Qonorarla dolanmaq olarmı?
11:11 20-12-2013
CƏMİYYƏT
Qonorarla dolanmaq olarmı?
Bu il 90 illik yubileyi qeyd olunan şair İslam Səfərlinin oğlu İlham Səfərli atası haqqında xatirələrini danışarkən bildirib ki, “Atam “Göz həkimi” pyesinin qonorarı ilə “Volqa” minik maşını almışdı”.
Oxuculara xatırladaq ki, söhbət 1960-cı illərdən gedir.
Bəs, görəsən, indiki yazarlarımız çap olunmuş əsərlərinə görə nə qədər qonorar alırlar?
“Yazı” ədəbi-bədii dərgisinin təsisçisi və baş redaktoru, tanınmış yazıçı Azad Qaradərəlinin “Unikal”a söylədiyinə görə, “İndi Azərbaycanda bədii əsərlərə görə qonorar ödəyən yoxdur. Bunun da çox sadə səbəbi var: dərgilər və digər mətbu orqanlar qonorar ödəmək gücündə deyil. Ona görə də indiki şəraitdə yazıçılıq peşəsi ilə dolanmağa, ailə saxlamağa çalışmaq dəryada balıq sevdası kmi bir şeydir. Hazırda yalnız bəzi saytlar qonorar ödəyirlər, amma bu saytlar da irihəcmli əsərləri qəbul etmirlər”.
Yazıçının sözlərinə görə, “Ədəbi mətbuatın maliyyə baxımından bu cür yoxsullaşmasının bir sıra köklü səbəbləri var. Başlıca səbəb ondan ibarətdir ki, sovet dövründən fərqli olaraq hazırda bədii ədəbiyyatın oxucu auditoriyası xeyli kasıblaşıb. Həm say baxımından, həm də qazanc baxımından. Sovet dövründə dəyərli bədii ədəbiyyata maraq böyük idi. Hətta hökumət məmurları da fəal oxuculardan hesab olunurdular. İndi isə əsas oxucularımız qadınlar, tələbələr, təqaüdçülər və təsadüfi ədəbiyyat həvəskarlarıdır. Onların da aylıq qazancları hansısa ədəbi dərgini və yaxud kitab almağa bəs etmir. Buna görə də ədəbi orqanlar müəlliflərə qonorar ödəmək bir yana qalsın, hətta mətbəə xərclərini ödəməkdə xeyli çətinliklərlə üzləşir”.
Azad Qaradərəli hesab edir ki, “Ədəbi mətbuatın maliyyə cəhətdən çətin durumda olması həm də ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatında monopoliya hökm sürür. Təbii ki, belə bir şəraitdə reklam bazarı da azad olmur. Yalnız hökumətyönlü mətbu orqanlar reklam materiallarını dərc edə bilir. Sözün düzü, iş adamları və iri şirkətlər də bilir ki, ədəbi orqanların oxucu auditoriyası çox məhduddur. Buna görə də bu qurumlarda reklamlarının yayımlanmasında maraqlı deyillər”.
Tanınmış şair Salam Sarvanın “”Unikal”a verdiyi açıqlamaya görə, “Yazıya görə ödənilən qonorarın məbləği kommersiya sirri olduğu üçün çap edilmiş əsərlərimə görə nə qədər qonorar aldığm barədə danışmayacağam. Bununla belə hesab edirəm ki, ölkədəki qonorar sistemi qələmə verildiyi qədər də bərbad vəziyyətdə deyil. Yəni qonorarla gündəlik dolanışığını təmin etməyi bacaran müəlliflərimiz az deyil”.
Şairin sözlərinə görə, “Yaxşı qonorar almaq üçün müntəzəm şəkildə, hətta gündəlik olaraq yazmaq lazımdır. Bu rejim isə mənim ədəbi əxlaqıma ziddir. Yaradıcı bir adam kimi yalnız mənəvi ehtiyac hiss edərkən yazmağa başlayıram. Lakin ölkədə müəlliflər var ki, gündəlik olaraq köşə yazıları yazırlar və dolanışıqları da pis deyil. Belə müəlliflər müyyən üsluba oturuşmuş müəlliflərdir. Bu üslub onları və hətta onların oxucularını da qane edir. Məsələn, tanınmış köşə yazarı Zamin Hacı belə müəlliflərdəndir. Lakin o mənim müəllifim deyil”.
Tanınmış köşə yazarı və şair Elnur Astanbəyli isə “Unikal”a bildirdi ki, “Mənim bildiyimə görə, Azərbaycan Yazıçılar Birliyinə məxsus olan “Azərbaycan” və “Ulduz” dərgilərində dərc edilmiş bədii əsərlərə görə müəlliflərə simvolik və komik bir qonorar ödənilir. Dövlət büdcəsindən Yazıçılar Birliyinə ayrılan maliyyə vəsaitinin əsas hissəsi Anar müəllimin turist səfərlərinə və Fikrət Qocanın kommunal ehtiyaclarına sərf edilir. Hazırda əsas qonorar ödəyiciləri gündəlik ictimai-siyasi qəzetlərdir. Araşdırma yazılar və köşə yazılarına görə ödənilən qonorarlar nisbətən qəaətbəxşdir. Güman etmirəm ki, bədii əsər yazanlar qonorarla dolanmaq xəyalında ola bilərlər. Bu yalnız xəyallarda baş tuta bilər”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00