Türkiyədə AKP iqtidarı sona çatır
11:49 21-12-2013
CƏMİYYƏT
Türkiyədə AKP iqtidarı sona çatır
Türkiyədə baş verməkdə olan qalmaqallı hadisələr bütün dünya mətbuatının diqqət mərkəzindədir. Amerikanın nüfuzlu "The New York Times" qəzeti bu hadisələri sufi vaizi, nurçu kəsimin lideri Fətullah Gülənlə baş nazir Ərdoğan arasında qarşıdurma kimi şərh edib.
Qəzet yazır ki, hazırda Pensilvaniyada yaşayan F.Gülənin hökumətdə, hüquq-mühafizə orqanları, təhsil sistemi və s. sahələrdə xeyli ardıcılları var. Ziddiyyətlərin mənbəyinə gəlincə məqalədə qeyd olunur ki, əsas narazılıqlar Ərdoğan hökumətinin Yaxın Şərq, xüsusən Suriyada qiyamçıları dəstəkləməsidir. Türkiyədəki yaxın seçkilər ərzində qalmaqalın böyüməsini qabardan "The New York Times" qeyd eləyir ki, bu proseslər AKP elektoratını bölə bilər və nəticədə Ərdoğan xeyli seçici səsi itirəcək.
Və bu itkinin nəticəsi nə olacaq? Dalbadal on il baş nazir seçilən Ərdoğan bu fırtınadan salamat çıxıb seçicilərin etibarını yenidən qazana biləcəkmi?
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "Unikal"a bölüşdüyü fikrə görə, "Ərdoğan hökuməti və bütövlükdə AKP bu qəfil zərbədən sonra tam şəkildə iflasa uğrayacaq və növbəti parlament seçkilərində onların məğlubiyyəti qaçılmazdır. Bəlkə də, qarşıdan gələn bələdiyyə seçkiləri olmasaydı, erkən parlament seçkiləri gündəmə gələ bilərdi. Amma artıq bələdiyyə seçkilərinə start verilib və bu seçkilərdə AKP-nin əhəmiyyətli səs qazanacağı böyük şübhə altındadır. Çox güman ki, bələdiyyə seçkilərindən sonra Türkiyənin Böyük Millət Məclisində erkən seçimlərə getmək barədə qərar qəbul ediləcək. Yəni prinsipcə məsələ artıq həll olunub, AKP-nin iqtidardan getməsi qaçılmazdır".
Partiya sədrinin sözlərinə görə, "Ərdoğanın komandasının indiyə qədər bütün seçkilərdə qələbə qazanmasının iki mühüm səbəbi var idi. Birinci səbəb bu idi ki, AKP iqtidarı dövründə, həqiqətən də, ölkədə iqtisadi yüksəliş hiss olunmağa başlamışdı. Buna görə də AKP öz ətrafında geniş elektorat toplaya bilmişdi. Digər mühüm səbəb isə Qərbin, xüsusən də Birləşmiş Ştatların seçkilərdə AKP-yə dəstək verməsi ilə bağlı idi. Qalmaqallı həbslərdən sonra Ərdoğan bu dəstəklərin hər ikisindən məhrum olmaq üzrədir. Bildiyiniz kimi, Birləşmiş Ştatlar indiyə qədər İrana qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməklə onu nüvə proqramından imtina etməyə cəhd edirdi. 87 milyard avronun Rza Zərrabın vasitəsilə İrandan Türkiyəyə keçirilməsi faktı isə Ərdoğanı Qərbin dəstəyindən tam şəkildə məhrum edəcək. Rza Zərrab kimi təsadüfi bir iş adamının bu qədər nəhəng məbləği təkbaşına nəql edə bilməsi qətiyyən inandırıcı görünmür. Və yaxud heç kimin tanımadığı Əli Ağaoğlunun birdən-birə Türkiyənin mənzil tikintisi sektorunda önəmli fiqura çevrilməsi də çox qaranlıq mətləblərdən xəbər verir. Buna görə də tam əminliklə demək olar ki, AKP iqtidarının qürub dövrü artıq başlanıb".
"Qərb-Şərq" Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Oruclunun "Unikal"a söylədiyinə görə, "AKP iqtidarının siyasi fiaskosunun göz önündə olmasına baxmayaraq, Türkiyədə erkən parlament seçimlərinə gedilməsi real görünmür. Çünki AKP Böyük Millət Məclisində üstünlük təşkil etdiyi üçün seçim qərarının qəbul edilməsi də onlardan asılı olacaq. İndiki durumda isə onların bu risqli addımı atacağı ağlabatan görünmür. Bununla belə, qarşıdan gələn bələdiyyə seçkiləri ölkədəki siyasi qüvvələrin nisbətini tam şəkildə ortalığa qoyacaq. Türkiyənin indiki hakimiyyətinin taleyinin necə olacağını məhz bu seçkilər göstərəcək".
Gündüz Nurlanlı
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00