Rusiya miqrant problemini kəskinləşdirir
11:58 08-01-2014
CƏMİYYƏT
Rusiya miqrant problemini kəskinləşdirir
Millətçilik dalğası və dövlət səviyyəsində gerçəkləşdirilən şovinizm Rusiyanı hara aparır?
Rusiyanın Volqoqrad şəhərində baş vermiş terror aktından sonra bu ölkədə miqrantlara qarşı münasibətin daha da pisləşəcəyi barədə fikilər səslənməkdədir. Rusiya Avropa İnstitutunun eksperti Sergey Abaşinin sözlərinə görə, "Bu hadisələr ümumi ksenofobiyanı daha da gücləndirəcək. Ölkənin ən həssas problemi olan miqrantlara münasibət daha da pisləşəcək".
Bəs Rusiyada son zamanlar baş qaldırmış millətçilik dalğası və dövlət səviyyəsində gerçəkləşdirilən şovinizm nəyə doğru aparır?
Azərbaycan Demokrat Parrtiyasının sədri Sərdar Cəlaloğlu "Unikal"a açıqlamasında bildirdi ki, "Rusiyada miqrantlara münasibətin pisləşməsinin təməlində bu dövlətin yürütməkdə olduğu xarici və daxili siyasət durur. Məlumdur ki, vaxtilə Birləşmiş Ştatlar müəyyən məqsədlər üçün Ben Ladeni terrorçu kimi yetişdirib. Amma o, sonradan Amerikanın özünə qarşı yönəlmiş silaha çevrildi. Yəni terrora verilən dövlət dəstəyi həmişə bumeranq effekti yaradıb. Hazırda eyni aqibəti Rusiyada yaşamaqdadır və bu da təbiidir. Çünki Rusiyanın sələfi olan SSRİ vaxtilə üçüncü dünya ölkələrtində çoxlu terror təşkilatları yaratmışdı. Bu qurumlardan bəziləri indi də fəaliyyətdədir. Rusiya da bu ənənəyə sadiq qaldı. Dağlıq Qarabağ problemi ilə bağlıAzərbaycanın başına gətirilən oyunların əsas müəllifi Rusiyadır. Kremlin birbaşa və yaxud dolayı şəkildə iştirakı ilə ermənilər Azərbaycan ərazisində çoxlu sayda qanlı terrorlar törətdilər. Nəticəsi nə oldu? Çeçenlər Rusiyaya eyni şəkildə cavab verməyə başladılar. Rusiya hazırda Suriyada Əsəd rejiminə dəstək verir. Bəşər Əsəd isə öz xalqını teror etməklə məşğuldur. Rusiya isə bunun cavabını artıq ölkə daxilində almağa başlayıb".
Partiya sədrinin sözlərinə görə, "Miqrant problemi dünyanın bütün dövlətlərində mövcuddur, amma bu dövlətlərin heç birində Rusiyadakı qədər miqrantlara qarşı qəddar şəkildə davranılmır. Hətta artıq dünyada miqrantlardan ibarət dövlətlər yaranıb. Götürək, Birləşmiş Ştatları. Bu dövləti quranlar elə miqrantlar olub və bu gün də Amerikaya miqrant axını davam etməkdədir. Almaniyada hazırda on milyona qədər miqrant yaşayır, lakin orada bunu başağrısına çevirəcək həddə qədər şişirtmirlər. Rusiyada isə əksini müşahidə edirik. Rusiya miqrant problemini daxili siyasətin spekulyativ elementinə çevirib və bundan keçmiş sovet respublikalarına qarşı sui-istifadə edir. Lakin yenə də əks effekt meydana çıxır. Volqoqradda terror törədən şəxsin rus millətindən olması da qanunauyğundur ".
Cəlaloğlu hesab edir ki, bu gün Rusiyada miqrantlara qarşı yürüdülən siyasət birinci növbədə bu dövlətin özünə böyük ziyan verəcək: "Dini və milli ayrı-seçkilik Rusiyanın hazırkı dövlət siyasətinin tərkib hissəsidir və bu olduqca qorxulu tendensiyadır. Rusiya hökuməti bu tendensiyanın qarşısını almasa, gələcəkdə Rusiyanın özünün parçalanması qaçılmaz şəkildə gündəmə gələcək".
Milli Dirçəliş Hərəkatının (MDH) rəhbəri, millət vəkili Fərəc Quliyevin "Unikal"a verdiyi açıqlamaya görə, "Rusiyada əvvələr də miqrantlara qarşı soyuq münasibət və bundan törəyən münaqişələr qeydə alınırdı. Lakin son hadisələr göstərir ki, bu ayrı-ayrı meyllər artıq dövlət siyasətinin zəruri elementinə çevrilməyə başlanıb. Dövlət Duması səviyyəsində qəbul edilmiş bir sıra qanunlar sübut edir ki, bu ölkədə miqrantlara qarşı başlanmış təzyiqlər və ayrı-seçkilik yanaşmaları birbaşa dövlət tərəfəindən sanksiyalaşdırlır. Bu siyasətin gerçəkləşdirilməsində əsas məqsəd postsovet respublikalarına və Şərqi Avropa dövlətlərinə yönəlik təzyiqləri artırmaqdır".
Millət vəkilinin müşahidəsinə görə, "Hazırda Rusiyadakı iki yüz əlli minə qədər soydaşımız risk qarşısındadır və onların hər an bu ölkədən çıxardılmaq təhlükəsi mövcuddur. Fikrimcə, bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti önləyici tədbirlər görməlidir. Yəni müvafiq hökumət strukturlarımız Rusiyanın uyğun qurumları ilə danışıqlara başlamalı və səmərəli nəticələrin əldə edilməsinə cəhd etməlidir".
Milət vəkili həm də hesab edir ki, Rusiyadakı miqrant soydaşlarımız da bu dövlətin qanunlarına hörmətlə yanaşmalı və öz hüquqlarını qorumaq üçün qanunvericiliyin yarada bildiyi imkanlara yaxşı bələd olmalıdırlar.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-23 19:20:35
2024-12-23 19:01:44
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40