Köhnə "müttəfiqlər"in yeni qovğası
11:57 08-01-2014
CƏMİYYƏT
Köhnə "müttəfiqlər"in yeni qovğası
AXCP Müsavatın müttəfiqlik təklifini rədd etdi
Müsavat Partiyasının son zamanlar digər siyasi qurumlarla əməkdaşlıq barədə apardığı danışıqlar fiaskoya uğramaqdadır.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı zamanında bildirmişdi ki, "Danışıqlara başlamaqda məqsəd kimin bizimlə, kimin bizimlə olmayacağını dəqiqləşdirməkdir".
İlk baxışdan bu fikir çox qəribə görünürdü. Çünki Müsavat Partiyası hələlik fəaliyyətini dondurmuş İctimai Palata çərçivəsində AXCP ilə müttəfiqlik münasibətlərindədir. Digər tərəfdən isə radikal müxalifətin daha iriformatlı birliyi olan Milli Şurada da həm bu qurumla, həm də digər siyasi qurumlarla müttəfiqlik münasibətlərindədir.
Müsavatın bu danışqılara başlamasının əsil səbəblərini araşdırmazdan əvvəl qeyd etməliyik ki, Milli Şuraya daxil olan qurumlar ötən ilin payızında prezident seçkilərini uduzduqdan sonra mətbuata verilən açıqlamalarda bildirmişdi ki, qarşıdan parlament seçkiləri gəldiyinə görə Milli Şura buraxılmamalıdır və seçkilərə hazırlaşamaq istiqamətində iş aparılmalıdır.
Bununla belə, Müsavat Partiyası elə həmin quruma daxil olan siyasi partiyalarla gələcək müttəfiqliklə bağlı danışıqlara başlamışdı. Mətbuatdan məlum olduğu kimi, danışıqlara cəlb edilmiş qurumların, demək olar ki, hamısı Müsavatın müttəfiqlik təklifinə rədd cavabı verib. Nida vətəndan hərtəkatı, El hərəkatı və ardınca isə AXCP müttəfiqlik təklifini rədd etdi. Bu qərar AXCP Rəyasət Heyətinin yanvarın 6-da keçirilmiş iclasında qəbul olunub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, Rəyasət Heyətinin iclasında Müsavat partiyasının əməkdaşlıq sazişi haqqında təklifi də müzakirə olunub və qəbul edilməyib: "Hesab edirik ki, müttəfiqlik və əməkdaşlıq Milli Şura çərçivəsində davam etməlidir. Hazıırda Milli Şuradan kənarda hər hansı əməkdaşlığa ehtiyac duymuruq".
Ekspertlərin fikrincə, Müsavat Milli Şuradan kənarlaşsa, yaxud da bir qədər məsafə saxlasa, Milli Şura faktiki olaraq AXCP-nin dominantlığı üzərində qurulan bir quruma çevrilir. Belə bir şəraitdə AXCP üzvləri sosial şəbəkələrdə, qəzetlərdə Müsavata qarşı sərt kampaniyanı davam etdirəcəklərsə, faktiki olaraq Milli Şuranın mövcudluğu da sual altında qalır.
Müşahidə olunan budur ki, Müsavat Partiyası Milli Şuranı tərk etsə, Milli Şura bir partiyanın monopoliyasına düşəcək. Bu isə ona gətirib çıxara bilər ki, demokratik düşərgə yenidən iki əsas tərəfə parçalana bilər. Biri Müsavat və ona yaxın qurumlar, şəxslər, ikincisi isə AXCP və onun ətrafı. Milli Şuradakı ümumi mənzərə isə bunu deməyə əsas verir ki, proseslər məhz bu istiqamətə gedir. Kənardan baxanda hansı variantın cəmiyyət və demokratik proseslər üçün məqbul olduğunu söyləmək çox çətindir. Bu iki partiyanın süni, müvəqqəti birliyi yaxşıdır, yoxsa hər partiyanın öz yolu ilə getməsi? Bu suala birmənalı cavab vermək çətindir. Dəqiq olan odur ki, bu iki partiya arasında münasibət belə davam edəcəksə, bu, Milli Şuranı fiaskoya aparacaq. Yaxın zamanlarda vəziyyət dəyişməsə, çətin ki, Müsavat Milli Şurada qala bilər. Belə getsə, Milli Şura bir partiyanın dominant olduğu seçki bloku şəklinə düşə bilər. Bu isə demokratik qüvvələrin Milli Şurası ideyasına cavab verməyəcək. Yaxın bir ay ərzində yaranmış indiki vəziyyətə tam aydınlıq gələcək. Bəlli olacaq ki, Müsavatla AXCP-nin yolları tam ayrılır, yoxsa onlar konsensusa nail ola bilirlər.
Ekspertlər isə bu baxımdan bədbin proqnoizlar verirlər: hələlik bu konsensus görünmür.
Müsavatın funksionerləri isə başqa bir məsələdən əndişələnirlər. Onlar hesab edirlər ki, AXCP-nin bəzi funksionerləri Müsavat başqanı İsa Qəmbərin siyasi səhnədən getməsi və Əli Kərimlinin birləşmiş partiyanın lideri olması istiqamətində çalışırlar.
Müsavat funksionerlərinin bu narahtlığına əsas verən amil isə AXCP sədri Əli Kərimlinin bu iki partiyanın birləşməsi barədə gündəmə atdığı ideyadan qaynaqlanır.
Məlum olduğu kimi, Müsavat Partiyasının hələ də keçirilməmiş qurultayında yeni başqan seçilməlidir. Yeri gəlmişkən, müsavatçılar qurultayın yubanmasını iqtidarın üzərinə yıxaraq bildirirlər ki, "İqtidar qurultayın keçirilməsi üçün münasib yer ayırmır".
Amma müşahidəçilər hesab edirlər ki, yer məsələsi bəhanədir, müsavatçılar İsa Qəmbərin başqanlıqda qalması üçün vaxt udmaq niyyətində olduqları üçün qurultayı qəsdən yubadırlar.
Ekspetlər nə düşünürlər?
Tanınmış politoloq Zərdüşt Əlizadə "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Kiminsə hansısa mövzuda kiminləsə danışıqlar aparmasında heç bir qəbahət yoxdur. Amma məsələ tamam başqa baxımdan qəribə görünür. Çünki Azərbaycanda sözün klassik mənasında siyasi proseslər, siyasi həyat yoxdur. Buna görə də kimin hansı məqsədlə hansı danışıqları aparması təəccüblü görünür. Mən dəfələrlə demişəm və yenə də təkrar edirəm: Azərbaycanda müxalift adlı bir sistem yoxdur. Fikrimi daha eda dəqiləşdirmək istəyirəm - ölkədə ümumən siyasi qurumlar yoxdur. Müxalifət o qədər zəifdir ki, onu təmsil edən qurumlarn hansısa format daxilində birləşməyi və yaxud ayrılmağı heç nəyi dəyişdirməyəcək. Bu müxalifət öz potensialını tamamilə tükədib və gələcək perspektivdə nəyəsə nail ola biləcəyinə heç bir ümid yoxdur".
Politoloqun sözlərinə görə, "Ölkənin iflic olmuş və atrofik vəziyyətə düşmüş siyasi həyatını meydanda olan müxalifət partiyalarının dirçəldəcəyinə güman yoxdur. Bu ağır durumun yeganə çıxış yolu indiki müxalifət liderlərinin və funksionerlərinin tam şəkildə siyasi səhnədən çəkilməsindədir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərlinin "Unikal"a dediyinə görə, "Görünən budur ki, həm Müsavat Partiyasının, həm də ümumən digər müxalifət qurumlarının mənsubları indiki vəziyyətdə sadəcə başlarını itiriblər və nə edəcəklərini kəsdirmək zorunda deyillər. Mənə elə gəlir ki, onlar ümumiyyətlə siyasi oriyentiri itiriblər. Bu da ondan irəli gəlir ki, müxalifət liderləri ölkədəki və ümumən dünydakı siyasi reallıqları düzgün qiymətləndirə bilmirlər. Nəticədə taktiki və strateji yanlışlıqlar qeydə alınmağa başlayır".
Sədr müavininin sözlərinə görə, "Müsavatla AXCP İctimai Palatadakı münasibətlərinə aydınlıq gətirə bilmədi və bu həllolunmazlığı Milli Şuraya transfer etməli oldu. İndi məlum olur ki, onların qrup maraqlarını hər şeydən üstün tutmaları bu qurumun daxilində də kritik vəziyyət yaradıb. Bu adamlar səmimi şəkildə birləşmək xatirinə öz iddialarından keçə bilmirlər. Problem bundadır".
Müsavatın hədəfi
Yazının əvvəlində qeyd etdiyimiz kimi, indi isə Müsavat Partiyasının bu cür dolaşıq danışıqlar aparmasının səbəbi barədə.
Müşahidəçilərin fikrincə, Müsavat Partiyası Milli Şuranın üzvlüyündən getməyi planlaşdırır və sözügedən danışıqlar daha bir tutarlı bəhanə əldə etmək üçündür.
Müşahidəçilər qeyd edirlər ki, Müsavat Partiyası parlament seçkilərinə təkbaşına getmək niyyətindədir və hətta bu seçkilərdə konkret nəticələr, yəni mandatlar əldə etmək üçün hakimiyyətlət danışıqlar aparmağa da hazırlaşır.
Bu fikrin nə dərəcədə həqiqət olub-olmadığını söylməyə çətinlik çəkirik. Lakin radikal müxalifətin daxilində Müsavatın təşəbbüsü ilə başlayan danışıqlar daha bir yolayrıcının başlanğıcını qoydu. Cəmiyyətin isə müxalifətdən gözlədiyi tamamilə başqa nəticələr olub. Təəssüflər ki, 1993-cü ildən bəri bu gözləntilər heç zaman doğrulmayıb...
Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00