Müxalifət partiyalarında seçki problemi
12:53 26-12-2013
CƏMİYYƏT
Müxalifət partiyalarında seçki problemi
Gənclərin fikrincə, müxalifət partiyalarında gənclər təşkilatlarına sədrlər təyinatla “seçilir”
Müsavat Partiyası (MP) gənclər təşkilatının sədri Tural Abbaslının yaş həddi keçdiyindən partiya gənclərə rəhbərlik edəcək yeni sədr axtarırdı. Təxminən 1 ilə yaxın davam edən axtarışdan sonra səsvermə oldu. Avqustun 26-da keçirilən seçkinin nəticələrinə görə, 58 səs toplayan Cavid Hacıbəyli 49 səs toplayan Rauf Məmmədlini üstələyərək MP GT-nin növbəti sədri seçildi. Lakin Müsavat rəhbərliyi seçkinin nəticələrini tanımadı. Seçim partiya rəhbərliyinin ürəyincə olmadığından nəticələr ləğv edildi və bu, partiya daxilində ciddi narazılığa, qarşıdurmaya yol açdı.
Nəhayət, noyabrın 17-də MP İcra Aparatının (İA) təşkilatçılığı ilə təkrar seçkilər keçirildi. Bu dəfə partiya İA-nın rəhbəri Arif Hacılıya yaxınlığı ilə seçilən Əhliman Abbas rəqibi Rüfət Hacıbəylini üstələyərək, qarşıdakı dövrdə gənclər təşkilatına rəhbərlik etmək hüququ qazandı. Baş verənlər MP-nin daxilində demokratik idarəetmənin olmadığını əyani şəkildə ortaya qoydu. Bəlli oldu ki, rəhbərlik öz iradəsini yeritmək üçün hətta seçkilərin nəticələrini ləğv etməyə də hazırdır. Analoji proses bir qədər fərqli formada Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) da yaşanıb. Dekabrın 22-də AXCP gənclər komitəsinin (GK) I ümumrespublika konfransı keçirilib. Konfransda GK-nin sədri Əbülfəz Qurbanlı tutduğu vəzifədən kənarlaşdırılıb. Onun yerinə isə seçki yolu ilə deyil, təyinatla Əli Kərimlinin qohumu kimi tanınan İlham Hüseyn otuzdurulub.
Radikal müxalifət daxilində qeyri-demokratik idarəetmə metodunun üstünlük təşkil etməsinə münasibət açıqlayan “İslahatçı Gənclər” İctimai Birliyi sədri Fərid Şahbazlı bunu həyatın ironiyası kimi qələmə verib: “Həyatın ironiyasıdır ki, bu gün Azərbaycan hakimiyyətini antidemokratik addımlarda, saxta seçki keçirməkdə ittiham edən siyasi partiyalar, xüsusən də radikal müxalifət partiyaları öz təşkilatlarının hansısa bir qoluna normal seçkilər keçirə bilmirlər. Buna misal olaraq, Müsavat Partiyası gənclər təşkilatına keçirilən seçkiləri göstərmək olar. Hətta bu partiyanın öz içindən olan şəxslər də seçkilərin saxta keçirilməsi barədə fikir bildirirlər. AXCP sədrinə yaxınlığı ilə seçilən şəxsin gənclər komitəsinə sədr təyin edilməsinə gəlincə, bu, bir daha belə partiyalarda avtoritar üsul-idarənin hökm sürməsini göstərir. Bu gün nə Müsavatda, nə də AXCP-də bu təşkilatları hansısa fəaliyyətinə görə tənqid edən, düz yolda olmadığını ifadə edən insanlara tolerant münasibət sərgiləndiyini müşahidə etmirik. Böyüklərin belə rəftarı əlbəttə ki, nisbətən kiçiklərə, gənclərə “nümunə” olmalı idi. Bu mənada həm Müsavatın, həm də AXCP-nin gənclər təşkilatına keçirilən seçkilərdə yaşanan qeyri-demokratik hadisələri normal sayıram. Bu mənzərə adıçəkilən partiyaların hansı yolla idarə olunması barədə hər kəsdə təəssürat yaradır”.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) sədr müavini Aytac Əliyeva bildirib ki, Müsavat və AXC kimi partiyalar Azərbaycanın ictimai-siyasi həyatında aktiv iştirak etmir, ortaya real iş qoymur, milli və dövlət maraqları naminə hansısa addımı atmırlar. Onun fikrincə, radikal müxalifət təmsilçiləri hər zaman öz əməllərində qüsurları görmür, real siyasət yürüdən təşkilatları isə ləkələyirlər:
“Onların gənclər təşkilatlarında yaşananlara gəlincə, mən bunları da təbii qarşılayıram. Müxalifət partiyasının gənclər təşkilatının üzvləri nümunəni ancaq öz liderlərindən götürürlər. Əgər onların nümunə götürdüyü liderlər Azərbaycanda özbaşınalığın, vəzifə uğrunda savaşın, vətəndaş müharibəsinin, saxtakarlığın əsasını qoyublarsa, torpaqlarımızın işğal olunmasında seyrçi mövqe nümayiş etdiriblərsə, bu şəxslərin partiyalarındakı gənclər birlikləri də seçkiləri elə o cür əhval-ruhiyyədə keçirməliydilər. Onların yaxın ətrafında cəmləşən, partiyada mühüm vəzifə tutanlar da yalnız qohum əqrəbalarıdır. Müxalifətin fəaliyyəti bu cür məhdud çərçivədən kənara çıxmır. Ona görə də az bir kəsim istisna olmaqla, Azərbaycan gəncliyini belə fəaliyyət maraqlandırmır. Biz nümunə üçün gənclərin sıx toplaşdığı məkanda sorğu keçirsək, görərik ki, müxalifətin gənclər təşkilatlarında sədrin kim olması barədə onlarda heç bir məlumat yoxdur”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov sözügedən partiyaların gənclər təşkilatlarının rəhbər heyətinə seçkilərin keçirilməsini ucuz şou kimi dəyərləndirib. Deyib ki, orada aparılan müzakirələr reallıqdan kənar, daha çox ittiham etmək, qara yaxmaq üzərində qurulub:
“Biz görürük ki, hakim partiyanın siyasi xəttinə, iqtidarın nailiyyətlərinə şübhə ilə yanaşan partiyalar öz daxili idarəetmələrində bütün növ antidemokratik addımlara əl atırlar. Adicə gənclər təşkilatlarına seçkiləri normal qaydada keçirə bilmirlər. Adətən bu postlara başqana, liderə yaxınlığı ilə seçilən şəxsi təyin edirlər. Bununla yeni fikrin, alternativ təklifin, yeniliyin qarşısını alır, ancaq öz iradələrinə uyğun, yalnız özlərinin diqtə etdiyi şərtlər əsasında partiyanı idarə edirlər. Mən təklif edirəm ki, radikal müxalifət təmsilçiləri ittiham etdikləri müstəqil gənclər təşkilatlarındakı, eləcə də hakimiyyət yönümlü partiyaların gənclər təşkilatlarındakı seçkilərin hansı formada keçirilməsini müşahidə etsinlər, öyrənsinlər”.
Fuad
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49