"Hafka"nın şirkətində "ixtisar üsyanı"
11:55 08-01-2014
CƏMİYYƏT
"Hafka"nın şirkətində "ixtisar üsyanı"
"Bahar"da işdən çıxarılan fəhlələri aldadırlar?
"Hafka" kimi tanınan azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Bahar" neft-qaz çıxarma əməliyyat şirkətində ixtisarlar narazılıq yaradıb. Hazırda şirkətdən azad olunan fəhlələrlə şirkət rəhbərliyi arasında danışıqlar gedir.
Şirkətin icraçı direktoru Əmir Mahmudzadə işdən azad edilən 100-ə qədər fəhləni qəbul edib. İlkin məlumatlara görə, şirkət rəhbərliyi fəhlələrə azad edilənlərin siyahısının bir daha nəzərdən keçiriləcəyini və tədbirlər görüləcəyini vəd edir. Verilən vədlərdən belə başa düşmək olar ki, bütün fəhlələr yox, sosial durum baxımından ehtiyacı daha çox olan fəhlələrin yenidən işə qəbul edilmələri ehtimalı var.
Yazı çapa hazırlanarkən şirkətin icraçı direktoru ilə fəhlələrin görüşü davam etdiyindən təfərrüatlı bilgilər əldə etmək mümkün olmadı. Amma Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin (NHMK) sədri Mirvari Qəhrəmanlı şirkət rəhbərliyinin bu vədlərini "baş aldatmaq" adlandırıb.
Xatırladaq ki, "Bahar" şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "Qum adası" NQÇİ-nin bazasında yaradılıb. Bəzi məlumatlara görə, "Bahar" biznesmen Hafiz Məmmədova məxsusdur. Bir müddət öncə o, Fransanın Lans futbol klubunu alıb. Lakin Fransa polisində klubun alınmasına sərf edilən vəsaitin qanuniliyi ilə bağlı şübhə yaranıb.
"Unikal" olaraq onu da bildirək ki, Hafiz Məmmədovun nəzarətindəki həmin şirkətin adı Azərbaycan mətbuatının gündəminə ilk dəfə 5 il əvvəl, həm də az qala "bomba effekti" yaradaraq düşüb. Belə ki, 2009-cu ilin əvvəllərində məlum olub ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə "Bahar Energy Ltd." şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Bahar" və "Qum-Dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalanıb. Həmin vaxt bildirilib ki, bu müqavilə Azərbaycanın xarici şirkətlərlə imzaladığı 28-ci analoji kontraktdır.
Sözügedən müqavilənin imzalanması ciddi səs-küyə səbəb olub, belə ki, araşdırmalar nəticəsində aydınlaşıb ki, "Bahar Energy Ltd." şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Cəbəl Ali" azad iqtisadi zonada qeydiyyata alınıb. Bu isə şirkətin şəffaflığı ilə bağlı ciddi şübhələrə yol açıb.
Onu da deyək ki, "Hafka"nın adıçəkilən şirkətində işçilərin hüquqlarının pozulması ilə bağlı davamlı məlumatlar gəlməkdədir. Hələ ötən ilin sonlarında bildirilirdi ki, Dövlət Neft Şirkəti və onun ətrafında ixtisar və ləğvetmə adı altında anormal hadisələr baş verir. Qeyd edilirdi ki, istənilən halda ölkənin əmək qanunvericiliyinin təməl tələbləri pozulub. "Qum adası Neft-Qaz Çıxarma İdarəsinin bazasında "Bahar" əməliyyat şirkəti bu sırada öndə gedir. Belə ki, idarənin yerində yeni bir qurum yaradılırsa və ya mülkiyyətçi dəyişirsə əmək müqavilələri dəyişə bilməz. Amma "Bahar" əməliyyat şirkəti başçıları fəhlələrin müddətsiz müqaviləsini 1 il müddətinə salmaqla əmək qanunvericiliyini pozdular və pozmaqda da davam edirlər" deyə ilsonu yayılan məlumatlarda vurğulanırdı.
Maraqlı burasıdır ki, indi Hafiz Məmmədovun şirkətinin rəhbərliyi həqiqətən geri addım ataraq ixtisar adı altında 100-ə yaxın işçisinin pozulan əmək hüquqlarını bərpa edəcək, yoxsa bu sadəcə, vəd olaraq qalacaq.
Bir daha vurğulayaq ki, "Bahar Energy" şirkətinin səhmlərinin 66 faizinə "Hafka" kimi tanınan iş adamı Hafiz Məmmədovun rəhbəri olduğu "Baghlan Group" nəzarət edir. Səhmlərin qalan hissəsi ABŞ-ın Texas ştatında qeydiyyatdan keçən "Greenfields Petrolium"adlı şirkətə məxsusdur. "Bahar Energy" 2009-cu ildə Xəzərdəki "Qum dəniz" və "Bahar" yataqlarının istismarına dair ARDNŞ-lə müqavilə bağlayıb. O vaxtdan dəfələrlə şirkətin işçilərinin rəhbərlikdən narazılığı baş qaldırıb. Sonuncu dəfə isə ötən ilin sonuna doğru H.Məmmədov təxminən 100-ə yaxın işçini ixtisara salaraq onlara Yeni İl "sürprizi" edib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00