Tağı Əhmədovla bağlı 2 milyon manatlıq şübhə
12:00 22-01-2014
CƏMİYYƏT
Tağı Əhmədovla bağlı 2 milyon manatlıq şübhə
Və ya cibimizin pulunun Bakı metrosundakı sirri
Bakı metrosunda artıq xeyli müddətdir gedişhaqqı kart sistemi ilə ödənilir. Vətəndaşlar kartı iki manat depozit qoymaqla əldə edir, lazım olmayanda isə metropolitenə qaytararaq pullarını geri alır. Nəzərə alsaq ki, metrodan 1 milyondan artıq istifadəçi var, bu zaman metro kartı üçün qoyulmuş depozitin 2 milyon manatdan artıq olduğunu müəyyənləşdirmək o qədər də çətin deyil. Maraqlıdır, bu məbləğ hansı məqsədlər üçün istifadə olunur?
Ekspertlər hesab edirlər ki, metroda gediş kartı kifayət qədər baha qiymətə təklif olunur. Məsələn, iqtisadçı Vüqar Bayramov bildirdi ki, dünya praktikasında metroda gediş kartının 2 manata satılması mexanizmi yoxdur. Onun sözlərinə görə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşdan depozitin tələb olunmasını iqtisadi baxımdan əsaslandırmaq düzgün deyil: “Vətəndaş nəyə görə depozit verməlidir. Onsuz da, nəqliyyatdan istifadə edir və buna görə də ödəniş edir. Nəqliyyat sektoruna əlavə vəsaitin cəlb edilməsi və ya yığımların artırılması üçün cüzi depozitin tətbiqi mümkündür”.
İqtisadçının fikrincə, Azərbaycanda tətbiq edilən depozit məbləği olduqca böyükdür. Nəzərə alsaq ki, ölkədə bir milyondan artıq vətəndaş metrodan, bir neçə milyonu ictimai nəqliyyatdan istifadə edir, burada söhbət bir neçə milyonla ifadə olunan depozitdən gedir. Bütün hallarda bu depozitlərin məbləği kifayət qədər yüksəkdir. Nisbətən kiçik depozitlərin tətbiqinə ehtiyac var.
“Kart üçün vətəndaşlardan alınan depozit məbləğ hansı məqsədlər üçün istifadə olunur?” sualı ilə Bakı metropoliteninin rəsmisinə müraciət edilib, amma qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva milli.az-ın sualını dinlədikdən sonra saat 16:45 olmasına, yəni iş vaxtının bitməsinə hələ müəyyən müddət qalmasına baxmayaraq “Bilirsiz, iş vaxtı bitib, yolum isə uzaqdır, Sumqayıta getməliyəm” deyərək dəstəyi asıb.
Tağı Əhmədovun idarəsindən məlum mövzu ilə bağlı sualın cavablandırılması istənilməməsi istər-istəməz haqqında danışılan depozit pullarının taleyi ilə bağlı narahatlıqlar üçün əsas yaradır. Belə çıxır ki, istər ekspertlərin iradları, istərsə də bu pulların sonrakı taleyi ilə bağlı şübhələr heç də xəyal məhsulu deyildir. Əks halda Bakı Metropolitenindən bu mövzu ilə bağlı suallara aydınlıq gətirməyə niyə həvəssiz yanaşıb maraq göstərməsinlər ki?!
Onu da deyək ki, son vaxtlar Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun yalnız müstəqil deyil, hökumətə yaxın KİV-lərdə də tənqid edilməyə başlaması təsadüfi görünmür. Böyük ehtimalla artıq metropoliten rəhbərliyində dəyişikliklərin, kadr islahatlarının vaxtının çatdığına dair qənaətlər güclənir və belə mümkün dəyişikliklərə hazırlıq kimi də Əhmədovun ünvanına ciddi irad və qınaqlar səslənməyə başlayır. Bunu adının çəkilməsini istəməyən məlumatlı mənbə qəzetimizin əməkdaşı ilə söhbətində bildirib.
Tağı Əhmədovla bağlı narazılıqların qüvvətlənməsinin iki əsas səbəbi göstərilir. Bunun biri onun davamlı şəkildə müxtəlif mətbuat orqanları ilə ixtilaf yaşaması və sonda bu ixtilafların metropoliten rəisinin ictimai rəydə xoş görünməyən obrazının yaranması ilə yekunlaşmasıdır.
İkinci və önəmli səbəb isə son vaxtlar Bakı Metropolitenində nasazlıqların adiləşməyə başlamasıdır. Bu sıraya maliyyə məsələləri ilə bağlı hansısa şübhələrin əlavə edilməsi isə Bakı Metropoliteninin rəhbərliyində gözlənilən və arzuedilən rəhbər dəyişikliklərini bir az da tezləşdirə bilər.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49