Türkiyəni sarsıdan "Böyük rüşvət işi" ilə bağlı sensasion gəlişmələr
11:17 24-12-2013
CƏMİYYƏT
Türkiyəni sarsıdan "Böyük rüşvət işi" ilə bağlı sensasion gəlişmələr
Əməliyyat zamanı saxlanılan məşhur iş adamının Rəcəb Tayyib Ərdoğanla bağlı şok telefon danışıqları!
Türkiyədə qaçaqmalçılıq və rüşvət əməliyyatında saxlanılan və 3 gündən sonra azad edilən iş adamı Əli Ağaoğlunun sensasion telefon danışığı yayılıb. İş adamı telefon söhbətində işlərindən bəzilərinin baş nazir tərəfindən görüldüyünü bildirib.
Belə ki, Əli Ağaoğlu 2011-ci ildə Vəliəfəndi cıdırının qarşısındakı 70 hektarlıq ərazini satın alıb. 2012-ci ildə o, İstanbul şəhər Bələdiyyəsinə müraciət edərək ərazinin planının dəyişdirilməyini istəyib. İş adamı ərazinin 40 hektarlıq park sahəsinin 25 hektara endirilməyini istəyib. Amma İstanbul şəhər Bələdiyyəsi Məclisi səsvermə ilə bu təklif rədd edilib.
İstintaqa daxil edilən sənədlərdəki iddiaya görə, İstanbul bələdiyyəsinin onun təklifini rədd etməsindən sonra Əli Ağaoğlu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edib. İş adamının İstanbul Bələdiyyəsi Məclisinin üzvü Timur Soysalla telefon söhbətində də bu, qeyd olunur: "Açıq və dəqiq deyirəm ki, mən bu işi nazirliyə etdirmədim, baş nazirə etdirdim. Siz etmədiniz. Qədir bəy min nəfərin qarşısında söz verdi, bu ay dedi, gələn ay dedi, amma etmədi. Mən də getdim hörmətli başçıya dedim. Böyük başçı da nazirə göstəriş verdi ki, bu işi həll edin".
Başqa bir iddiada isə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın adı hallanır. Belə ki, iddiaya görə, ərazidə tikiləcək evlərin hündürlüyünün 35 metrdən 70 metrə qədər artırılmasını və ərazidəki 40 hekatrlıq parkm sahəsinin 26 hektara endirilməsini tələb edən iş adamının təklifi bələdiyyə tərəfindən qəbul edilməyib. Bundan sonra Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar və nazirin köməkçisi Sadıq Soylu işə qarışır.
Onların vasitəçiliyi ilə Ətraf Mühit və Şəhərsalma Nazirliyinin Xüsusi layihə adı verdiyi ərazidə iş adamının istədiyi dəyişikliklər reallaşdırılır.
Oğlu "Böyük rüşvət işi"nə görə tutulan nazir
bu haqda ilk dəfə danışdı
Bu arada Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivısində oğlu həbs olunmuş daxili işlər naziri Muammer Güler hadisədən sonra ilk dəfə mediaya danışıb. Türkiyənin Anadolu Agentliyinə açıqlama verən nazir hadisədən dərhal sonra baş nazir Ərdoğanla görüşdüyünü və ona vəzifəsindən azad olunmaq, istefa vermək də daxil olmaqla hər addıma hazır olduğunu deyib: "İndi baş nazirimizin bununla bağlı verəcəyi qərarı gözləyirəm".
M. Güler deyib ki, o, istintaqa təsir etməmək məqsədilə bu günə qədər susub və prosesləri izləyib: " Bu əməliyyat korrupsiya pərdəsi altında həyata keçirilən çox çirkin bir oyundur. Artıq əməliyyat medianın da manipulasiyaları ilə qaralama kampaniyasına çevrilib və bütün hüquqi çərçivələri aşıb".
Nazir istintaqla bağlı görüntülərin, səs yazılarının və ifadələrin mətbuatda yayılmasının qəbuledilməz olduğunu bildirib və istintaqı aparan orqanların araşdırmanın gizliliyi ilə bağlı qərara əməl etmədiyini deyib: "Qanunlara qarşı açıq hörmətsizlik edilir. Cinayəti isbat edilməyənə qədər hər kəsin günahsız olduğu qəbul edilməli və təqsirsizlik prizumpiyasına əməl olunmalıdır. Danışıqların, yazıların xüsusilə pulla bağlı hissəsində xeyli əlavələr edib, mətbuatda yayırlar. Bizim vətəndaşımız çirkin oyunlar oynanıldığının fərqindədir".
Nazir bildirib ki, əməliyyat onlar və ailə üzvləri ilə yanaşı AKP-ni, deməli, həm də xalqın iradəsini hədəfə alıb: "Bu əməliyyat çərçivəsində 3 ayrı əməliyyat birləşdirilib. İstintaq araşdırması 14 ay davam etmiş bir hadisə, həmçinin 25-26 oktyabrda başa çatmalı olan əməliyyat 52 gün gecikdirilərək, bu əməliyyata birləşdirilib".
M. Güler deyib ki, o, özü ilə bağlı hər cür araşdırmanın aparılmasına hazırdır: "Onsuz da bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarıldığında dərhal araşdırılma aparılmasını tələb edəcəyəm. Mənim kimdənsə rüşvət aldığımı təsdiq edən heç bir dəlil, fakt yoxdur. Heç kim belə bir fakt aşkarlamayıb. Mən bu iddiları heç vaxt qəbul etməyəcəyəm və həqiqətin ortaya çıxmasına çalışacağam".
Nazir deyib ki, istintaqın aparılmasında da ciddi problemlər var: "Bizim müdafiə haqqımızı məhdudlaşdırıb, hər şeyi əvvəlcədən özləri hazırlayıblar. Onların nazirlərin toxunulmazlığının qaldırılması ilə bağlı təqdimat hazırlamaq səlahiyyətləri yoxdur. Amma belə bir sənəd hazırlayıb bunu təcili olaraq ordakı rəsmilərə imzalatmaq istəyiblər. İstintaq bitmədən bütün səs yazıları internetdə yayılıb. Bunu eləyənlər səlahiyyətlərindən sui-isifadə ediblər və qanun qarşısında buna görə məsuliyyət daşıyırlar. Təəssüf ki, polis əməkdaşları da bu işlərə alət ediliblər."
Oğluna qarşı "çirkli pulların yuyulması, qızıl qaçaqmalçılığı, səlahiyyətindən sui-istifadə etmə" kimi ittihamlar irəli sürüldüyünü deyən nazir bunların heç birinin sübuta yetirilmədiyini bildirib: "Onu rüşvət verməyə vasitəçi olmaq ittihamı ilə saxlamışdılar. Halbuki bu ittihamla polisin vətəndaşı saxlaması doğru deyil. Vəkillər indi prosesi izləyirlər".
Daxili işlər naziri hadisə ilə bağlı bütün sənəd, mənbə və digər məlumatların vəkilləri tərəfindən istintaqa təqdim edildiyini bildirib: "Açıq söyləyirəm, mənim qanunsiz bir iş görməyim müzakirə mövzusu belə deyil. Rza Zərrabla bağlı etdiyimiz heç bir işdə qanunsuzluq yoxdur. Qanun imkan verdiyi təqdirdə hər vətəndaşa göstərilən xidmət ona da göstərilib. Onun vətəndaşlığa qəbul edilməsi prosesində heç bir qanunsuzluğa yol verilməyib. Təhdid edildiyi üçün onunla bağlı İstanbul Valiliyinin Mühafizə Komissiyası tərəfindən mühafizə edilməsi ilə bağlı qərar verilib. O, bir polis rəisi tərəfindən açıq təhdid edildiyini rəsmən bildirib və təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə olunmasını xahiş edib. Polis müdirinin yeri təyinatla dəyişdirildikdən sonra isə Zərrab yenə də təhdid edilməsi və barəsində qəzetlərdə nüfuzuna zərər vuran yazılar yazılacağı ilə hədələnməsi barədə rəsmi müraciət edib və bununla bağlı araşdırma başlanıb.
Onu deyim ki, aparılan istintaq araşdırmasında və yayılan səs yazılarında bizim lehimizə olan heç bir fakta yer verilməyib. Bu isə istintaqın məqsədli aparıldığını göstərir".
Daxili işlər naziri istintaqa təzyiq göstərmədiyini, müdaxilə etmədyini də vurğulayıb.
Ərdoğana yaxın mediadan daha bir iddia
Türkiyədə "sui-istifadə və rüşvət" əməliyyatı çərçivəsində həbs olunan "Xalq Bank"ın direktoru Süleyman Aslanın vəkili Ersan Şen müdafiə etdiyi şəxsin Türkiyəyə milyardla dollar qazandıran bir ticarəti həyata keçirdiyini bildirib. Vəkil həmçinin sırf ABŞ-ın mənfəətləri üçün Türkiyənin qanuni ticarətindən imtina etməyəcəyini qeyd edib. Bu barədə qardaş ölkənin Ərdoğana yaxınlığı ilə bilən "Sabah" qəzeti (sahibim baş nazirin kürəkənidir) yazıb.
Qəzet E.Şenin məhkəmədə şok bir iddia ilə çıxış etdiyini bildirib. Belə ki, vəkil BOTAŞ və TÜPRAŞ şirkətlərinə İrandan gələn xam neftin qarşılığı olan pulların "Xalq Bank"da İran hesablarına qoyulduğunu deyib. "Bu pullarının saxlanılması üçün qızıl alınır. "Xalq Bank"a "bu şirkətə ödə" deyilən zaman da pul həmin şirkətə ödənilir. Ortada bir qara pul yoxdur. Əksinə, Türkiyə bu ticarətdən milyardla dollar qazanır. Sırf Amerika mənfəətləri üçün Türkiyə qanuni ticarətindən imtina etməz", - E.Şen vurğulayıb.
2013-cü il 1 İyul tarixində qızıl ticarətinin qadağan edilməsində sonra qida ticarətinin başlandığını bildirən E.Şen "Xalq Bank" rəhbərinin şəxsi qazancının müzakirə mövzusu olmadığını bildirib. "Bank adına həyata keçirilən qanuni əməliyyatlar müzakirə mövzusudur. Süleyman Aslanın həyata keçirdiyi bütün əməliyyatlar bank və Türkiyə üçün mənfəətli olub. Nə bankın zərərindən, nə də haqsız bir mənfəətdən danışmaq gülüncdür".
S.Aslanın həyat yoldaşı ilə etdiyi telefon danışıqlarının istintaq sənədinə əlavə edilməsi ilə bir hüquq cinayətinin işləndiyini deyən E.Şen onun evində tapılan 4,5 milyon dolların hədiyyə pulu olduğunu isbat etmək üçün Hüseyn Bürge, Bəkir Yazıçı, Əhməd Aksu və İdris Makinaçını şahid olaraq dinlənilməsini istədiklərini söyləyib. Ancaq prokurorluğun bunu qəbul etmədiyini deyən E.Şen bildirib ki, bu 4 şahid dinlənilsəydi, o halda evdəki pulun da hansı məqsədlə orada saxlanıldığı məlum olardı.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00