"Böyük rüşvət işi": Ərdoğanın partiyası dağılmağa başladı
12:21 21-12-2013
CƏMİYYƏT
"Böyük rüşvət işi": Ərdoğanın partiyası dağılmağa başladı
Dünyanın ən nüfuzlu KİV-ləri Türkiyədə baş verənlərlə bağlı ilginc təsbitlər irəli sürür
Baş nazir Rəcəp Tayyib Ərdoğan yaxın bir neçə gündə Türkiyə hökumətinin yeni tərkibini açıqlaya bilər. Qardaş ölkənin bəzi KİV-lərinin məlumatına görə, baş nazir 10 illik hakimiyyəti dövründəki ən ciddi islahata hazırlaşır.
Məlumata görə, bələdiyyə seçkilərində namizəd olacaq 3 və adı korrupsiyaya qarışan 4 nəfərlə bərabər daha bir neçə şəxs yeni hökumətdə olmayacaq. Bu isə o deməkdir ki, Ərdoğan hökumətin təxminən yarısını dəyişəcək.
Yeni hökumət kabinetinin artıq dəqiqləşdiyi və Ərdoğanın cibində olduğu bildirilir. Qeyd edilir ki, baş nazir prezident Abdullah Güllə siyahı üzərindəki son görüşdən sonra yeni hökumətin tərkibini açıqlayacaq.
Yeni kabinetin açıqlanmasının Ərdoğanın Pakistana səfərindən sonraya qalacağı gözlənilir.
Xatırladaq ki, üç gün əvvəl bütün Türkiyəni şoka salan, şərti adı "Böyük rüşvət işi" olan əməliyyat həyata keçirilib. Səhər saatlarında keçirilən əməliyyat zamanı İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər həbs edilib. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var. Həmçinin korrupsiya qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.
Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.
Həmçinin, korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.
Avropa Birliyi
Türkiyədə baş verənlərə münasibət bildirdi
Avropa Birlyi (AB) Türkiyədə rüşvət və korrupsiya qalmaqalı ilə bağlı baş vermiş həbslərə münasibətini açıqlayıb. AB hüquqi prosesin müstəqilliyi və tərəfsizliyinin təminat altında olmasının vacibliyini vurğulayıb.
Məsələyə münasibət bildirən Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin məruzəçisi Peter Stano baş verənləri yaxından təqib etdiklərini bildirib: "Təbii ki, baş verənlər diqqətimizi cəlb edib. Baş verənləri yaxından təqib edirik. Komissiya xüsusilə hüquqi prosesin tərəfsizliyi və müstəqilliyinin təminat altında olmasını vurğulayır. Bundan başqa hökumətin istintaqa müdaxilə etməməsi və bu məsələdə məhkəməyə dəstək verməsi onun öhdəliklərindəndir. Komissiya həmçinin, məhkəmə iddialarının tərəfsiz olaraq araşdırılmasının bəzi səlahiyyərtli şəxslərin öhdəliyində olduğunu xatırladır".
Dünya mediasında Türkiyədə yaşananlarla bağlı ilginc rəylər
Dünya mediası Türkiyədə baş verən rüşvət və korrupsiya qalmaqalını birmənalı qarşılamayıb. Ploanetin ən nüfuzlu KİV-lərində yaşananlar barədə fərqli, eyni zamanda ilginc fikirlər irəli sürülüb.
BBC bu barədə yazdığı məqalədə baş nazir Rəcəb Tayyib Ərdoğanın yaralı müttəfiqi tərəfindən hədələndiyini yazıb. Ərdoğan və partiyasının yaxşı təşkilatlandığını, bunu "Gəzi Parkı" hadisələrində göstərdiyini yazan BBC Ərdoğanın bu dəfə özü kimi yaxşı təşkilartlanmış Gülən qrupu ilə qarşı-qarşıya qaldığını vurğulayıb: "İki şəxs arasındakı mübarizə Ərdoğanın hələlik açıqlanmamış 2014-cü il prezidentlik planlarını təhdid edir".
"Financial Times" qəzeti isə, "Türkiyədə korrupsiya əməliyyatı müsəlmanlar arasında siyasi partlayışa səbəb oldu" başlıqlı xəbərində Ərdoğanla Gülən arasındakı davanın çoxdan gözlənildiyini bildirib. Xəbərdə Ərdoğan tərəfdarlarının baş verənlərə görə, Gülən camaatını təqsirləndirdiyi qeyd edilib. İstintaq çərçivəsində 3 nazirin oğlunun və hökumətə yaxın biznesmenlərin saxlanıldığını xatırladan qəzet, "Türkiyənin ən güclü lideri" kimi təqdim etdiyi Ərdoğanın 32 bölmə rəisinin yerini dəyişdirərək qarşı hücuma keçdiyini iddia edib.
"The Guardian" qəzeti Ərdoğanın korrupsiya istintaqını hökumətə qarşı həyata keçirilən "çirkli əməliyyat" kimi göstərdiyini yazıb. Qəzet bildirib ki, ölkədəki siyasi icmalçılar Türkiyədəki mühafizəkar güc mərkəzləri arasında çatlağın böyüdüyünü deyir.
"The Times" qəzeti mövzu ilə əlaqədar yazdığı xəbərdə, "Türk baş nazir Ərdoğan cavab verdi və şöbə rəisləri qovuldu" başlığından istifadə edib. Qəzet həmçinin Ərdoğanla Gülən arasındakı mübarizənin aşkara çıxdığını yazıb.
"Wall Street Journal" Türkiyədə başlayan rüşvət və korrupsiya qalmaqalının ölkənin siyasi bazarlarına mənfi təsir etdiyini, çoxalan siyasi risklərin ölkədəki xərici investorları qorxutduğunu yazıb. "Türkiyə siyasəti bazarları bulandırır. Bu dəfə hakim partiyanın birliyi, buna paralel olaraq 10 illik iqtisadi istiqrar təhlükə altındadır".
AKP-də çöküş başladı
Bu arada məlum olub ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim AKP-də "Böyük rüşvət işi" şərti adlı əməliyyatın ardınca kütləvi istefalar başlayıb. Belə ki, partiyanın Qadınlar Təşkilatı kütləvi şəkildə istefa verib. Məlumata görə, Qadın Təşkilatının sədri Fərzan Çakalla birlikdə onlarla qadın AKP üzvlüyündən ayrılıb.
Qeyd edək ki, F.Çakal 2011-ci ildən bəri AKP Qadınlar Təşkilatına rəhbərlik edirdi.
Onu da bildirək ki, bundan daha öncə də AKP Gənclər Təşkilatının 70 üzvü kütləvi şəkildə istefa vermişdi.
Türkiyə bir gündə
12 milyard dollar itirir
Türkiyə baş nazirinin müavini Hüseyn Çelik televiziya ilə canlı çıxışında İstanbulda korrupsiyaya qarşı aparılmış əməliyyatlar səbəbindən ölkənin 25 milyard türk lirəsi (12 milyard ABŞ dolları) itirdiyini bildirib.
Türkiyə mətbuatı bildirir ki, Hüseyn Çelik lazımlı bütün addımların atıldığını deyib: "Bu şübhəlilərlə bağlı olaraq bütün hər şey gətirilərək prokurorluğa təslim edilib. İndi lazım olan nələrsə edilir. Bundan sonra polis müdirlərini vəzifədən çıxarsanız da bir şey dəyişməz. Polis lazım olanı edib. Bundan sonrası məhkəməyə aiddir. Bu cür istintaqlar özlüyündə Baş Prokurorluğun nəzarətində olmalıdır. Baş prokurorun, valinin, daxili işlər nazirinin xəbəri olmayıb. Ölkədə 25 milyard lirə itki yaradan bir iqtisadi zəlzələ yaşanır, baş nazirsə bu hadisəni televiziyadan öyrənir. Etiraz edilən budur. Yoxsa korrupsiyanın üzərinə həmişə birlikdə gedək",- deyə Hüseyn Çelik vurğulayıb.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00