Siyasi partiyalar haradan maliyyələşir?
23:09 18-12-2013
CƏMİYYƏT
Siyasi partiyalar haradan maliyyələşir?
YAP-çı deputat: “Siyasi partiyalar QHT-lərin arxasında gizlənir”
Ölkədə fəlaiyyət göstərən siyasi partiyaların maliyyə qaynağı mövzusu zaman-zaman gündəmə gəlir və bu barədə daban-dabana zidd fikirlər səslənir. Məsələn, Milli Məclisin dünənki iclasında çıxış edən deputat Siyavuş Novruzov siyasi partiyaları QHT arxasında gizlənməkdə ittiham edib: “Bu gün bir sıra partiyalar QHT-lər tərəfindən maliyyələşir. Siyasi partiyalar hesabatları vermirlər. Vergi hesabatlarında siyasi partiya rəhbərlərinin “gəliri yoxdur” yazırlar. Bu necə olur? Gəlirin yoxdur, amma rəngin günü- gündən açılır? Bəlkə o qərargahlarda göydən dollar yağır?”
Yada salaq ki, hazırda yalnız Milli Məclisdə təmsil edilmiş partiyalar dövlət büdcəsindən maliyyə vəsaiti ala bilir. Amma məsələnin başqa bir tərəfi də var: Milli Məclisdə təmsil edilmiş partiyaların hamısının üzvlərinin cəmi sayı iri müxalifət partiyalarından birindəki üzvlərin sayı qədər deyil...
Bəs bu barədə siyasətçilər nə deyirlər?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Milli Məclisdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların maliyyə mənbələrinin bu müstəvidə müzakirə edilməsi bir daha göstərir ki, Azərbaycan hökuməti ölkədə çoxpartiyalı siyasi sistemin formalaşmasında maraqlı deyil. Təsəvvür edin ki, müəyyən insanlar hansısa müxalifət partiyasına qoşulublar və burada öz maraqlarını ifadə etmək üçün şərait yaratmaq niyyətindədirlər. Hökumətin borcudur ki, insanların seçimlərinə hörmətlə yanaşıb onların siyasi fəaliyyəti üçün şərait yaratsın”.
Partiya sədrinin sözlərinə görə, “Bir partiya sədri kimi deyə bilərəm ki, Azərbaycanın indiki reallığı şəraitində siyasi qurumun normal fəaliyyət göstərməsi çox çətindir, bəzən isə, sadəcə, mümkünsüzdür. Müvafiq tələblərə cavab verən binanın icarəyə götürülməsi, bu binanın kommunal (işıq, qaz, su və s.) xərclərinin ödənilməsi, az sayda işçilərin əməkhaqlarının verilməsi bizim məhdud maliyyə imkanlarımız baxımından xeyli xərc tələb edir. Bu qədər maliyyə vəsaitini əldə etmək imkanımız isə olduqca məhduddur. Açığı budur ki, ölkədə normal və legitim iqtisadiyyat olmadığından iş adamları siyasi qurumlara ianə verməkdən və yaxud pul yardımı etməkdən ehtiyat edirlər. Bütün dünyada siyasi partiyaların yeganə maliyyə mənbəyi məhz sadaladığım yollarla formalaşır. Ona görə də bu ölkədə siyasi partiya qurmaq və onu yaşatmaq çox müşkül məsələdir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərlinin “Unikal”a dediyinə görə, “Siyasi partiyaların ilk maliyyə qaynağı onun üzvlərinin partiyanın büdcəsinə verdiyi üzvlük haqları və ianələrdir. Siyasi partiya həm də öz fəaliyyəti ilə bağlı müəyyən materialların hazırlanıb buketlər, kitabçalar, plakatlar və s. formada alıcılara satılmasından da gəlirlər əldə edə bilər. Əgər hazırda bizdəki siyasi qurumlar bu üsullarla maliyyə əldə edə bilmirlərsə, deməli, üzvlərinin sayını göstərərkən şişirtmələrə yol verirlər. Və yaxud çap materialları hazırlayıb satışa buraxa bilmirsə, deməli, özünün siyasi reytinqinə çox da güvənmir”.
Qəmbərli hesab edir ki, “Hazırda ölkədə parlamentdə təmsil edilməyən xeyli siyasi partiya var və onlar müəyyən siyasi iddialarla yaşayırlar. Dövlətin bir nömrəli borcudur ki, həmin partiyaları xarici dairələrin müəyyən təsirlərindən qurtarmaq üçün onların da maliyyə problemini həll etsin. Bu addımın atılması dövlətçilik maraqlarının qorunması üçün son dərəcə vacibdir”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10