Əməyin minimal ödəniş sistemi bizdə tətbiq oluna bilərmi?
12:03 12-12-2013
CƏMİYYƏT
Əməyin minimal ödəniş sistemi bizdə tətbiq oluna bilərmi?
Təəssüf ki, Azərbaycan buna hələ də hazır deyil
Əhalinin rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən ödənilən əməkhaqqları ilə pensiyaların artırılması istiqamətdə hökumətin sonuncu dəfə atdığı addımdan cəmi 3 ay keçməsinə baxmayaraq, yanacaq məhsullarının qiymətlərinin yüksəldilməsi bunun əhəmiyyətini azaltdı.Halbuki istehlak bazrında bahalaşma və inflyasiya hələ qarşidadır.
Bu ilin sentyabrdan ölkədə büdcədən maliyyələşən təşkilatlarda çalışan və dövlət qulluqçularından ibarət 700 min nəfərin Vahid Tarif Cədvəli ilə aylıq vəzifə maaşları orta hesabla 10 % yüksəldilərkən aylıq minimum əməkhaqqı səviyyəsi də 105 manata qaldırıldı.
Minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı əməkhaqqı olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativdir. Onun mahiyyəti bundan ibarətdir ki, həmin əməkhaqqıya çalışan şəxs minimum tələbatını ödəyə bilməlidir.
Əks təqdirdə, o, öz əməyini təkrar tətbiq edə bilməz. Ölkəmizdə minimum əməkhaqqının artırılması dinamikasına diqqət yetirsək, son 10 ilin ərzində 12 sərəncam imzalandığını görərik. Bu ilin sentyabr ayındakı artımı da nəzərə alsaq o, 11,7 dəfə artırılaraq 105 manata çatdırılmışdır. Bununla belə, 105 manata istinadən də deyə bilərik ki, minimum əməkhaqqının əhalinin sosial müdafiəsi baxımından rolu bizdə məhdud xarakter daşıyır.
Düzdür, əməkhaqqlarının ödənişi işəmuzd və günəmuzd hesablandığından əmək qanunvericiliyinə görə, özəl sektor maaşların təyinatı məsələsində sərbəst sayılsa da, o da aylıq minimum əməkhaqqı həddinə mütləq riayət etməlidir. Ancaq iş ondadır ki, məsələnin yeganə müsbət tərəfi elə məhz bundan ibarətdir.
ABŞ başda olmaqla, Avropa ölkələrində isə tam başqa mexanizm mövcuddur. Belə ki, onlarda əməyin saata görə ödəniş sistemi tətbiq edilir ki, bu, daha sivil yol sayılır. Özü də sözügedən ölkələrdə bu sahədə müəyyən edilən hədd tamamilə fərqlidir.
Almaniya bu günlərdə inkişaf etmiş ölkələr sırasında əməyin saata görə 8,5 avro olmaq şərti ilə minimal ödəniş sisteminə keçən sonuncu ölkə oldu. Bu məbləğ ABŞ-da müəyyən edilmiş həddən yüksək olsa da, Fransadakı ilə müqayisədə aşağıdır. Belə ki, Fransada saata görə 12,9 ABŞ dolları (9,5 avro), ABŞ-da isə 7,25 dollar ödəniş sistemi tətbiq olunur.
Ümumiyyətlə, bu sahədə liderlik Avstraliyaya (16,88 dollar) məxsusdur. Düzdür, Almaniyada bunun tətbiqinin işsizliyi artıracağı deyilir. Çünki German Institute for Economic Research-ın adlı qurumun hesablamalarına görə ölkədə hazırda məşğul əhalinin 25 %-i qadınlar, 15 %-i isə kişilər olmaqla bu normadan aşağı əməkhaqqı aldıqlarından aşağı ixtisaslı və ixtisassız əməyin tətbiqi məhdudlaşacaq.
Adını çəkdiyimiz qurumun rəyinə əsasən, Almaniyada bu gün əməyin saatlıq minimal orta ödəniş səviyyəsi 9,62 avro təşkil edir ki, ölkədə məşğul əhalinin təqribən 1/5 hissəsi bundan aşağı – 6,35 avro alır.
Buna rəğmən, ölkə üzrə saatlıq minimal vahid ödəniş sisteminə keçid yenə vacib sayılır ki, bu, işsizliyi artırsa da keyfiyyətli əməyin tətbiqinə geniş meydan açacaq.
Bəs, bunu bizdə tətbiq etmək olmazmı? Ölkəmizdə nə vaxtadək aylıq minimum əməkhaqqı mexanizmindən istifadə ediləcək?
Təəssüf ki, biz, buna hələ hazır deyilik. Ona görə ki, əməyin saata görə minimal ödəniş sisteminə keçid nə dövlət büdcəmiz, nə də özəl sektorun mövcud imkanları daxilində deyil.
Başqa sözlə desək, ölkədə günə 8 saatlıq iş rejimi nəzərə alınmaqla saata görə minimum məsələn, 1 manat səviyyəsində ödəniş həyata keçirilərsə onda gərək, ən adi ixtisassız əməyə ayda 240 manat əməkhaqqı verilsin.Həkimlərin və müəllimlərin maaşlarını hələ demirik. Halbuki bizdə müəllimlərin orta aylıq maaş səviyyəsi təxminən, elə məhz bu səviyyədədir.
Büdcənin buna gücü çatarmı? Şübhəsiz ki, yox...
Yeri gəlmişkən, minimum aylıq əməkhaqqı səviyyəsi sonuncu artımdan əvvəl axırıncı dəfə 2011-ci ilin dekabrın 1-dən 8,5 manat artırıldıqdan sonra 93,5 manat idi. 2006- cı ilin oktyabrından onun məbləği 30, 2007-ci ilin fevralından 50, 2008-ci ilin yanvarından 60, avqustundan 75, 2010-ci ilin sentyabrından isə 85 manat müəyyən edilməklə, həmin artım da nəzərə alınardısa 2006-cı ildən cari ilin sentyabrına qədər cəmi 58,5 manat səviyyəsində artırılmışdır.
Sual yaranır ki, sentyabrda onu 105 deyil, yaşayış minimumu səviyyəsinə – 116 manata çatdırmaq olmazdımı?Bir cəhəti də xatırladaq ki, təxminən 3 il öncə, hökumət nümayəndələri ölkədə layiqli əməyin təmin olunmasına dair dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində minimum əməkhaqqı məbləğinin iqtisadiyyatın sektorları üzrə diferensiallaşdırılacağını söyləmişdilər. Ancaq sonradan bunun digər hökumət orqanları tərəfindən dəstəklənmədiyi və minimum əməkhaqqını sahələr üzrə fərqləndirməyin qəbul edilmədiyi bildirildi və üstəlik diferesiallaşdırmanın özəl sektorun işinə müdaxilə olacağı deyildi.
Halbuki bu, səhv fikir idi. O səbəbdən ki, özəl sektorda əməyin ödənilməsi prinsipi sərbəst buraxılarsa, bizdə əməyin minimal ödəniş tələbi ümumiyyətlə, yerinə yetirilməyəcək. Odur ki, dövlətin bu sahədə nəzarəti vacibdir. Və minimum əməkhaqqı bunun üçün ən gözəl vasitədir.
Ancaq qonşu Rusiyada isə əməyin saata görə minimal ödəniş sisteminə keçid ciddi müzakirə edilir. Və bunu ilk olaraq, büdcə işçiləri üçün tətbiq etmək təkid olunur ki, bu zaman dövlət müəssisələrində iş saatının özəldəkindən az təşkil etdiyi əsas götürülür. Öz növbəsində parlament nümayəndələri isə saata görə 100 rubl məbləğində minimal ödəniş tətbiq etməyi təklif edirlər ki, bu zaman, minimum əməkhaqqı ödənişi indiki 5205 rubl səviyyəsində deyil, 16500 rubl təşkil edəcək.
Bu isə Rusiya höküməti üçün də büdcəsinin mövcud imkanları xaricindədir. Halbuki sözügedən sistem bu gün resesiyadan əziyyət çəkən və börc içində üzən Yunanıstanda da (saata 5 dollar olmaqla) tətbiq olunur.
Odur ki, inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi mümkün olmasa da bizcə, ölkəmizdə minimum əməkhaqqının əhalinin sosial müdafiəsi baxımından rolu heç olmasa genişləndirilməlidir. Və bu, hər şeydən öncə özündə ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunu əks etdirməklə büruzə verməlidir.
Əks halda, hökumətin əməkhaqqları ilə pensiyaları artırması istiqamətdə atdığı hər bir addım bundan sonra da qısa müddət ərzində əhəmiyyətini itirəcək.
Pərviz Heydərov
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24