Prezident İlham Əliyev Angela  Merkeli və Mişel Baçeleti təbrik edib
Prezident İlham Əliyev Angela
Merkeli və Mişel Baçeleti təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli xanım Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri, siyasi, iqtisadi və humanitar sahələrdə çoxşaxəli səmərəli əməkdaşlığımız xüsusi məmnunluq doğurur.
Əminəm ki, qarşılıqlı faydalı iş birliyimizi, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə fəaliyyətimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, dost Almaniya xalqının rifahı naminə məsul işinizdə yeni-yeni uğurlar diləyirəm".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti xanım Mişel Baçeletə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli xanım Baçelet,
Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Çili münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, dost Çili xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".