Türkiyədən Qarabağla bağlı Ermənistana mesaj gözlənilir
12:12 10-12-2013
CƏMİYYƏT
Türkiyədən Qarabağla bağlı Ermənistana mesaj gözlənilir
Türkiyə Ermənistana təklifini xarici işlər naziri Əhməd Davudoğlu vasitəsilə çatdıracaq. "Dağlıq Qarabağda addım atın. Azərbaycanın işğal olunmuş 7 rayonunun, ən azı, ikisini geri qaytarın " deyəcək Ankara bunun əvəzində "Sərhəd qapısını açaq" təklifini irəli sürəcək.
Türkiyə KİV bildirir ki, Əhməd Davudoğlunun dekabrın 12-də Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində İrəvana reallaşacaq səfəri iki ölkə əlaqələrinin yenidən başlanması üçün böyük əhəmiyyət daşıyır.
Məlumatda qeyd edilir ki, Davudoğlunun İrəvana səfəri zamanı ermənistanlı həmkarı David Nalbandyan və dövlət başçısı Serj Sərkisyan ilə görüşü də planlaşdırılır.
Davudoğlunun İrəvana bu təkliflə getməsi qərarının Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın dövlət başçısı Sərkisyan arasında keçən ay Vyanada keçirilən görüşdən sonra qərara alınıb. Qeyd edilir ki, Əliyev-Sərkisyan görüşünü bir fürsət kimi qiymətləndirən Ankara yeni əlaqələr üçün dövrəyə girmək qərarı verib.
Əgər Ermənistan təklifə razılaşsa, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın idxal və ixracatında hiss edilən canlanma yaradacaq. İrəvanın Türkiyənin təklifini qəbul etməsi nəticəsində sərhəd ticarətini də canlandıracağı iddia edilir.
Bəs Türkiyənin bu təklifi irəli sürməkdə qəsdi nədir?
Tanınmış politoloq Qabil Hüseynli “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Bir zamanlar Türkiyə Güney Qafqaz regionundakı fəal oyunçulardan biri idi və etiraf edilməlidir ki, bir sıra beynəlxalq proseslərdə Azərbaycanın haqq işinin müdafiə olunmasında olduqca çevik rol oynayıb. Lakin müəyyən hadisələrdən sonra Türkiyənin bu bölgədəki aktivliyi xeyli şəkildə zəifləyib. Eyni sözləri Türkiyənin Yaxın və Orta Şərq bölgələrində yürütdüyü siyasi-diplomatik kurs haqqınada da demək olar”.
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ problemini tam şəkildə inhisara götürmüş Rusiya Türkiyənin Güney Qafqaz bölgəsində aktiv oyunçuya çevrilməsinə imkan verməz və Türkiyə İrəvan qarşısında sözügedən təkliflə çıxış etmək niyyətindədirsə, oyuna gecikib. Çünki artıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri David Nalbandyan arasında işğal edilmiş rayonlarımızdan beşinin azad edilməsi barədə danışıqlara başlanıb və mənə elə gəlir ki, bu danışıqlar prosesi bizim üçün səmərəli sonluqla bitməlidir”.
Politoloq Rasim Musabəyovun “Unikal”a söylədiyinə görə, "Hazırda Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar, əsasən, Rusiyanın eqidası altında keçirilir. Hər iki ölkədə keçirilən prezident seçkilərindən sonra ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Azərbaycan-Ermənistan danışıqları yenidən bərpa olunub və danışıqlar prosesində ümidverici məqamlar müşahidə olunmaqdadır. Rayonların azad edilməsinə gəlincə isə, Ermənistan tərəfindən işğal olunan 5 rayonun boşaldılması ilə bağlı yayılan məlumat rəsmi danışıqlar mövzusu deyil və bu cür informasiya həqiqəti əks etdirmir”.
Politoloqun sözlərinə görə, "Rəsmən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə bir məsələ müzakirə mövzusu deyil. Hazırda Ermənistanın bütün işğal etdiyi Azərbaycan torpaqlarından çıxması rəsmi danışıqlar mövzusudur və bu, tələb olunur. Amma, bu, mərhələli şəkildə ola bilər. Söhbət təkcə 5 rayondan yox, ümumiyyətlə, münaqişənin tam həllindən gedir. Beş rayonun azad olunması danışıqlar prosesində ilk addım ola bilər. Bu, danışıqlarda vəziyyəti müsbətə doğru dəyişə bilər."
Onun sözlərinə görə, “5 rayonun qaytarılmasının müqabilində təminatlı sülh, Ermənistan-Azərbaycan, Türkiyə-Ermənistan arasında kommunikasiya xəttləri açıla bilər. Məsələ, Ermənistanın nəyin müqabilində bu addımı atmasından gedir. Ermənilər Qarabağla bərabər, Kəlbəcər, Laçın rayonlarının bir qismini qaytarmaq istəmirlər. Ona görə 5 rayondan çıxmağa hazırdılar. Amma Azərbaycan bununla heç vaxt razılaşmayacaq”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49