Bakıda 2000 manata yolka aşkarlandı
12:42 28-12-2013
CƏMİYYƏT
Bakıda 2000 manata yolka aşkarlandı
Şaxta babaların "qiyməti" 35 manatdan başlayıb 400 manata kimi yüksəlir
Yeni ilin gəlməsinə sayılı günlər qalıb və ölkədə bayram ab-havası hiss olunur. Xüsusilə paytaxtda 1 aydır ki, yolka ağacları, oyuncaqlar, şaxta babalar, zərlər, şarlar artıq satışdadır. Metro keçidləri və küçə ticarəti də məhz bu ərəfədə daha da aktivləşib.
Hər il olduğu kimi bu il də yeni il atributlarının qiymətləri ölkədə əsas müzakirə obyektinə çevrilib. Xüsusilə bayram yaxınlaşdıqca, tələbat daha çox olduğu üçün qiymətlər də qalxmaqda davam edir. Yolkaların qiyməti satıldığı məkana, böyüklüyünə, formalarına görə dəyişir. Biz də vəziyyətlə tanış olmaq və qiymətlərlə maraqlanmaq üçün yeni il atributları satılan "brend"mağazalara və bəzi metro keçidlərinə yollandıq.
2000 manatlıq yolka
İlk olaraq şəhərin mərkəzində yerləşən bir neçə dükana baş çəkdik. Burada satılan atributlar, xüsusilə də şaxta baba və yolkalar sözün əsl mənasında "cib yandırır". "Azadlıq" meydanında atributların satıldığı mağazalarda yeni ilin əsas rəmzi sayılan yolkaların qiymətləri 50-1000 manat arasında dəyişir. Araşdırmalarımız nəticəsində məlum olur ki, od qiymətinə satılan yolkalar üzəri bəzədilmiş və hazır şəkildə olur. Hündürlüyü isə digər yolkalara nisbətən daha hündür olur. "Ağ Çiçəyim" mağazalar şəbəkəsi və digər brend mağazalarda isə 1500-2000 manata da yolka tapmaq mümkündür.
Burada satılan şaxta babaların qiymətləri 35 manatdan başlayır 400 manata qədər davam edir. Adətən baha şaxta babalar 2-3 metr hündürlüyündə olur və mahnı oxuyurlar. Hər yerdə 1 manatdan başlayan qiymətlərlə satılan adi oyuncaqlar mərkəzdə 5 manatdan başlayır və 30 manata qədər davam edir. Üç-beş oyuncaqdan ibarət dəstlər isə 10 manatadır. Burada hətta 12-si 50 manata oyuncaqlar da təklif edilir. Yolkanı bəzəmək üçün zərlər iki manatdan başlayır, zınqırovlar isə 3 manatdan 40 manata qədərdir. Yolka işıqları 10 manata, ulduzların ucuzu 5 manatadır.
“Yolka bazarında” vəziyyət
Şəhərin mərkəzindəki mağazalarda qiymətlərlə maraqlandıqdan sonra nisbətən ucuz sayılan, Nərimanov metrosunun çıxışında geniş ərazini əhatə edən və sakinlər tərəfindən "yolka bazarı" adlandırılan yerə üz tutduq. Burada piştaxtalar bir- birinə yaxın şəkildə düzülmüş, satıcılar da daha çox alıcı cəlb etmək üçün bir-biri ilə rəqabət aparırdılar. "Yolka bazarında" şaxta babaların qiyməti 16 manatdan başlayır, 50 manata qədər davam edir. Yolkaların isə ən ucuzu 5 manat (bu ağaca yolka demək olmaz. A.Ə ) bahası 200 manatdır. Yolka üçün zərlər 2 manatdan, oyuncaqlar və yolka işıqları 4 manatdan, şarlar isə 50 qəpikdən başlayır. Dörd oyuncaqdan ibarət dəstlər 8-10 manatdır. Qapının çölündən vurulan xüsusi bəzəyin qiyməti isə 17 manatdan satılır. Satıcı deyir ki, ən çox satılan bəzək əşyaları yolka, şaxta baba və at suvenirləridir: "2014-cü il at ili olduğu üçün alıcılar daha çox bu fiqurlara üstünlük verirlər". Satıcı Elnurun sözlərinə görə, yolkaların baha olmasının səbəbi onların ölçüsü və istehsal olunduğu ölkə ilə bağlıdır: "Çin istehsalı yolkalar və oyuncaqlar digərlərinə nisbətən ucuz olur. Təbii ki, onların keyfiyyətlərində də müəyyən fərqlər var".
"Oyuncağın yerinə
yolkadan konfet asırıq"
Ucuz yolka oyuncağı axtaran alıcı Nuridə Əliyeva digər alıcılar kimi qiymətlərdən şikayətlənir: "Yeni il oyuncaqları çox bahadır. 6 şarikə 10 manatdan çox pul istəyirlər. Hələ ötən il 45 manata fransız şarikləri var idi, o şariklərin ucbatından adi oyuncaqları da fransız şariki adına satırdılar. Ona görə, oyuncaq almıram, elə zərlərlə bəzəyirəm. Oyuncaqları bəyənmirəm, köhnə oyuncaqlar gözəl idi indi onlardan satışda tapa bilmirəm. İndikilər elə yolkanın üstündə qırılır, bu ildən o biri ilə salamat çıxmır".
Alıcı Günay Həsənova isə bizimlə söhbətində bildirdi ki, 4-cü ildir ki yeni il oyuncağı almırlar : "Yerinə konfetlər asırıq. Köhnə oyuncaqlar qırılandan sonra yeni oyuncaqları asmaq istəmədik və 4-cü ildir ki, şokolad konfetləri yolkadan asırıq. Bu həm oyuncaqdan da maraqlı gəlir həm də gözəl görünür. Zərlər bahadır bu il 1 zəri 1 manat 10 qəpiyə almışıq. 5 zər almaq üçün 10 manat verəsi oluruq. Yolka üçün pambıqdan hazırlanmış süni qarların da bir bağlaması 4 manatdır. Oyuncaqların qiyməti ilə maraqlanmamışıq amma onlar da ucuz olana oxşamır".
Satışda partlayıcı
maddələr yoxdur
Müşahidələrimiz zamanı məlum oldu ki, baş çəkdiyimiz dükanlarda partlayıcı maddələrə, fişənglərə rast gəlmədik. Səbəbini satıcıdan soruşduqda isə, o bildirdi ki, bu il belə maddələrin satılmasına icazə verilmir: "Deyilənə görə, bu maddələrin satışına yalnız dekabrın 30-u icazə veriləcək. Əks təqdirdə, bunu icazəsiz satanlar cərimələnir".
Qeyd edək ki, xarici ölkələrdə təkcə pirotexniki vasitələr deyil, küknarlar və uşaq oyuncaqları da keyfiyyət sertifikatı olmadan satışa buraxılmır. Bizdə bunlar pərakəndə şəkildə satılır.
Aygün Əziz
Digər Xəbərlər
2024-12-24 14:35:00
2024-12-24 14:05:11
2024-12-24 13:58:35
2024-12-24 13:57:23
2024-12-24 13:45:50
2024-12-24 13:37:15
2024-12-24 12:47:00
2024-12-24 12:36:00
2024-12-24 12:35:42
2024-12-24 12:32:00
2024-12-24 12:20:00
2024-12-24 12:15:00
2024-12-24 11:57:08
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00