Qərb kəşfiyyatı Azərbaycanı "Hizbullah"dan ehtiyatlanmağa çağırdı
14:21 27-12-2013
CƏMİYYƏT
Qərb kəşfiyyatı Azərbaycanı "Hizbullah"dan ehtiyatlanmağa çağırdı
Qruplaşma bu hücumları həyata keçirmək üçün Avropa pasportları daşıyan və avropalı görkəmli şəxslərdən istifadə edəcək
Qərb kəşfiyyat xidmətlərinin birindəki mənbə İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasının Bakıda hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.
İsrail qaynaqları xəbər verir ki, mənbə bu barədə Küveytdə nəşr edilən "ər-Rai" qəzetinə bildirib. Xəbərə görə, Qərb kəşfiyyatlarındakı məlumatlara əsasən, "Hizbullah" Azərbaycan, Türkiyə, Kipr, Yunanıstan, Misir və bəzi Avropa ölkələrindəki İsrail obyektlərinə hücuma hazırlaşır. Qruplaşma bu hücumları həyata keçirmək üçün Avropa pasportları daşıyan və avropalı görkəmli şəxslərdən istifadə edəcək. Digər təfərrüatlar haqda məlumat verilmir.
İsrail hökumətinin Azərbaycan da daxil olmaqla sözügedən ölkələrdəki obyektlərinə qarşı terror təhlükəsi barədə xəbərdarlığı yenilədiyi də məlum deyil.
Bundan əvvəl Azərbaycan xüsusi xidmət orqanları İsrail və ABŞ kəşfiyyatlarının dəstəyi ilə "Hizbullah"ın Bakıda planlaşdırdığı bir neçə terror aktının qarşısını alıb. Lakin Bakıdakı İsrail səfirliyini partlatmağı planlaşdıran iki "Hizbullah" mənsubunun həbsindən sonra İranın vasitəçiliyi ilə təşkilatın lideri Həsən Nəsrullahla Azərbaycan tərəfi arasında qeyri-rəsmi razılaşmanın əldə olunduğu haqda bir müddət əvvəl Qərb mənbələri xəbər yaymışdı. Bu xəbərə əsasən Azərbaycan hizbullahçıları İrana təhvil verib, təşkilat isə Azərbaycanda terror hücumları həyata keçirmək səylərini dayandırmağa söz verib.
"Hizbullah"ın Azərbaycana yönəlik potensial təhdidləri nə dərəcədə gerçək ola bilər?
Hərbçi ekspert Üzeyir Cəfərov "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Gücündən və imkanlarından asılı olmayaraq heç bir dövlət terrordan sığortalanmayıb. Buna görə də Azərbaycanın müvafiq dövlət strukturları Qərb mənbələrinin xəbərdarlığına kifayət qədər diqqətlə yanaşmalı və profilaktik tədbirlər görməlidirlər. Yaxın keçmişimizdə paytaxtda və bölgələrimizdə törədilmiş və xeyli insanımızın həyatına son qoymuş terror aktlarını xatırlayarkən bir daha əmin olursan ki, Azərbaycan dövlət müstəqilliyi qazandığı gündən gizli müharibənin getdiyi ölkələrdən birinə çevrilib".
Ekspert hesab edir ki, "Qonşu İran İslam Respublikasında keçirilmiş son prezident seçkilərindən sonra yeni prezident Həsən Ruhani Qərb ölkələri ilə nə qədər mülayim davranış tərzi nümayiş etdirsə də, Azərbaycana qarşı bir o qədər sərt yanaşma sərgiləməyə başlayıb. Bir müddət əvvəl dövlət sərhəddində baş vermiş insident və gömrük-keçid məntəqlərinin bağlanması İranın Azərbayacana yanaşmasında aqressiya əlamətlərinin hələ də davam etməsinin konkret sübutudur. Düzdür, sonradan danışıqlar vasitəsilə bu gərginlik aradan qaldırıldı, amma cənub qonşumuzun bizə münasibətdə xislətini heç zaman unutmamalıyıq".
Cəfərov hesab edir ki, hazırda paytaxtda terror üçün ən asan hədəflərdən biri Bakı metropolitenidir: "Vaxtilə Ermənistanın xüsusi xidmətlərinin təşklatçılığı ilə Bakı metropolitenində törədilmiş terror aktı hamının yadındadır. Ancaq mənim müşahidələrimə görə, bu sahənin mühafizəsi hələ də lazımi səviyyədə deyil. Gündən-günə çoxalan ticarət və əyləncə mərkəzlərini də unutmaq olmaz. Dövlətimizin xüsusi xidmət qurumları son illərdə İranın və vəhhabilərin ölkədə törətmək istədiyi bir sıra terror aktlarının qarşısını vaxtında ala bilib. Amma bundan tam şəkildə arxayınlaşmaq olmaz. Unutmaq olmaz ki, Azərbaycan bir sıra dövlətlərin xüsusi maraq dairəsindədir".
Tanınmış politoloq Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Qərb kəşfiyyatının terrorla bağlı etdiyi xəbərdarlıqlar həmişə düzgün çıxıb. Azərbaycanın xüsusi xidmət qurumları məhz bu xəbərdarlıqların sayəsində bir neçə terror aktının qarşısını ala bilib. "Hizbullah" həmişə İranın əlində qisas aləti olub və eyni zamanda İran hazırda bu baxımdan bölgənin ən qorxulu dövlətidir".
Politoloq hesab edir ki, təhlükənin gerçəklik dərəcəsini nəzərə almaqla Azərbaycanın güc strukturları Qərb kəşfiyyatının sözügedən xəbərdarlığına kifayət qədər diqqətlə yanaşmalı və təxirəsalınmaz profilaktik tədbirlər görməlidir.
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49