"Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv kimi əsas məqsədi ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması olub"
12:02 12-12-2013
CƏMİYYƏT
"Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzv kimi əsas məqsədi ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması olub"
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzv kimi əsas məqsədi ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmi mətbuat orqanı olan "OIC Journal" jurnalına müsahibəsində deyib.
Sözügedən jurnal İƏT-in Xarici İşlər Nazirləri Şurasının 9-11 dekabr tarixlərində Qvineyada keçirilən 40-cı sessiyasında təqdim olunub.
Müsahibədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi və Azərbaycanın BMT TŞ-yə sədrliyi ilə əlaqədar sualı cavablandıran E.Məmmədyarov 155 dünya dövlətinin dəstəyi ilə BMT TŞ-yə seçilmiş Azərbaycanın qeyri-daimi üzv kimi əsas məqsədinin BMT-nin Nizamnaməsinə uyğun olaraq, ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması olduğunu vurğulayıb və Azərbaycanın bu müddət ərzində iki dəfə BMT TŞ-yə sədrlik etdiyini bildirib.
Nazir 2012-ci ilin may ayında keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizə sahəsində BMT TŞ-nin yüksək səviyyəli iclasının keçirildiyini qeyd edərək, 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun xüsusi iclasının keçirildiyini xatırladıb.
Azərbaycanın BMT TŞ-də fəaliyyəti və sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün qəbul edilmiş qətnamələr və sənədlər barəsində məlumat verən nazir Azərbaycanın sədrliyi dövründə BMT TŞ-nin Afrikaya səfərini və Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət ilə əlaqədar həyata keçirdiyi tədbirləri və səmərəli fəaliyyəti qeyd edib.
Azərbaycanın İƏT çərçivəsində aktiv fəaliyyəti və dinlər və sivilizasiyalararası dialoqda oynadığı rolu barədə sualın müqabilində E.Məmmədyarov Azərbaycanın İslam sivilizasiyasının ayrılmaz bir hissəsi olduğunu və onun mütərəqqi irsini bölüşdüyünü və bu əsasda da İƏT ölkələri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb və İƏT çərçivəsində Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verib.
Sivilizasiyalararası dialoq məsələsinə toxunan nazir sülh şəraitində birgə, yanaşı yaşama və dözümlülüyün Azərbaycan xalqının tarixən həyat tərzi olduğunu qeyd edərək, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üzrə keçirilən dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsi barəsində sualı cavablandıran E.Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edilməsi və işğal olunmuş ərazilərdə etnik, mədəni və dini əsasda dəhşətli "təmizləmə" siyasətinin yürüdülməsinin ən qəti şəkildə pislənilməsi üçün İƏT üzv dövlətlərinin qətiyyətli mövqe nümayiş etdirdiklərini və Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etdiklərini xatırladaraq, bu qətiyyətli mövqenin bir daha İƏT ölkələrinin son Qahirə Zirvə toplantısının sənədlərində də öz əksini tapdığını bildirin və İƏT ölkələrinin bu mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
O, əlavə edib ki, İƏT-in Qahirə Zirvə toplantısının yekun sənədində dövlət və hökumət başçıları tərəfindən Xocalı hadisələri soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib və üzv dövlətlər onun tanınmasına çağırılıblar.
Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov İƏT-in baş katibi kimi vəzifə müddəti başa çatan Ekmələddin İhsanoğlunun fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Azərbaycanın yeni baş katib İyad əl-Mədəni ilə də eyni əzmlə birgə, sıx əməkdaşlıq edəcəyinə əminliyini ifadə edib.
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00