Oqtay Əsədovdan İqbal Ağazadəyə sərt təpki
12:29 28-12-2013
CƏMİYYƏT
Oqtay Əsədovdan İqbal Ağazadəyə sərt təpki
Deputat Bakıdakı yeraltı maşın dayanacaqlarının qiymətlərindən şikayətləndi
Milli Məclisin iclasında deputat Çingiz Qənizadə şəhərdəki tıxac problemindən danışıb. O, bildirib ki, tıxac probleminin həlli üçün Bakıda yeraltı dayanacaqlar tikilib. Amma bu dayanacaqlarda qiymətlər çox bahadır.
"Şəhər mərkəzindəki həmin dayanacaqlarda maşını 6 saatdan yuxarı saxlamaq üçün 6 manat ödəmək lazımdır. Deməli, ayda 150 manat yalnız maşın dayancağına pul verilməlidir. O ərazidə yaşayan insanlar ümumiyyətlə hər günə 10 manat, ayda 300 manat pul ödəməli olacaqlar. Dünyanın heç yerində belə qiymətlər yoxdur. Dövlətin siyasəti nəticəsində dayanacaqlar tikilib istifadəyə verilib. Amma kimlərsə bundan daha çox qazanc əldə etməyə çalışırlar".
Spiker Oqtay Əsədov isə dayanacaqların idarə olunması səlahiyyətinin özəl qurumlarda olduğunu deyib. "Dayanacaqlar boş qalanda, məcbur olub qiyməti aşağı salacaqlar, bu, özü tənzimlənməlidir".
Spikerdən İqbal Ağzadəyə ittiham: "Həm vəkil, həm prokuror, həm də hakim kimi danışırsan"
Milli Məclisin iclasında deputat İqbal Ağazadə siyasi məhbuslar məsələsini qaldırıb. O deyib ki, tanınmış vəkil Qurban Məmmədov 3 il azadlıqdan məhrum olunub:
"Onun üzünə duran şəxs guya əlil idi. Prokuror Yadigar Sadıqov guya kiməsə fiziki işgəncə verdiyinə görə 7 il iş istəyib. Amma işdə heç bir həkim rəyi yoxdur. Yaxud İsmayıllı hadisələrinə görə həbs olunanlar, NİDA-çıların işləri də eyni vəziyyətdədir. İsmayıllı hadisələrində yanğının qarşısını alan bir şəxsi də həbs edib iş veriblər".
Spiker Oqtay Əsədov isə İqbal Ağazadəni həm vəkil, həm prokuror, həm də hakim kimi danışmaqda ittiham edib: "Hansı müxalifət qəzetini açırsan, yalnız qızışdırıcı yazılar olur. Bir az özünüz də həmrəy olmalısınız".
Qənirə Paşayeva Milli Məclisdə səzaları sərtləşdirməyə çağırdı
Milli Məclisin iclasında millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var və bu istiqamətdə qanunvericilik və icra orqanları səviyyəsində ciddi addımlar atılmalıdır:
"Məşğulluq haqqında qanuna görə, iş yerlərinin sayı 20-dən artıq olan müəssisələrdə əlillərin işlə təminatı üçün kvota qoyulub. Bu kvota işçilərin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3%, işçilərin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4%, işçilərin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5%-ni təşkil etməlidir. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Ona görə də bu qanununu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı cərimələrin ciddi şəkildə artırılmasına ciddi ehtiyac var. Ən azı bu cərimələrin həcminin çox olması həmin qurumları və şirkətləri əlilləri işə götürməyə məcbur edə bilər. Yəni cərimələrin səviyyəsini artırmaqla biz qurumları və şirkətləri əlilləri işə götürməyə daha çox sövq edə bilərik. Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxsləri, əlilləri daha çox işlə təminatı üçün addımlar atılmalıdır. İkinci məsələ ondan ibarətdir ki, bir müddət əvvəl həmin kvotaya bir sıra başqa qrupların əlavə olunması ilə əlillərin işlə təminatı sahəsində kvota daxilində əlillərin faizi aşağı düşüb. Ona görə də qanuna yenidən baxaraq, kvotanın artırılması istiqamətində addımlar atmalıyıq ki, əlillərin işlə təminatına qanunvericiliklə daha çox dəstək verə bilək. Bir sözlə, əlillərin işlə təminatı, məşğulluğu sahəsində öz həllini gözləyən bir sıra çox ciddi məsələlər var və biz qanunvericilik orqan olaraq bu istiqamətdəki bəzi qanunlarımızda onların hüquqlarının daha möhkəm müdafiəsi istiqamətində əlavə və dəyişikliklər etməliyik. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməyə çağırıram".
Fərəc Quliyev Milli Məclisin iclasında üç ciddi məsələ qaldırdı
Milli Məclisin dekabrın 27-də keçirilən iclasında deputat Fərəc Quliyev üç ciddi məsələ qaldırıb.
Deputatın çıxışını təqdim edir:
"Bilirsiniz ki, yanacaq qiymətləri artdıqdan sonra, ölkədə istehlak səbətinin dəyəri icbari ödənişlər ucbatından qalxmışdır. Ona görə də yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı yenidən tənzimlənməli-məbləğləğ qaldırılmalıdır. Hesab edirəm ki, bu məsələyə mütləq baxmaq lazımdır.
İkinci toxunacağım məsələ, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan hərbi qulluqçularla bağlıdır. Bu kateqoriyadan olanlara verilən müavinət keçən ilin may ayından dayandırılıb. Paradoks odur ki, hazırda hərbi xidmətdə olan müharibə veteranlarına və iştirakçılarına bu müavinət verilir. Amma, Qarabağ müharibəsində iştirak etmiş ehtiyatda və istefada olan zabitlərə bu şamil olunmur. Məncə, bu paradoks aradan qaldırılmalı və müavinət hər kəsə verilməlidir.
Üçüncü məsələ yanacaqla bağlıdır. Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti tənzimlənməlidir. Aİ-98 markalı benzinin satış qiyməti sərbəstdir- 1 litrinin qiyməti 1 manat 50 qəpik, yəni 1,4 avrodur. Moldovada bu yanacaq növünün hər litrini 1, Gürcüstanda 0,95, Rusiyada isə 0,78 avroya satırlar. Azərbaycan hökuməti bu benzinin qiymətini tənzimləmir. Bu qiymət məqsədli şəkildə qaldırıla bilər. Aİ-98 benzinin qiymətinin tənzimlənməməsini onun idxal olunması yəni, ölkə daxilində istehsal olunmaması ilə əlaqələndirirlər. Bizim xammalımız, neft sənayesi müəssisələrimiz, elmi bazamız olduğu halda həmin yanacaq növü Rumıniyadan gətirilir. Tarif Şurasının 2 dekabr qərarında da məhz ölkə daxilində istehsal olunan neft məhsullarının qiymətinin müəyyənləşdirilməsi göstərilir. Əvvəla biz ölkə olaraq xammal əvəzinə yarımfabrikant və son məhsul satışına üstünlük versək, belə vəziyyətlə üzləşmərik.
İkincisi, qiymətin formalaşmasının mövcud mexanizmi qanunvericiliyə birbaşa ziddir. Qanunvericiliyə görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində satılan yanacağın qiymətini dövlət tənzimləyir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər.
Bu qanundan çıxış edərək, Nazirlər Kabineti 2005-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısı təsdiq edib. Bu siyahıya 39 mal, iş və xidmət qrupu daxil edilib. Siyahıya əsasən, xam neft və neftdən emal olunan əsas məhsulların qiyməti tənzimlənməlidir. Yəni qərarda ölkə daxilində istehsal olunan yox, ümumiyyətlə neft məhsullarının tənzimlənən qiymətlərə aid olması göstərilir.
Aİ-98 markalı benzini neft məhsulu olduğuna görə tənzimlənən məhsullar kateqoriyasına daxildir və deməli, onun da qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənməlidir".
Zahid Oruc: "Azərbaycanda casus şəbəkəsi yaradılıb"
Milli Məclisin plenar iclasında deputat Zahid Oruc ATƏT-in Varşava Bürosunun ünvanına ksəkin ittihamlar səsləndirib. O, deyib ki, ATƏT-in Varşava Bürosu Azərbaycanda QHT-lər vasitəsilə özünün casus şəbəkəsini yaradıb.
Büronun oktyabr ayında keçirilən prezident seçkiləri ilə bağlı mövqeyinə münasibət bildirən Z.Oruc deyib ki, onların sonuncu hesabatları əvvəlki hesabatlarından heç nə ilə fərqlənmir. O, qeyd edib ki, ümumiyyətlə, Büronun 220 nəfər nümayəndəsinin mövqeyi heç də seçkiləri izləyən bütün müşahidəçilərin mövqeyi demək deyil: "ATƏT-in Varşava Bürosu Azərbaycanda QHT-lər vasitəsilə özünün casus şəbəkəsini yaradıb. Buradan onlara informatorluq edənlər var. Tam əminliklə bildirirəm ki, Varşava Bürosu casus şəbəkəsidir. Eyni zamanda, ATƏT-in Minsk qrupu nədirsə, Varşava Bürosu da odur. Bu baxımdan Azərbaycan hökumətini Varşava Bürosu ilə əməkdaşlığı dayandırmağa çağırıram. Biz bundan heç nə itirmərik".
"Özəl bağçalara elə qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağı bağçaya qoymaq üçün yetərli olmaz"
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov uşaq bağçalarında vəziyyətdən narahatlığını bildirib.
S. Novruzov deyib ki, hətta rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır. O qeyd edib ki, təhsil qanununa əsasən uşaqlar orta məktəbə bağçadan gəlməlidirlər.
S. Novruzov özəl bağçaların çox baha olduğunu nəzərə çatdırıb: "Bağçalara elə bir qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağı bağçaya qoymaq üçün yetərli olmaz. Elə bağçalar var ki, qiymətlər 700 manatdan 1000 manatadək dəyişir. Amma qanunda nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur".
"Polis haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olunub
Milli Məclisin iclasında "Polis haqqında" qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə görə, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı, harada saxlanıldığı barədə yaxın qohumlarına, yaxud əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefon və digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır. Tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları tutulan öz təşəbbüsü ilə verməlidir. Əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə, konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyi qeydə alınmalıdır. Maddənin qeyd olunan bəndinin hazırda qüvvədə olan variantı isə belədir: "Tutulmuş və ya həbsə alınmış şəxsin yaxın qohumlarına, onun tələbi ilə iş və ya təhsil yerinə tutulması və ya həbsə alınması barədə təxirə salınmadan məlumat verilməlidir (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir)".
Bundan başqa, polisin səlahiyyətləri ilə bağlı daha bir neçə qayda dəyişdirilib. Layihə səsə qoyularaq qəbul olunub.xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə görə, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı, harada saxlanıldığı barədə yaxın qohumlarına, yaxud əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefon və digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır. Tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları tutulan öz təşəbbüsü ilə verməlidir. Əgər tutulmuş və ya həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə, konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verməli və bu cür məlumatın verildiyi qeydə alınmalıdır. Maddənin qeyd olunan bəndinin hazırda qüvvədə olan variantı isə belədir: "Tutulmuş və ya həbsə alınmış şəxsin yaxın qohumlarına, onun tələbi ilə iş və ya təhsil yerinə tutulması və ya həbsə alınması barədə təxirə salınmadan məlumat verilməlidir (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir)".
Bundan başqa, polisin səlahiyyətləri ilə bağlı daha bir neçə qayda dəyişdirilib. Layihə səsə qoyularaq qəbul olunub.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00