Vəhhabilər yenə də qan tökdülər
13:16 13-12-2013
CƏMİYYƏT
Vəhhabilər yenə də qan tökdülər
Sumqayıtda vəhhabilər bu dəfə bir-birlərini qırıblar
İnformasiya agentliklərinin yaydığı məlumata görə, Sumqayıtda atışma baş verib. Şəhərin 10-cü mikrorayonunun polis sahə rəisi Mircəlal Abbasovun sözlərinə əsasən, dekabrın 11-də saat 21 radələrində "Soltan market"in yaxınlığında vəhhabi təriqətindən olan şəxslərlə polis arasında atışma baş verib.
Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, atışmada polis tərəf olmayıb. Silahlı insident radikal dini qruplaşma üzvü olduğu ehtimal edilən iki tərəf arasında baş verib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib, silahlı insidentin bir neçə iştirakçısı isə saxlanılıb.
Yaralılar 1982-ci il təvəllüdlü Anar Rəhimov, 1976-cı il təvəllüdlü Elmar Məmmədli və 1988-ci il təvəllüdlü Elnur Nəzərəliyevdir. Onlar xəstəxanaya yerləşdirilib.
Sumqayıt Şəhər Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Nadir Təkvəlinin verdiyi məlumata görə, həmi şəxslər xəstəxanaya ağır qəlpə yaraları ilə yerləşdirilib. O, yaralıların vəziyyətinin orta-ağır kimi qiymətləndirildiyini bildirib.
Qeyd edək ki, silahlı şəxslərin zərərsizləşdirilməsi əməliyyatı Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Bunlar rəsmi məlumatlardır. Bir müddət əvvəl isə vəhhabilər Qusarda baş vermiş atışmada bir polis zabitinin həyatına son qoymuşdular.
Ondan əvvəl isə...
Bu il iyunun 1-də Pakistanın cənub şərqində Qvetta şəhərində Əliabad qəsəbəsində kamikadze özünü şiə mədrəsəsinin yanında partlatmaqla terror aktı həyata keçirib. Hadisə zamanı ən azı 28 nəfərin öldürüldüyü önə çəkilir. Öldürülənlər arasında uşaqların olduğu bildirilir. Terror aktını vəhhabi-təkfirçilər olan "Ləşqəri Cəngvi" öz üzərinə götürüb. Polisin açıqlamasına görə, terrorçu velosipedlə əraziyə gəlib və üzərində olan partlayıcı qurğunu işə salıb. Hadisə zamanı 60-a yaxın insanın da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yaralı olaraq yerləşdiriblər.
Bundaan əvvəl isə...
Dağıstan Respublikasının Xasavyurt şəhərindəki İmam Əli məscidində vəhhabilər terror törədiblər. Həmin məscidin imam camaat Adil Rəhimov hadisənin iftar zamanı baş verdiyini bildirib: "Saat 20.00-da azan oxunub. Azandan sonra namaza başlamışıq. Saat 20.20 radələrində namaz duasını qurtarıb iftar süfrəsinə əyləşmişik. Həmin vaxt məsciddə 70 nəfərə yaxın adam var idi. Birdən məscidin qapısı sürətlə açıldı, içəriyə iki maskalı şəxs daxil oldu. "Allahu Əkbər" qışqıra-qışqıra avtomatdan atəş açmağa başladılar. Lakin qapı qəfildən bağlandığı üçün onlar təlaşa düşdülər. Birtəhər qapını açıb qaçdılar. Biz hesab edirik ki, hadisə vəhhabilər tərəfindən törədilib. Mahaçqalada 60 min tirajla çıxan, Dağıstanın dini işlər üzrə qurumuna məxsus rəsmi "Əs-salam" qəzetinin iyun, iyul və avqust nömrələrində belə bir fikri gedib ki, şiələr kafirdir, onları öldürmək savabdır. Hadisəni törədən şəxslər elə bir vaxt seçiblər ki, həmin vaxt küçədə post patrul xidmətinin əməkdaşları olmayıb. İftar zamanı olduğundan küçələr boş idi, onlar da rahat qaçıblar".
Bundan da əvvəl isə ...
Əvvələ getdikcə baş tutmamış terror aktları və yenə də atışmalar göz önündə canlanır.
Nə deməkdir axı bu? Vəhhabilərin son ilərdə Azərbaycanda, Rusiyada və dünyanın digər ölkələrində törətdikləri teraktlar zaman-zaman insanı hiddətə gətirir. Doğrudanmı, onların qabağını almaq mümkün deyil?
Bu suala cavab tapmaq məqsədilə müstəqil hüquqşünas Namizəd Səfərovla söhbət etdik. O, "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Mən bir vətəndaş və ziyalı kimi vəhhabilərin hansı dini prinsiplərə malik olduqlarından xəbərsizəm. Onların İslam dinini necə şərh etdiklərini, gündəlik yaşayışlarında, fəaliyyətlərində hansı prinsipləri üstün tutduqlarını deyə bilmərəm. Yəni ümumiyyətlə, bu mövzu ilə maraqlanmamışam. Lakin mən bunun da tərəfdarı deyiləm ki, bu təriqətə mənsub olan kiminsə törətdiyi qanunsuz əməl və yaxud cinayəti bütövlükdə həmin təriqətin və yaxud ümumən təriqət üzvlərinin adına yazılsın. Belə bir yanaşma qeyri-hüquqi və önrəyçilik formalaşdırmaq olardı. Hər kəs törətdiyi əməlin və ya cinayətin cavabını özü verməlidir".
Hüquqşünasın sözlərinə görə, "Azərbaycanda icra edilən istintaq praktikası kifayət qədər qüsurlu olduğundan bir sıra qrupların cinayətləri kölgədə qalır. Bunu istintaq müəyyənləşdirməlidir ki, vəhhabi təriqətinin ayrı-ayrı üzvlərinin törətdikləri cinayətlər planlı şəkildə baş verir, yoxsa ixtiyari şəxsi motivlər əsasında. Əgər bu cinayətlər müəyyən sistemliliyin əlamətini ortalığa çıxardarsa, o zaman ölkənin qanunvericiliyi həmin təriqətin fəaliyyətini qadağan etməyə imkan verir".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10