Əbülfəz Qarayevin nazirliyini düşündürməli olan ilginc iddia
15:04 27-12-2013
CƏMİYYƏT
Əbülfəz Qarayevin nazirliyini düşündürməli olan ilginc iddia
Yeni il tətilində Azərbaycan milyonlarla pul itirir
Ölkədə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə 1 həftəlik tətil olacaq. Artıq bir neçə ildir ki, bayramlarda və tətil günlərində Azərbaycandan Gürcüstan və Türkiyə kimi yaxın ölkələrə gedən turist sayı hər il yüzminlərlə ölçülür.
Bu sahədə monitorinq aparan Azərbaycan Miqrasiya Mərkəzində müəyyən olunub ki, qonşu İran və Türkiyədən Azərbaycanla müqayisədə Gürcüstana turist axını daha çoxdur. Azərbaycan Miqrasiya Mərkəzinin qənaətinə görə turizm imkanlarına görə ölkəmiz Gürcüstanla müqayisədə daha çox imkanlara malikdir. Buna baxmayaraq bölgədə Gürcüstan turizm mərkəzinə çevrilir.
Bu Azərbaycanda xidmətin səviyyəsinin aşağı olması və süni yaradılmış bahalıqdan irəli gəlir. Təkcə Azərbaycandan 2013-cü ildə istirahət üçün Gürcüstana üz tutan türistlərin sayı 1 milyona yaxın olub. Bu isə ümumilikdə Azərbaycanda turizm sahəsinin inkişafına və nəticədə dövlət büdcəsinə ciddi zərbədir.
Adıçəkilən mərkəz hesab edir ki, əslində İran və Türkiyədən olan turistlər üçün Gürcüstanla müqayisədə Azərbaycan daha əlverişlidir, xüsusilə dil baryerinin olmaması, qış turizmi üçün əla şəraitin yaradılması, dənizin yaratdığı əvəzsiz imkanlardan istifadə, ölkədəki iqtisadi inkişafın hesabına maraqlı tikililərin sayının artması turizmin imkanlarını genişləndirən hallardır. Amma bəzi təhlükəsiz tədbirlərini artırmaqla, Türkiyə və İran İslam Respublikası vətəndaşlarının Azərbaycan respublikasına gəlişinə viza rejimi tətbiq etməklə bu fürsətlər əldən verilir.
Mərkəzin rəyinə görə, Azərbaycanı bölgədə turizm mərkəzinə çevirmək ölkə iqtisadiyyatı üçün çox vacibdir. Çünki Azərbaycanda qeyri-neft setorunun inkişafına göstərilən diqqət, turizmin də bu sahədə oynadığı rol danılmazdır.
Şübhəsiz ki, deyilənlər daha çox və birbaşa şəkildə Əbülfəz Qarayevin rəhbərlik etdiyi nazirliyi düşündürməlidir. Doğrudur, bununla bağlı artıq çoxdandır Azərbaycan mətbuatı və müstəqil iqtisadçı ekspertlər yazır və danışır, amma təəssüf ki, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanda daxili turizmin cəlbediciliyini artırmaq istiqamətində səyləri gözə dəymir. Ya da mümkündür ki, Qarayevin nazirliyi bu istiqamətdə cəhdlər edir, amma bu cəhdlər formal xarakterli olduğundan nəticəsiz qalır.
Ölkədaxili turizmdə xidmətin keyfiyyətinin aşağı, qiymətlərin baha olması ölkə vətəndaşlarının az imkanlı hissəsini yaxın, imkanlı hissəsini isə uzaq xaricə istiqamətləndirir. Bu isə yuxarıda da vurğulandığı kimi, dövlət xəzinəmizin hər il milyonlarla manat itirməsi deməkdir.
Bu ilin yayında aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, bahalılıq Azərbaycanın turistlərin üz tuta biləcəyi əksər məkanlarında mövcuddur. Məsələn, bir gün Nabran və ya Qəbələdə kottecdə dincəlmək yalnız səhər yeməyi və yatmaq daxil 200-450 manatı arasında dəyişir. Halbuki bu qiymətə Antalyada 4 ulduzdu oteldə yemək də daxil bir həftə istirahət etmək olar.
Ümumiyyətlə bir nəfər üçün bir həftəlik istirahətin qiyməti orta hesabla Lənkəran, Lerik rayonlarında 1000, Masallıda 630, Şəki, Zaqatalada 800, Qəbələdə 1100 manatdır. Bu isə Avropanın bir sıra bahalı şəhərlərində istirahətdən də bahadır. Halbuki aviabilet, otel, transfer, sığorta və yemək xərcləri də daxil olmaqla, Parisdə 990, Sofiyada 700, Çexiyanın paytaxtı Praqada 650 manata dincəlmək olar. Bu cür seçim qarşısında qalan insanlar isə təbii ki, əksər halda xaricdə istirahəti üstün tuturlar.
Yaxud, Bakının özündə şəhərə ən gözəl mənzərənin açıldığı Dağüstü parkdır. Dağüstü parkda qeyri-adi çay dəstgahının qiyməti mənzərəsinə görə artır. Bakıya yuxarıdan baxmaq istəyən yerli vətəndaşlar və əcnəbilər bura üz tuturlar. Amma Bakını seyr etməklə yanaşı, burada çay içmək istəyənlər 25 manat pul ödəməlidir.
Bu cür fantastik qiymətlər, üstəlik isə zəif, aşağı xidmət şəraitində həm biz ölkəyə turist axınına ümid edə bilmərik, həm də öz vətəndaşlarımız belə başqa ölkələrin xəzinəsini "doldurmaq" yolu seçə bilirlər. Necə ki, seçirlər də.
Buna cavabdeh olan Mədəniyyət və Turizm Nazirliyi isə problemi aradan qaldırmaqda çarəsiz görünür. Vəziyyətin nə qədər belə davam edəcəyini isə demək çətindir. Hər halda bu gedişlə müsbət dəyişikliyə ümid etmək sadəlöhvlükdən başqa bir şey olmazdı.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50