Milli Şura intriqantlar yığnağıdır?
15:10 27-12-2013
CƏMİYYƏT
Milli Şura intriqantlar yığnağıdır?
Qurumun gələcəyinə bağlı proqnozlar tündləşir
"Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Rauf Arifoğlu bildirib ki, "Milli Şura Azərbaycan müxalifətinin konflikt ocağıdır, ona görə də Milli Şuranın çox yaşaması mümkün deyil".
Onun sözlərinə görə, bu gün Milli Şura adlı format, struktur yoxdur, bu fiksiyadır.
R. Arifoğlu qeyd edib ki, İctimai Palatanın saxlanılması, Azərbaycanda istənilən şəraitdə demokratik düşərgənin toparlanması üçün bir ünvan rolunu oynayır və bu ünvanı bağlamaq doğru deyil: "Digər tərəfdən, Milli Şura prezident seçkilərini, İctimai Palata isə parlament seçkilərini hədəfə alaraq yaradılan təşkilatdır. Qarşıdan parlament seçkiləri gəlir və 2015-ci il hədəfi üçün Milli Şuranın əlifbası, məğzi qətiyyən uyğun gəlmir".
Tanınmış politoloq Zərdüşt Əlizadənin "Unikal"a söylədiyinə görə, "Növbəti parlament seçkilərinə qədər Milli Şuranın fəaliyyətdə olması qaçılmaz olacaq. Hansısa siyasi partiyalar və yaxud şəxslər bu qurumdan gedə bilər və yaxud yeni üzvlər gələ bilər, amma Milli Şura qalmalıdır. Çünki Azərbaycan müxalifəti son iyirmi ildə ciddi birlik formatı yaratmağa nail olub. 2015-ci ilin parlament seçkilərinə isə siyasi zaman baxımından normal vaxt qaldığı üçün Milli Şura çərçivəsində hazırlıq işləri aparmaq mümkündür. İstisna olunmur ki, parlament seçkiləri yaxınlaşdıqca Milli Şuraya əlavə qüvvələr qoşulacaq".
Müsavat Partiyasının Milli Şura ilə bağlı son günlərdə nümayiş etdirdiyi davranışa gəlincə isə, politoloq bildirdi ki, "Bu partiya son iyirmi ildə həmişə müxalifətin birləşməsi prosesini əngəlləyən başlıca qüvvə olub və müsavatçılar bu gün də öz ənənələrinə sadiqdirlər. Buna görə də onları ittiham etmək yersizdir. Çünki müsavatçılar nə etdiklərini və nə üçün etdiklərini çox yaxşı bilirlər: parlament mandatı uğrunda mübarizəyə başlamağın başqa üsulları da var".
"Xalq arzusu" hərəkatının təşəbbüsçüsü Asəf Quliyevin "Unikal"a dediyinə görə, Müxalifət düşərgəsindəki ən böyük boşluq konkret hansısa ideologiyanın olmamasıdır. Və yeri gəlmişkən, ümumən Azərbaycan cəmiyyətində də belə bir böyük boşluq müşahidə olunur. Bu baxımdan yanaşarkən Milli Şurada istisna təşkil etmir. İkinci mühüm boşluq son iyirmi ildə müxalifət düşərgəsində qeydə alınan siyasi mübarizə və taktiki gedişlərin kasadlığı ilə bağlıdır. 1993-cü ildən bəri bu qurumlar eyni şüarları irəli sürür və eyni sözləri deyir. Azərbaycan cəmiyyəti də müxaliflərdən yeni ideyalar, yeni baxışlar görmədiyi üçün onlara dəstək vermir. Nəticədə müxalifət iyirmi ildir ki, dalbadal məğlubiyyətlərə düçar olur. Ən acınacaqlısı da odur ki, müxalifət daim təkrarlanan bu məğlubiyyətlərdən heç bir nəticə çıxartmaq istəmir".
Onun sözlərinə görə, "Milli Şura da sosial baza qazanmaq baxımından artıq ciddi problemlərlə üz-üzədir. Həmin sosial bazanı hərəkətə gətirmək üçün bizim nə düşündüyümüz vacib və önəmli deyil. Hiss edilməlidir ki, bu böyük qrupun indiki mərhələdə tələbləri və istəkləri nədən ibarətdir".
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin "Unikal"a söylədiyinə görə, "Milli Şuranın indiki hökumətin proqramından fərqli və gələcəyə yönəlik bir proqramı yoxdursa, problemləri həll etməyə hazır platforması yoxdursa, elmi şəkildə əsaslandırılmış proqramı yoxdursa və yalnız populistcəsinə çıxışlar edib əhalini öz arxasınca aparmağa can atması fəlakətə səbəb olacaq. Bu, böyük bəladır. Belə olan halda mən o müxalifəti deyil, məhz bu hakmiyyəti dəstəkləməyə məcbur olacağam. Milli Şura deyirsə ki, ölkəni korrupsiya yeyir, bunu biz də deyirik. Amma biz deyirik ki, korrupsiya ölkəni ona görə yeyir ki, Azərbaycanın valyuta yığımı barədə maksimum və minimum hədləri Beynəlxalq Valyuta Fondu müəyyən edir".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33