İlham Əliyev hadisəni nəzarətinə götürdü
12:25 28-12-2013
CƏMİYYƏT
İlham Əliyev hadisəni nəzarətinə götürdü
Səttar Mehbalıyevdən Qarabağ əlilinə jest
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) II qrup Qarabağ əlili Zaur Həsən oğlu Həsənovun ailə üzvlərini himayəyə götürülməsi haqqında qərar qəbul edib.AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov “Unikal”a bildirib ki, Z. Həsənovun işsizliyini, ailə üzvlərinin sayının çox olmasını və maddi durumunun ağır olduğunu nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi qərara alıb ki, Z. Həsənovun övladları yetkinlik yaşına çatanadək AHİK tərəfindən himayəyə götürülür və övladların hər birinə 300 (üç yüz) manat məbləğində aylıq yardım verilir.
Z. Həsənovun sökülmüş obyektinə görə dəymiş ziyanı ödəmək üçün ona 100 000 (yüz min) manat məbləğində maddi yardım edilir. Ona ölkə xaricində müalicəyə ehtiyacı olarsa, bütün xərclər AHİK-in hesabına ödəniləcək.Qərarda deyilir ki Z. Həsənov və onun həyat yoldaşı ehtiyac olduğu halda işlə təmin olunacaq. Bu arada yeni xoş xəbərdə gəlib. “Özünü yandıran Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun müalicəsi ilə bağlı bütün məsələlər diqqət mərkəzində saxlanılır”.Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev bildirib ki, artıq xəstənin sidik ifrazı, böyrəklərinin funksiyası bərpa olunub. Onun sözlərinə görə, xəstənin həyati göstərişləri tədricən yaxşıya doğru inkişaf gedir və hazırda vəziyyəti stabildir: “Lazımi tədbirlər görülür. Mərkəzə daxil olandan bir müddət sonra həyati göstərişləri - sidiyin ifrazı, ürək-qan damar sisteminin vəziyyəti, təzyiqi stabil vəziyyətə gətirilib”.Zaur Həsənovun xaricə müalicəyə göndərilməsi barədə səslənən fikirlərə gəlincə, R.Nağıyev əlavə edib ki, bu, sonrakı mərhələdə məlum olacaq: “Ölkə səhiyyəsində bütün imkanlar olandan sonra niyə xaricə xəstə göndərməliyik? Bütün avadanlıqlar, mütəxəssislərlə ona lazımi yardım göstərirlər. Xüsusi hal olanda mütəxəssislər gətirə və ya xaricə göndərilə bilər. Amma hazırda ona zərurət yoxdur. Xəstənin vəziyyəti stabildir və hazırda bütün lazımi yardımlar göstərilir”. "Qarabağ müharibəsi əlili, çoxuşaqlı ailə başçısı Zaur Həsənovun intihara cəhd etməsi xəbəri bizi dərindən sarsıtdı”.Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Azərbaycanda ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi birmənalı şəkildə təsbit olunub: “Heç bir dövlət orqanı, o cümlədən ali icra hakimiyyətini həyata keçirən Azərbaycan Prezidenti və onun Administrasiyası hakimiyyətin digər qolu olan məhkəmələrin qərarına müdaxilə edə bilməz. Bizə məlum olan informasiyaya görə, Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyası ərazisində Zaur Həsənovun bir müddət işlətdiyi iaşə obyekti qanunsuz fəaliyyət göstərdiyinə görə məhkəmənin qərarı ilə sökülüb. Biz məhkəmənin hökmünü dəyişdirə bilmərik. Lakin Zaur Həsənovun müharibə veteranı və çoxuşaqlı ailə başçısı olduğunu nəzərə alaraq, hər bir dövlət orqanı və ictimai təşkilat, ilk növbədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz imkan və səlahiyyətləri daxilində onun sosial problemlərinin həllinə kömək göstərməlidir”.
Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zaur Həsənovun özünü yandırmağa cəhd etməsi barədə xəbərdən çox narahat olub və sarsılıb: “Cənab Prezident müharibə əlilinin müalicəsinin təmin olunması və ailəsinə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti qurumlara lazımi tapşırıqlar verib. Ümid edirik ki, Zaur Həsənov tezliklə sağalıb öz ailəsinin yanına qayıdacaq” .Özünü yandırandan sonra 5 saylı klinik xəstəxanaya yerləşdirilən Qarabağ qazisi, II qrup əlil Zaur Həsənova baş çəkən millət vəkili Mübariz Qurbanlı xəstəxana önündə toplanan qazilərlə söhbət edib. Mübariz Qurbanlı Qarabağ qaziləri ilə söhbəti zamanı məsələnin dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. M.Qurbanlı Qarabağ qazilərinin prezidentlə görüşünə cavab olaraq bunları qeyd edib: "Mən bura prezidentin adından gəlmişəm. Dövlət başçısı özü şəxsən bu məsələni diqqətdə saxlayır”. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədri Səttar Mehbalıyev II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı məsələnin təfərrüatını açıqlayıb.Bu barədə açıqlama verən S. Mehbalıyevin sözlərinə görə, həmin ərazidə obyekti sökülən yalnız Z. Həsənov olmayıb: “Məsələnin mahiyyəti bundan ibarətdir ki, “Kurort” Səhmdar Cəmiyyəti bizə müraciət etdi. Onların bildirdiyinə görə, Zaur Həsənov da daxil olmaqla, 7-8 nəfər həmin ərazidə müəyyən yerləri zəbt edib: “Bələdiyyənin qeyri-qanuni razılığı ilə həmin adamlar Konfederasiyaya məxsus olan ərazilərdə qanunsuz evlər və sahil kənarında yeməkxanalar tikiblər. Konfederasiya da məsələni qanun çərçivəsində həll etməyə qərar verdi. Biz həmin torpaqları qanunsuz olaraq ayrı-ayrı şəxslərə payladığına görə bələdiyyəni məhkəməyə verdik. Məhkəmədə o əraziləri tutmuş şəxslər üçüncü tərəf kimi tanındılar. Məhkəmə prosesi müddətində həmin adamların bir çoxu qanunsuz iş tutduqlarını anladılar və mal-mülklərini söküb apardılar. Amma Zaur Həsənov israr elədi və prosesin sonunda məhkəmə onun tikdiyi obyektin sökülməsinə qərar verdi. Məhkəmə icraçıları da həmin qərarı icra etdilər. Burda Konfederasiya ilə bağlı hər hansı müdaxilə yoxdur”.
S. Mehbalıyev Z. Həsənovun radikal davranmasında hüquqşünas Aslan İsmayılovu ittiham edib: “Çünki Aslan İsmayılovun özü də həmin ərazidə müəyyən sahəni zəbt edib. Bununla bağlı da hazırda məhkəmə prosesi gedir. Biz məhkəmənin qərarını gözləyirik. Aslan İsmayılov elə dünən də mənim yanıma gələrək, özünün məsələsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan xahiş etməyimi istədi. Mən də ona dedim ki, belə işlərlə məşğul olmuram, bu məsələlər mənim səlahiyyətimə aid deyil. O da mənə dedi ki, məsələni onun xeyrinə həll etməsəm, gedib qəzetlərə mənim əleyhimə müsahibə verəcək. Bu gün baxıram ki, doğrudan da mənim əleyhimə müsahibə verib. Bu adamlar şəxsi məqsədləri üçün çalışırlar. Elə Zaur Həsənovu da radikallaşdıran məhz Aslan İsmayılov olub. Dünən də gəlib məni şantaj etmək istədi, lakin alınmadı”.
Hüseyn İskəndərov
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33