HADI RƏCƏBLİ, “QALMA QONŞUDAN GERİ”
13:15 25-12-2013
CƏMİYYƏT
HADI RƏCƏBLİ, “QALMA QONŞUDAN GERİ”
“Populist addımlarla ölkə iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil." Hadı Rəcəblinin müsahibəsinin ilk cümləsi məni yaman tutdu. Çox düzgün və vaxtında deyilən ifadədir. Artıq neçə gündür ki, qiymət artımı həm mətbuatda, həm də əhali arasında populyar mövzulardan birinə çevrilib. Gündəmi zəbt edib desək, yanılmaram. Ən çoxu isə bu bahalaşmaya verilən rəylər qıcıq yaradır... hərə bir cür izah verdiyindən. Hadı müəllim, Siz də onlardan biri oldunuz. Tarif Şurasının bu addımına qahmar - populist mövqeyinizlə.
Sitat:“2007-ci ildən bu yana dünyada bütün sahələr üzrə, xüsusilə enerji sahəsində qiymət artımı müşahidə edilib. Azərbaycanda isə qiymət dəyişməyib, sabit qalıb”
Əla, Hadı müəllim. Böyük qiymətdir. Obyektiv, adil. Ardıyca Sizin əsaslandırmanızı da düzgün sayıram. Sitat: “Bunun nəticəsində iqtisadiyyatda dirçəliş olub”.
Bunu da düzgün başa düşüb, düzgün dəyərləndirirəm.
Amma Hadı müəllim, bir şeyi anlamadım. Axı, indi qiymət qalxdı. Onda belə çıxır ki, qiymət artmayanda iqtisadiyyatda dirçəliş idi, indi qiymət artıbsa deməli iqtisadiyyatda tənəzzül olacaq?
Bir az da dərinə gedək. Belə çıxır ki, bundan sonra İqtisadi İnkişaf nazirliyinin də adını dəyişib İqtisadi tənəzzül nazirliyi qoymalıyıq?
Davam edək. Sitat: “İndi Azərbaycanda neftdən gələn gəlirlərin əksəriyyəti sosial məsələlərin həllinə yönəldilir. Bu gün qiymətlərin süni şəkildə artırılması tendensiyası yaranıb. Amma Tarif Şurasının qərarında yazılıb ki, qiymətləri suni surətdə artıran adamlara qarşı cəza tədbirləri görüləcək. Əlbəttə, bu işlə məşğul olan insanlar süni qiymət artımının qarşısını almalıdırlar”.
Hadı müəllim, qiymətləri təbii, qanuni surətdə artıranlar göz önündədir, heç nə deyə bilmirsiniz. Başlamısınız süni qiymət artıranları axtarmağa, cəza tədbirləri tökməyə. Tarif Şurasıyla heç kim bacara bilmir, bəs benzinin bahalaşmasından istifadə edib gediş haqlarını qaldıran taksi, avtobus şoferləriylə, ərzaq satanlarla, kimlərlə, daha kimlərlə necə mübarizə aparmaq fikrindəsiniz. Mexanizminiz varmı? Bunu da nəzərə alın ki, bazar iqtisadiyyatıdır. İzafi dəyər də gözümüzü deşir.
Yenə Sizdən sitat: “İndi ölkədə xeyli sayda bahalı maşın sürənlər var. Belə avtomobilləri idarə edən adamların imkanları çatır ki, istənilən qiymətə yanacaq alsın. Əsasən, bu qrupdan olan insanlar üçün yanacağın qiymətinin bahalaşması lazımdır”.
Əla! Siz ki, lap fəhlə-kəndli adamısınız. O saat bilinir ki, köhnə kommunistsiniz. Düzgün yanaşmadır. İnsanları qruplara bölürsünüz. Deməli belə çıxır ki, sabahdan yanacaq doldurma məntəqələrində iki qiymət olacaq. Qiyməti 20 min manatdan aşağı olan avtomobillərə, avtobus və taksilərə benzin 60 qəpikdən, qiyməti 20 mindən 300, 400 minədək olan maşınlara isə benzinin litri 2-3 manatdan satılacaq. Bu fərqdən gələn gəlir də kasıb əhalinin sosial qayğılarına sərf olunacaq. Bu məsələdə yəqin ki, xalq da Sizi dəstəkləyər, alqışlayar. O cümlədən mən də. Nəsə Sizin 20 illik sabit seçicilərinizə yaman paxıllığım düşdü. Əsl deputat belə olmalıdır.
Yenə sitat: “Digər tərəfdən, bəzi insanlar səbəbsiz, məqsədsiz yerə maşınları küçələrdə sürürlər. Bu da tıxacların yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, yanacağın qiymətinin artması bunun qabağını qismən alacaq. Eyni zamanda israfçılığın qarşısını alacaq. İnsanlar yanacağı qənaətlə işlətməlidirlər. Bütövlükdə yanacağın qiymətinin qalxmasının sosial məsələlərə, o cümlədən xalqın rifahına mənfi təsirini görməmişəm. Qiymət artımından gələn gəlirlər insanların əmək haqqının artırılmasına və digər sosial məsələlərə yönəldiləcək”.
Hadı müəllim, bir yandan deyirsiniz ki, qənaətcil olun, o yandan da deyirsiniz ki, “yanacağın qiymətinin qalxmasının sosial məsələlərə, o cümlədən xalqın rifahına mənfi təsirini görməmişəm.” İndi hansına inanaq. Deməli belə çıxır ki, əvvəllər camaatın rifah halı yaxşı idi, yanacağa nə qədər istəyirdilər pul da xərcləyirdilər. İndi isə benzin qalxıb - canları çıxsın qənaət eləsinlər?
İkincisi. Hadı müəllim, müsahibənin əvvəlində deyirsiniz ki, “İndi Azərbaycanda neftdən gələn gəlirlərin əksəriyyəti sosial məsələlərin həllinə yönəldilir. Ortada deyirsiniz ki, “qiymət artımından gələn gəlirlər insanların əmək haqqının artırılmasına və digər sosial məsələlərə yönəldiləcək”. Neftdən gələn gəlirlər çatmadı ki, bahalaşmadan ummağa başladıq?
Hadı müəllim, halal olsun Sizə Kommunist Partiyasının çörəyi. Bu müsahibədə hətta uzaqgörən iqtisadçılardan da irəli getmisiniz. Məni lap kövrəltdiniz. Bir anlığa ötən günlərə qaytardınız. Yadınızdadırmı küçələrdəki lozunqlar, şüarlar: “Ekonomika doljna bıt ekonomnoy”. “İqtisadiyyat qənaətçil olmalıdır”. Əgər biz benzini az işlətsək bazarda bu məhsula təlabat azalar. İqtisadiyyatın qanunlarına görə təlabat azdırsa, qiymət də aşağı düşməlidir. Sonra da bəzi ağzıgöyçəklər deyir ki, yaşlı deputatlar xalqın qeydinə qalmır.
Bir də ki, benzinin qiymətinin qalxması nəticəsində tıxaclar azalsa bu büdcəyə də müsbət təsir göstərər. Axı nəyə lazımdır milyonlar töküb tıxacları, sıxlığı aradan qaldırmaq üçün körpülər, yeraltı dayanacaqlar tikmək, körpülər salmaq, yollar çəkmək. Axı tıxaclara qismən səbəb benzinin aşağı qiymətə olmasıdır ki, camaat avara-avara maşın sürür. Benzini qismən yox, iki qat, üç qat qaldırsaq hər şey öz yoluna düşəcək. Gözəl məntiqdir, Hadı müəllim.
Hadı müəllim, Siz köhnə kişilərdənsiniz. Məndən yaxşı bilərsiniz. Sovet dövründə avtomobil dövlətə 1000-2000 rubla başa gəlirdi. Amma onu 10-15 min rubla satırdılar. Çörək isə baha başa gəlirdi. Amma onu 25-30 qəpiyə satırdılar. Adil tənzimləməydi elə deyilmi? Bu mən bildiyimdir. Siz isə o dövrün böyük vəzifələrində işləyən adam kimi belə misalları məndən də çox bilirsiniz. Bəlkə tətbiqiylə bağlı məsələ qaldırasınız?
Hadı müəllim, yazımı satirik tonlar üstündə qurtarmaq istəyirəm.
Sizin bu müsahibənizdə sadəcə bir nəticəyə gəldim və bu məni çox təsirləndirdi. Böyük, satirik şairimiz Rüfət Əhmədzadəni - Rüfət əmini yadıma saldınız. Bu gündən ona klassik şairimiz də demək olar. Çünki ötən əsrin 60-cı illərində yazdığı şeri bu gün də müasirdir. Sizin, bizim sayəmizdə. Düz deyirsiniz, dünyadakı qonşularımızdan qiymətdə geri qalmaq olmaz. SSRİ hökuməti ömrü boyu Amerikanı söydü. Amma ömrü boyu da nəinki ona çatmaq, çatıb ötməyi də qarşısına məqsəd qoymuşdu. Hadı müəllim, biz kimdən əskiyik ki... Dünya qiymətlərinə çatıb, hətta ötməliyik də. Amma bütün sahələrdə şərtiylə. Rüfət Əhmədzadə demişkən: “Qalma qonşudan geri”
Yaman hörmət qazanıb,
Evdə qonşunun əri.
Arvad elə hey deyir.
Qalma qonşudan geri.
Hər gün bir kitab yazır,
Pul da etmir əsəri.
Get küçədə oğru ol,
Qalma qonşudan geri.
Qapısında cüt maşın,
Heç bizdə yoxdur biri.
Sən cəhənnəm mənə al,
Qalma qonşudan geri.
Bu il işləyib alıb,
Sahildə həyət yeri.
Acından öl qəpik yığ,
Qalma qonşudan geri.
Lap yuxuda deyir ki,
Kişi bir az gəl bəri.
Paxıllıqdan ölərəm,
Qalma qonşudan geri.
Qorxuram bir gün deyə,
Niyə qalmısan diri?!
Qonşu özün asıbdı,
Qalma qonşudan geri.
MAHİR QABİLOĞLU
Digər Xəbərlər
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00