu oynaya bilər. Çox güman ki, Türkiyədə olduğu kimi Azərbaycanda da Fəthullah Gülənə məxsus liseylər milliləşdirilərək dövlətin tam nəzarətinə veriləcək. Prezident İlham Əliyevin Türkiyə siyasi elitası ilə səmimi və yaxın münasibətlərini nəzərə alsaq, Azərbaycanın Türkiyə hökumətinin siyasətini müdafiə edəcəyini düşünmək olar..
Digər Xəbərlər
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44