Rusiyadan dünyaya nüvə təhdidi
13:15 13-12-2013
CƏMİYYƏT
Rusiyadan dünyaya nüvə təhdidi
Rusiya baş nazirinin müdafiə kompleksi üzrə müavini Dmitri Roqozin bildirib ki, ölkəsinə basqın ediləcəyi halda nüvə silahından istifadə edə bilərlər.
"BBC"-nin məlumatına görə, baş nazir müavini deyib: "Nüvəsiz strateji silahları nə qədər istəsən, sınaqdan çıxara bilərsən. Ancaq əgər bizə hücum edilərsə, o zaman biz mütləq nüvə silahının yardımından istifadə edəcəyik".
Roqozinin qənaətincə, məhz bu, Rusiyaya təcavüz ehtimalının qarşısını alır. Baş nazirin müavini ölkəsinə qarşı təcavüzün növünü və haradan gələ biləcəyinə aydınlıq gətirməyib.
"Biz imkanları bərabərləşdirən nüvə silahının rolunu heç vaxt azaltmamışıq" - deyə, o, Dövlət Dumasında "hökumət saatında" çıxışı zamanı bildirib.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Sözügedən bəyanat bir daha sübut edir ki, Rusiya hələ də keçmiş SSRİ dövründən qalma soyuq müharibə psixologiyası ilə yaşayır və hələ də hesab edir ki, güc mövqeyindən çıxış etməklə hansısa psixoloji-diplomatik dividend əldə etmək mümkündür. Yəni şimallı qonşumuz üçün zaman hələ də XX əsrin 60-70-ci illərində sayır".
Millət vəkilinin sözlərinə görə, "Müasir dünya düzənində və dövlətlər arasındakı münasibətlər artıq başqa xarakterli dünyanın formalaşmasından xəbər verir və hiss olunur ki, Rusiya bu düzəndə özünü naqolay hiss edir. Bu naqolaylıq keçmiş sovet respublikalarına münasibətdə daha qaba şəkildə üzə çıxır. Rusiyanın Azərbaycana, Gürcüstana və Ukraynaya yanaşmasında, keçmiş SSRİ məkanında Avrasiya İttifaqı və Gömrük Birliyi yaratmaq cəhdlərində bu özəllik daha konkret şəkildə təzahür edir. Amma güman etmirəm ki, müasir dünya birliyi ilə bu üslubda danışmaqla Rusiya nəsə əldə edə bilər. Çünki bu ölkənin iqtisadiyyatı dünya standartlarından xeyli geridə qalır və əsas gəliri xam neftin ixracı ilə bağlıdır. Rusiyanı yerində oturtmaq üçün dünya bazarında neftin qiymətlərinin planlı şəkildə aşağı salınması kifayət edər. Belə olan halda Rusiya daha nüvə silahı haqqında deyil, hansı ölkədən borc kredit almaq barədə düşünməli olacaq".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə "Unikal"a bildirdi ki, "Dmitri Roqozinin bəyanatı yüksəkrütbəli dövlət məmurunun səviyyəsinə yaraşan söz deyil. Görünür, bu adamın nə dövlətçilikdən nə hərbdən başı çıxır, nə də müsair silahların imkanlarından. 1986-cı ildə Çernobıl AES-də qəza baş verdikdən sonra onun radiasiyası keçmiş SSRİ-nin qərb bölgələrini, Avropanın isə şərq bölgələrini bürümüşdü. Radiasiya hətta Fransaya, Skandinaviya yarımadasına qədər gedib çıxmışdı. Bu faciənin ziyanları indi də duyulur. Ona görə də indiki zamanda hərbi münaqişələrdə nüvə silahından istifadə etmək mümkün deyil. Fərz edək ki, sabah Rusiyanın Çinlə konflikti olsa, məgər ona qarşı nüvə silahı işlədə bilər? Belə bir gic addım atılsa, Çinlə bərabər Rusiyanın özü də böyük təhlükə ilə üzbəüz qalmalı olacaq. Çünki radiasiya dumanı Rusiyanı da bürüyəcək".
Partiya sədrinin sözlərinə görə, "Dünya tarixində ilk dəfədir ki, müharibələrin dövlətlərarası problemləri həll etməkdə olduqca cəfəng və mənasız bir üsul olduğu ortalıqda durub. Bu sadə həqiqətin dərk edilməsi isə nüvə silahının kəşf edilməsi sayəsində mümkün oldu. Müasir dünyada sivil münasibətlərin yaranmasına görə daha çox nüvə silahının bu özəlliyinə borcluyuq. Yəni nüvə silahı tətbiq edilən yerdə qalib və yaxud məğlub tərəflər olmayacaq. Buna görə də hesab edirəm ki, Dmitri Roqozinin dünyaya ünvanlanan bəyanatı mənasız söz yığınından başqa bir şey deyil. İtə deyirlər ki, "Niyə hürürsən?, cavab verir ki, "Başqalarını qorxuduram". Soruşurlar ki, "Bəs elədirsə, quyruğun niyə əsir? Cavabında deyir ki, "Özüm də qorxuram axı!" Dmitri Roqozinin nüvə silahını tətbiq edəcəkləri barədə bəyanatı da belə bir mənzərəni xatırladır".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10