Milli Şura qeyri-müəyyən durumda, Müsavat isə yarıyolda
12:50 14-12-2013
CƏMİYYƏT
Milli Şura qeyri-müəyyən durumda, Müsavat isə yarıyolda
Yalquzaq perspektivi Müsavata heç nə vəd etmir
Müsavat liderlərinin Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyi ilə bağlı bu quruma qarşı irəli sürdüyü iradların və hətta Müsavat Partiyasının qurumu tərk edəcəyi ilə bağlı səsləndirdikləri fikirlərin arxasında hansısa ciddi taktiki niyyətlərin durduğu şübhəsizdir. Çünki müxalifətin həm üzvlərinin sayı baxımından, həm də nüfuzuna görə sayılıb-seçilən partiyası olan Müsavatın söz güləşdirmək xatirinə Milli Şuranın digər üzvləri ilə daban-dabana qoyması da inandırıcı görünmür.
Milli Şuranın və Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı mətbuata bildirib ki, “Müsavatın siyasi partiya və təşkilatlarla apardığı müzakirələrdə təkcə Milli Şurada baş verənlər yox, ikitərəfli əməkdaşlıq müzakirə ediləcək. Hər halda bizim Milli Şuradan gözləntilərimiz doğrulmasa, qurumdan çıxmaq məsələmiz aktualdır”.
Onun dediyinə görə, “Fəxri sədrlik məsələsi müzakirə mövzusu deyilsə, bizim partiyanın da mövqeyi birmənalıdır. Siyasi cəhətdən formalaşmamış bir insanın sədrliyi altında koalisiyada bundan artıq fəaliyyət göstərə bilmərik”.
Bu məqamda istər-istəməz bir sıra suallar meydana çıxır:
1.“Siyasi cəhətdən formalaşmamış bir insanın”, yəni Rüstəm İbrahimbəyovun liderliyi ilə yaradılmış bir qurumda Müsavatın nə işi var idi və onun prezidentliyə vahid namizədliyini niyə dəstəkləyirdi?
2.Prezident seçkilərindən əvvəl də Rüstəm İbrahimbəyov Milli Şuranın əməli siyasətində ciddi rol oynaya bilmirdisə, müsavatçılar bu gün həmin quruma faktiki olaraq ciddi şəkildə liderlik etmək iddiası sərgiləyən və nümayiş etdirən Cəmil Həsənlinin çətiri altına niyə girmək istəmirlər? Bunu da unutmayaq ki, Cəmil Həsənli milli-azadlıq hərəkatının lap əvvəlindən siyasətdədir və onun siyasi təcrübəsi başqalarınınkından az deyil.
3.Bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran problemlər prezident seçkilərindən öncəki problemlərdən xeyli ciddi və daha çox taleyüklüdür. Təbii ki, belə bir vəziyyətdə həm cəmiyyətin, həm də müxalifətin təmərküzləşməsinə daha çox ehtiyac var. Bəs elədirsə, Müsavat Partiyası niyə mərkəzdənqaçma meyli nümayiş etdirir?
Təbii ki, bu suallara müsavatçı funksionerlərin öz cavabları ola bilər. Müşahidəçilərin fikrincə, prezident seçkilərindəki olduqca asan məğlubiyyətdən sonra qarşıdan gələn parlament seçkilərinə hazırlaşmaq lazımdır və çox güman ki, Müsavat Partiyasının indiki manevrləri məhz bu hədəflə bağlıdır.
Doğrudanmı, Müsavat Partiyası parlament seçkilərinə təkbaşına gedəcək və bu qayda ilə də həmin seçkilərdən nəsə əldə edəcəyinə əmindir?
Düşünmürəm...
Ən azından, ona görə ki, ölkədə mövcud olan seçki reallıqları bizim kimi qara bəndələrə gün kimi aydındırsa, Müsavatın qosqocaman funksionerlərinə və liderlərinə çoxdan, 1993-cü ildən , lap elə 1992-ci ilin prezident seçkilərindən bəri də yaxşı məlumdur.
Onda Müsavat Partiyasının ümidi və hesabı nəyədir?
Fikrimizcə, Rüstəm İbrahimbəyov məsələsi bəhanədir. Müsavatçılar Rüstəm İbrahiməbəyovu hədəfə götürməklə, əslində, Cəmil Həsənliyə hücum edirlər.
Niyə? Çünki Cəmil Həsənli lap əvvəldən müxalifət mühitində olsa da, AXCP-yə iki “köynək” daha yaxındır. “Köynəyin” birinci qatı bundan ibarətdir ki, Cəmil Həsənli vaxtilə AXCP sədrinin müavini olub və AXCP-çilərlə daha isti münasibətlərə malikdir.
“Köynəyin” ikinci qatı isə budur ki, Cəmil Həsənli həm də Ziyalılar Forumunun üzvü kimi Milli Şurada daha bir dayağa malikdir. Göründüyü kimi, Müsavat Partiyası Milli Şuradakı gələcək proseslərdə, prinsipial məqamlarda AXCP-Cəmil Həsənli-Ziyalılar Forumu birliyinin qarşısında tək qala bilər. Və bu perspektiv istənilən iddialı subyektə xoş gəlməməlidir.
Müsavat partiyası AXCP-Cəmil Həsənli-Ziyalılar Forumu birliyində ən ciddi halqanın AXCP olduğunu da nəzərdən qaçırmır. Buna görə də gələcəkdə Milli Şura formatında AXCP-nin diqtəsi altına düşmək perspektivi onu heç də məmnun eləmir.
Bunu da unutmayaq ki, AXCP ilə Müsavat Partiyası İctimai Palatada iki başı bir qazanda qaynada bilmədikləri üçün Rüstəm İbrahimbəyovun “obşi katyol”una qatılmağa razı oldular.
Göründüyü kimi, yalquzaq perspektivi də Müsavata heç nə vəd eləmir.
Bəs Müsavatın hesabı nəyə hədəflənib?
Bu məqamda adamın ağlına ən qara fikirlər gəlir və çalışırsan ki, bu fikirləri hər vəchlə özündən kənarlaşdırasan...
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10