İrəvan Ankaranın mesajına cavab verdi
12:08 11-12-2013
CƏMİYYƏT
İrəvan Ankaranın mesajına cavab verdi
Türkiyə Ermənistanın təklif etdiyi “yol xəritəsi”ni gizli şəraitdə ciddi müzakirəsinin əleyhinə çıxmayıb
Elxan Şahinoğlu: “Türkiyə Ermənistanla arasında olan problemlərin çözümünü Qarabağ məsələsinin həlli ilə paralel aparmaq niyyətindədir”
Ərəstun Oruclu: “İrəvanın Türkiyə qarşısında qoyduğu şərtlər yetərincə iddialı şərtlərdir və Ermənistan kimi kiçik bir dövlətin boyuna uyğun gəlmir”
Ötən saylarımızda məlumat vermişdik ki, Türkiyə Ermənistanla münasibətləri tənzimləmək üçün İrəvana “Yol xəritəsi” təklif edib. Xəritədə Ermənistanın işğal etdiyi Azərbaycan rayonlarından heç olmasa, ikisinin azad edilməsi müqabilində Ermənistan-Türkiyə sərhədinin açılması və s. təklif edilirdi.
Artıq Ermənistan tərəfi özünəməxsus şəkildə bu mesaja cavab verib və sözügedən əlaqələrin nizamlanması üçün Ermənistanda hazırlanan yeni “yol xəritəsi” 10 gün əvvəl gizli kanalla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna təqdim olunub.
Ermənistan KİV bildirir ki, bu haqda “Arovat” qəzeti Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib. Qəzet iddia edir ki, “qonşuları ilə sıfır problem” şüarı ilə başlayıb indiki məqamda “qonşuları ilə ciddi problemi olan” Ərdoğan hökuməti hazırda beynəlxalq aləmdə imicini xilas etmək üçün ciddi problemlə üzləşib: “Nəticədə Türkiyə tərəfi Ermənistanın təklif etdiyi “yol xəritəsi”ni gizli şəraitdə ciddi müzakirəsinin əleyhinə çıxmayıb”.
Qəzet qeyd edir ki, mənbə yeni “yol xəritəsi”ndəki 3 konkret təklifin bunlardan ibarət olduğunu bildirib:
1. Türkiyə açıq şəkildə erməni soyqırımını etiraf edir, öz məsuliyyətini boynuna alır və bütün dünya erməniləri qarşısında üzr istəyir;
2. Yubanmadan Ermənistan-Türkiyə sərhədi açılır və Ermənistanla diplomatik əlaqələr qurur;
3. Bundan sonra Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə qoşulmaq imkanı qazanır.
Belə güman olunur ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də İrəvana səfəri zamanı erməni həmkarına rəsmi Ankaranın Ermənistanın təklif etdiyi “yol xəritəsi” ilə bağlı mövqeyini çatdıracaq.
Göründüyü kimi, Ermənistan kifayət qədər iddialı tələblər irəli sürüb. Bəs bu iddiaların arxasında nə və yaxud hansı dövlət (lər) durur və Türkiyə tərəfi bu iddialara necə cavab verə bilər?
Türkiyənin xarici siyasət vektorundakı son dəyişiklikləri şərh etmək üçün “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya müraciət etdik. E.Şahinoğlunun “Unikal”a dediyinə görə, Türkiyənin Cənubi Qafqazla bağlı xarici siyasətindəki aktivlik bir aydır müşahidə olunur: “Bir ay əvvəl Davudoğlunun Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı çox optimist açıqlaması oldu. Daha sonra Vaşinqtona səfər edən Türkiyənin xarici işlər naziri görüşlərində Qarabağ mövzusuna da toxundu. Ərdoğanla Putinin görüşü və Qarabağ məsələsinin müzakirəsi də baş verənlərin fonunda maraq doğurur. Belə görünür ki, Türkiyə regiondakı siyasətini reallaşdırmaqla bağlı bir danışıqlar formulu hazırlayıb. Bu formula Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya arasında sıx təmasların qurulmasından ibarətdir. Görünür, Türkiyə Ermənistanla arasında olan problemlərin çözümünü Qarabağ məsələsinin həlli ilə paralel aparmaq niyyətindədir. Əslində, bu bir növ Azərbaycanın da maraqlarına uyğundur. Türkiyə atdığı addımlarını da Azərbaycanla razılaşdırmış formada həyata keçirir. Yaranmış situasiyada səslənən fikirlərdən biri budur ki, Ermənistan işğal altında olan beş rayonu azad edərsə, o zaman həm Qarabağ probleminin həlli prosesi işə düşür, həm də Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulur”.
Politoloq Ərəstun Oruclu “Unikal”a açıqlamasında bildirdi ki, “İrəvanın Türkiyə qarşısında qoyduğu şərtlər yetərincə iddialı şərtlərdir və Ermənistan kimi kiçik bir dövlətin boyuna uyğun gəlmir. Hiss olunur ki, bu tələblərin arxasında Moskvanın təhriki durur. Buna görə də güman etmirəm ki, Ankara həmin şərtlər daxilində prosesin başlanmasına start verə bilər. Bu şərtlərin qəbul edilməsi və yaxud bu yöndə müzakirələrin başlanması Ankaranın İrəvan qarşısında qeydsiz-şərtsiz kapitulyasiyası deməkdir”.
Politoloq hesab edir ki, “Görünür, son zamanlar Ermənistan–Rusiya münasibətlərində yaranmış istilik və güvənlik Ermənistanı bu qədər iddialı danışmağa həvəsləndirib”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29