“Təsəvvür edə bilməzdim ki, Şahdağ  beynəlxalq turizm mərkəzinə çevriləcək”
“Təsəvvür edə bilməzdim ki, Şahdağ
beynəlxalq turizm mərkəzinə çevriləcək”

Prezident İlham Əliyev dekabrın 19-da “Şahdağ” qış-yay turizm kompleksində “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.
İlham Əliyev “Pik Palas” otelindəki mərasimdə nitq söyləyib: “Bura gələrkən mən ilk dəfə bu dağlarda olduğumu yada saldım. Yadımdadır ki, biz Azərbaycanda dağ turizmini inkişaf etdirmək istəyəndə yerin seçilməsi ilə məşğul idik. Xarici mütəxəssisləri dəvət etdik. İlk dəfə burada olarkən mən heç təsəvvür edə bilməzdim ki, Şahdağ qısa müddət ərzində beynəlxalq turizm mərkəzinə çevriləcək. Əlbəttə ki, bizim konkret planlarımız var idi. Çox məhdud vaxt müddəti də qoyulmuşdu. Ancaq deyə bilərəm ki, biz bu dərəcədə inkişaf etmiş və dünyanın ən yüksək səviyyəsinə çatan kurortun yaradılmasını arzulayırdıq, amma bəlkə də təsəvvür edə bilmirdik. Çünki burada heç nə yox idi. Dağlar idi, qar idi. Heç yaşayış yeri də yox idi.
Bu yerdə biz ilk növbədə infrastruktur layihələrinin icrasına başlamışdıq. Yollar, elektrik, qaz, su xətləri çəkildi, bütün digər infrastruktur layihələri icra edildi. Qaldırıcılar tikilməyə başlandı. Birinci otelin tikintisi ilə bağlı konkret qərar verildi. Bu otelin tikintisi təsdiqləndi və tikinti başlandı. Ondan sonra mən hesab etdim ki, Şahdağ bir çox turistləri cəlb edəcək. Belə olan halda burada bir otelin tikintisi yəqin ki, tələbatımızı ödəyə bilməyəcəkdi. Ondan sonra digər otellərin tikintisi ilə bağlı məsələlər qalxdı. Şadam ki, artıq bu meydanda üç otelin tikintisi başa çatır. İki otel bu gün açılır, üçüncü otel isə yəqin ki, bir neçə aydan sonra açılacaq.
“Şahdağ” kurortunun yaradılması ölkəmizin imkanlarını göstərir. Bir halda ki, biz bir neçə il ərzində dünya səviyyəli kurortu yarada bilmişik, deməli, bütün başqa sahələrdə də böyük işlər görməyə qadirik. Əslində bugünkü Azərbaycan reallıqları bunu təsdiqləyir. Biz strateji xəttimizə sadiqik, hədəflər düzgün seçilir, qərarlar, konkret tapşırıqlar verilir, icra müddəti müəyyən edilir və məsələlər öz həllini tapır”.
Çıxışının ikinci bölümündə dövlət başçısı 2013-cü ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulayıb: “Azərbaycan idmançıları Tələbələrin Yay Universiadasında böyük uğurlara imza atıblar - komanda hesabında 15-ci yerə layiq görülüblər, 16 medal qazanıblar. Ümumiyyətlə ölkə idmançıları 780-dən çox medal qazanıblar ki, onlardan 280-ni qızıl medaldır. Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olubdur. Bu da çox böyük göstəricidir.
Azərbaycan idman dövlətidir. Bunu artıq dünya idman aləmi etiraf edir, qəbul edir. İdmanın dayanıqlı inkişafı üçün çox böyük işlər görülür. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar, dünya, Avropa çempionatları keçirilir. Yeniyetmələr, gənclər idmana böyük maraq göstərirlər. İndi idmanla məşğul olmaq üçün bizim gözəl imkanlarımız var. Qırx regional olimpiya mərkəzi fəaliyyət göstərir. Bölgələrdə beş mərkəz tikilməkdədir, beş mərkəzin tikintisi nəzərdə tutulur. Beləliklə, bölgələrdə olimpiya komplekslərinin sayı 50-yə çatacaq. Bakıda böyük idman qurğuları tikilir. Hazırda 65 minlik Olimpiya Stadionu, Böyük Su İdman Növləri Sarayı, Gimnastika Mərkəzi, Stend Atıcılığı Mərkəzi tikilir. Yəni bunlar böyük infrastruktur layihələridir, Azərbaycanda istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradan infrastrukturdur”.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkədə idmanın inkişafına töhfə verən bir qrup idmançıya və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim edib.
Dövlət başçısı “Şahdağ” qış-yay turizm kompleksində tikintisi başa çatmaq üzrə olan yeni beşulduzlu oteldə aparılan tikinti-quraşdırma işləri ilə də tanış olub.