Türk nazirin yersiz İrəvan səfəri
13:18 13-12-2013
CƏMİYYƏT
Türk nazirin yersiz İrəvan səfəri
Professor Davudoğlunun yeni “erməni acılımı” və ya Türkiyə kimi böyük dövlətin xarici işlər nazirini Ermənistanda pərt eləməyə dəyərdimi...
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün İrəvana səfərə gedir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirlərinin toplantısına qatılmaq üçün İrəvandan aldığı rəsmi dəvət əsasında Ermənistan paytaxtına yollanan Davudoğlunun səfəri üç ildir toz basmış Sürix protokollarını yenidən gündəmə gətirib. Çünki rəsmi Ankara QDİƏT toplantısını Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan Cənubi Qafqaz sülh prosesi üçün mühüm fürsət kimi dəyərləndirib və öz xarici işlər nazirini İrəvana ezam etməyi lazım bilib.
Bəs Əhməd Davudoğlunun beynəlxalq toplantıya ev sahibliyi edən ölkə kimi Ermənistandan göndərilmiş formal dəvətdən dördəlli yapışıb İrəvana getməsinə dəyərdimi? Bu səfər Türkiyənin Cənubi Qafqaz diplomatiyasına - Ermənistanla münasibətlərin normallaşmasını və Qarabağ münaqişəsinin nizamlanmasını özündə cəmləşdirən xarici siyasət prioritetinə nə verə bilər?
Bəri başdan aydındır ki, heç nə.
Əvvəlcə onu qeyd etmək lazım gəlir ki, Türkiyə hökumətinin “erməni acılımı” strategiyası - 2009-cu ildə başladılan və Bakıdan gizli saxlanılan, 2010-cu ilin payızında Sürix protokollarının imzalanması ilə məntiqi sonluğuna çatan, ancaq Azərbaycanın qətiyyətli mövqeyi və Ərdoğan hökumətinin yanlış hesablamaları üzündən həyata keçirilməsi mümkün olmayan barışıq prosesi - ətrafında müəyyən üstüörtülü canlanma başladığı haqda xəbərlərə hələ bu səfərdən aylar əvvəl də rast gəlmək olardı.
Həmin xəbərlərə görə, Türkiyə prezidenti Abdulla Gül Sürix protokollarının ratifikasiyasına nail olmaq üçün erməni tərəfi ilə məsləhətləşmələr aparılmasına dair təlimat vermişdi. Yaxud digər xəbərə görə, tərəflər vasitəçilər üzərindən təmaslar quraraq dalana dirənmiş barışıq prosesini canlandırmağın yollarını axtarırdılar. Hərçənd ki, erməni tərəfi qətiyyətlə bildirirdi ki, 2010-cu ilin payızından etibarən Türkiyə tərəfi ilə heç bir rəsmi və qeyri-rəsmi təmas saxlamır.
Türkiyə hökumətinin Qarabağ məsələsini kənara qoyaraq Ermənistanla barışıq prosesini irəli aparmağın qeyri-mümkünlüyünü anladığına şübhə yoxdur. 2010-cu ildən bu yana Azərbaycanın Türkiyə üçün iqtisadi-siyasi əhəmiyyəti azalmayıb, əksinə, artıb. İki ölkə arasında yeni enerji layihəsi - TANAP kəmərinin çəkilməsinə başlanılmaq üzrədir. Azərbaycan Türkiyədə ən iri investorlardan birinə çevrilir, ARDNŞ (SOCAR) bu ölkəyə 20 milyard dollara qədər yatırım qoyacağını elan edib.
Digər tərəfdən, Azərbaycanın maraqlarını nəzərə almadan regionda hər hansı təşəbbüsün həyata keçirilməsinin qeyri-mümkünlüyünə təkcə Türkiyədə yox, vaxtilə Qarabağ məsələsini bir kənara qoyub erməni-türk barışığı prosesini başladan digər ölkələrdə də əmin olublar. Ona görə də Azərbaycan baxımından Türkiyə hökumətinin Ermənistanla dialoqu yenidən başlatmaq səylərinin indiki mərhələdə narahatlıq doğurmadığını demək olar.
Digər tərəfdən, rəsmi Ankara bildirir ki, xarici işlər nazirini İrəvana göndərmək qərarına Azərbaycan və Ermənistan prezidentləri arasında üç ilə yaxın davam edən fasilədən sonra ötən ay Vyanada baş tutmuş görüşün təsiri altında gəliblər. Hərçənd ki, Vyana danışıqlarında hansısa konkret irəliləyişlərin qeydə alındığı məlum deyil, tərəflər sadəcə olaraq yüksək səviyyədə danışıqları yenidən bərpa etməyi razılaşdırıblar.
Belə bir vaxtda Türkiyə diplomatiyası nədənsə “regionda sülhün əldə edilməsi üçün yeni fürsət yarandığı” qənaətinə gəlib. Əhməd Davudoğlu İrəvana getmək fürsətini əldən buraxmayıb və Türkiyə hökumətinə bağlı KİV-lər bu səfər ərəfəsində durmadan belə məlumatlar yayıblar ki, o, əliboş getmir.
Bu xəbərlərə görə, Davudoğlu İrəvana təklif edəcək ki, Azərbaycanın Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonundan 2-ni boşaltmağa razılıq versin. Əvəzində Türkiyə sərhədləri açsın.
Ardınca Ermənistan XİN-i cavab addımı atdı. Edvard Nalbəndyanın “kontorundan” mətbuata bildirdilər ki, Ermənistan tərəfi də boş dayanmır və Davudoğlunun səfəri ərəfəsində Ankaraya üç bəndlik “yol xəritəsi” göndərib. “Yol xəritəsi” sadədir: Türkiyə “erməni soyqırımı”nı tanıyır, erməni diasporu qarşısında üzr istəyir, sərhədləri dərhal açır və əvəzində Qarabağ sülh prosesində iştirak etmək üçün hansısa onuncu dərəcəli rola malik olur. Bildirilirdi ki, erməni tərəfi Davudoğlundan İrəvanda bu təkliflərə cavab gözləyəcək.
Daha sonra erməni tərəfi Əhməd Davudoğlunun İrəvana səfəri ərəfəsində Kiyevdə, ATƏT xarici işlər nazirlərinin toplantısında erməni həmkarı ilə danışmaq üçün az qala onun dalınca qaçdığını açıqladı. Demə, Nalbəndyan onun əlindən qaçmaq üçün tualetdə də gizlənməli olubmuş. Bununla da Davudoğlunun bütün səyləri boşa çıxıb.
İnformasiya müharibəsi bununla da bitmədi. Türkiyə tərəfindən mətbuata bildirdilər ki, Davudoğlunun İrəvanda prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla ayrıca görüşləri planlaşdırılıb. Ancaq Sərkisyanın mətbuat katibi belə görüşün planlaşdırılmadığını və baş tutmayacağını elan etdi.
Başqa sözlə, erməni tərəfi bütün mümkün yollarla Türkiyə tərəfinə çatdırdı ki, Davudoğlunun İrəvana səfərindən və hətta epizodik də olsa Qarabağ məsələsindən söz açmasından qətiyyən məmnun deyillər.
Ancaq Ərdoğan hökumətinin “bütün qonşularla sıfır problem” strategiyasının (bu strategiyanın necə yararsız çıxdığına dair çoxsaylı misallar göstərmək olar-red.) müəllifi, professor Əhməd Davudoğlu heç ruhdan düşənə oxşamırdı. Cəmi bir gün əvvəl o, bəyan etdi ki, Ankara Cənubi Qafqazda sülhə nail olmaq üçün “istənilən addımı” atmağa hazırdır.
Bu gün isə Davudoğlunun ABŞ dövlət katibi Con Kerriyə zəng edərək İrəvana səfəri ərəfəsində Cənubi Qafqazdakı situasiyanı müzakirə etdiyi açıqlanıb. “Haber 7” telekanalı bildirir ki, tərəflər arasında telefon danışığı zamanı bir sıra regional məsələlərlə yanaşı Davudoğlunun İrəvana səfəri də müzakirə olunub.
Türkiyə xarici işlər nazirinin İrəvana yollanmazdan əvvəl Vaşinqtona zəng etməsini başa düşmək olar. Axı Türkiyə-Ermənistan barışıq prosesi məhz ABŞ-ın layihəsi idi və prezident Obama, onun administrasiyası hakimiyyətdə olduğu ilk 4 ildə Cənubi Qafqaz siyasətini az qala bütünlüklə bu məsələyə həsr etmişdi. Dövlət katibi olmazdan əvvəl Senatda erməni dəstək qrupunun fəal üzvlərindən olan Con Kerri və Obamanın digər tərəfdaşları inanırdı ki, Qarabağ şərtini kənara qoymaqla bu barışıq prosesini həyata keçirmək olar.
Ə.Davudoğlu İrəvana səfəri ərəfəsində C.Kerridən nə kömək xahiş edib - bu, məlum deyil. Ancaq məlum olanı budur ki, Davudoğlu hələ İrəvana getməmiş erməni tərəfi onu pərt etmək üçün əlindən gələni edib. Ən azından prezident Sərkisyanın nümayişkaranə şəkildə, Türkiyə tərəfinin israrlı müraciətlərinə baxmayaraq Davudoğlu ilə görüşməyəcəyini elan etməsi bu səfərin tamamilə yersiz olduğunu göstərir.
Xatırladaq ki, 2009-cu ildə İrəvanda QDİƏT toplantısında iştirak edən Türkiyənin o zamankı xarici işlər naziri Əli Babacanla Serj Sərkisyan arasında görüş olmuşdu.
Erməni tərəfi Türkiyənin öz siyasətini Azərbaycanın maraqlarını nəzərə alaraq qurmasını heç cür qəbul etmək fikrində deyil və Ankara ilə barışıq prosesinin Qarabağ şərtinə bağlanmasını yaxına buraxmır. Türkiyə isə ermənilərə cavabsız dostluq jestlərindən başqa rıçaqlara malik deyil. O zaman boş yerə daha bir dostluq jesti edib İrəvana getməyə dəyərdimi?
Fərhad Məmmədov
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10