Neft-qaz strategiyasının təntənəsi
11:09 20-12-2013
CƏMİYYƏT
Neft-qaz strategiyasının təntənəsi
Azərbaycanın sayəsində bir çox Avropa ölkələrinin 2048-ci ilə qədər qaz təchizatı ilə bağlı heç bir problem olmayacaq
Bu günlərdə Bakıda Heydər Əliyev Mərkəzində «Şahdəniz» layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalandı. Bu mühüm hadisədir və Azərbaycanın dünya miqyasında nufuzunun bariz göstəricisi sayıla bilər. "Şahdəniz-2"nin işlənməsindən hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə keçməklə İtaliyaya qədər 3 500 km-dən artıq boru kəmərləri vasitəsilə çatdırılacaq. İmzalanmış bu böyük layihə regionun gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır. Saziş Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirməklə bölgəni birbaşa Avropa bazarlarına çıxaracaq. Bu isə Azərbaycana ilk dəfə olaraq özünün qaz ehtiyatlarını birbaşa dünya bazarına çıxış imkanı verəcək. Avropa 2019-cu ilin sonundan başlayaraq ildə 10 milyard kubmetr qaz alacaq.
Ekspertlərin fikrincə, layihə təkcə Azərbaycana yox, bu layihədə iştirak edən 2 qlobal layihəyə böyük dinamiklik gətirəcək. Belə ki, bu qərar Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. TAP TANAP və Şahdəniz -2 layihələri ilə Azərbaycanın Avropanın qaz təhlükəsizliyi məsələsinə böyük töhfə verəcəyi şübhəsizdir. Bir çox Avropa ölkələrinin 2048-ci ilə qədər qaz təchizatı ilə bağlı heç bir problem olmayacaq. Bu, Avropanın rəqabətliliyinin artırılmasında mühüm rol oynayacaq “Cənub Dəhlizi” kəməri ilə Xəzər qazının Avropaya daşınması deməkdir.
Neft Araşdırmaları Fondunun prezidenti İlham Şabanın “Unikal”a dediyinə görə, “Azərbaycan qazının Avropaya nəqli üçün 4 iri layihə həyata keçirilir. Çünki ölkəmizin Avropa Birliyi qarşısında bir öhdəliyi vardır ki, 2019-cu ilə qədər Azərbaycan öz qazını Şahdəniz-2 vasitəsilə Avropaya nəql etməlidir. Azərbaycanın Xəzər sektorunda qaz ehtiyatlarının ilkin həcmlərinin Avropaya çatdırılması yönümündə atılan bir addımdır. Şahdəniz 2, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi, TANAP və TRANS Adriatik boru kəməri layihəsi hamısı avtonom şəkildə bir-birinə uzlaşaraq həyata keçirilməlidir”.
Ekspert hesab edir ki, “Bu layihə 2012-ci ildə Azərbaycanla Türkiyə arasında bağlanmış kommersiya müqaviləsinə əsaslanaraq həyata keçirilir. Cari ilin sonuna qədər müqavilə çərçivəsində pay sahibləri öz aralarında bütün hüquqi məsələləri həll edəcək və TANAP CO şirkətini formalaşdıracaqlar. Bundan sonra 2014-cü ildən başlayaraq artıq torpaq məsələləri öz həllini tapmalıdır ki, tenderlər elan olunsun. Tenderin nəticələrinə görə, proses davam etdiriləcək. Burada əsas pay (51 faiz) Dövlət Neft Şirkətinindir, 49 faiz isə BP, STATOİL və TOTAL arasında bölünüb. Azərbaycan ilk dəfə olaraq bu cür meqalayihədə operator funksiyasını həyata keçirəcəkdir. Bunun üçün də ölkəmiz bütün imkanlarından istifadə edərək layihənin reallaşmasına çalışır”.
İ. Şabanın sözlərinə görə, “Rusiya hər zaman keçmiş Sovetlər Birliyinə daxil olan ölkələrə qısqanclıqla yanaşıb. Bu və ya digər alətlərdən istifadə etməklə bu ölkələri yenidən öz təsir dairəsinə salmaq istəyir. Azərbaycan öz enerji təhlükəsizliyini qorumaq məqsədilə praktiki addımlar atmağa başladı. İlk dəfə olaraq 1996-ci ilin oktyabrında qərara alındı ki, Qərb marşrutu üzrə boru kəməri Bakı-Supsa çəkilsin. Daha sonra Bakı-Tbilisi-Ceyhanın tikintisi qərara alındı. O zaman Rusiya müxtəlif təziqlər edirdi ki, bu boru kəmərləri onun ərazisindən keçsin. Amma bu kimi təziqlərə baxmayaraq Azərbaycan öz qazını şaxələndirdi. Bu gün bizə regionda heç bir ölkənin təsiri ola bilməz. Azərbaycan bu il sentyabr ayında Avropanın 9 şirkəti ilə 25 il müddətinə kommersiya müqaviləsi imzaladı. 2019-cu ildən başlayaraq öz qazını Trans Adriatik boru xətti ilə ixrac edəcək. Ölkəmizdə qaz ehtiyatları çox olduğundan təbii ki, iri layihələrin həyata keçirilməsi də məhz bununla bağlıdır”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00